Məhbusdan şok məktub

Aqşin Mehdiyev Ucar polisi ilə bağlı dəhşətli faktların üstünü açdı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Aqşin Mehdiyev qəzetimizə məktub göndərib. Məktubda deyilir:
“Ucar rayon polis şöbəsinin rəisi Tahir Quliyev, onun 1-ci müavini Ilham Əhmədov və rayon məhkəməsinin hakimi Çingiz Isgəndərovun əlbir olaraq ”Kurtlar vadisi” adlı cinayətkar dəstə yaratmaları barədə mətbuatda yazılar gedir. Mən də həmin dəstənin qurbanıyam. Ucarın polis şöbəsində qondarma cinayət işində günahsız insanların əleyhinə yalan ifadə verməyə məni həmişə bu cinayətkar dəstə vadar edib. Əks-təqdirdə məni hədələyirdilər. Elə buna görə də CM-in 315.1 maddəsiylə məni şərləyib Ucar məhkəməsinin 30.11.2011-ci il tarixli hökmüylə 1 il, 6 ay müddətinə azadlıqdan məhrum etdilər. Guya mən Ucar RPŞ-nin bir neçə əməkdaşına hücum etmişəm. Onlar paqonlarını qoparıb, sonra da məni şərləyib həbs etdilər. Səbəb isə rayon sakini Fuad Hüseynovun  əleyhinə yalan ifadə verməyə məcbur edilməyimi etiraf edəcəyim barədə danışmağım oldu. Bir neçə yerdə dedim ki, F.Hüseynovun rayon məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə keçiriləcək məhkəmə iclasında etiraf ifadəsi verib həqiqəti söyləyəcəyəm. Guya F.Hüseynov 03 iyul 2010-cu ildə rayon poçtunun qarşısında Azad Hüseynov və Akif Səfərov adlı şəxsləri bıçaqla vuraraq söyüb, təhqir edib. Ucar RPŞ-nin rəis müavini I.Əhmədov məni məcbur etdi ki, F.Hüseynovun əleyhinə şahid kimi yalan ifadə verim. Sonra Bakıya gedib etiraf ərizəsi yazaraq ibtidai istintaqı aparan rayon müstəntiqinə, prokurora, baş prokurora, DIN-ə, ölkə başçısına, ombudsman və sair ünvana məktub göndərdim. Bundan sonra məni tutaraq həmin etiraf ərizəsini yazmadığım, onun yalan olması barədə Ucar RPŞ-də məndən hədə-qorxu, işgəncə ilə yalan ifadə aldılar.
F.Hüseynovun məhkəməsində 20 nəfər polisin müşayiəti ilə yalan ifadə verməyə məcbur edildim. Həbs olunandan sonra həmin vaxt saxlandığım 2 saylı istintaq təcridxanasından etiraf ərizəsi yazaraq Şirvan apelyasiya məhkəməsinə göndərib Fuadın apelyasiya şikayəti üzrə keçirilən məhkəmə iclasında dindirilməyimi xahiş etdim. 07.02.2012-ci lidə Şirvan apelyasiya məhkəməsində keçirilən iclasda şahid kimi dindirilib Ucar RPŞ-nin rəis müavini I.Əhmədovun təzyiqi, hədə-qorxusu ilə yalan ifadə verməyə məcbur olunduğumu göstərdim və həqiqəti söylədim.
Indi rahatlanmışam, günahsız insanın əleyhinə yalan ifadə vermək məni çox narahat edirdi. Ucar RPŞ-nin rəisi T.Quliyevin, onun müavini I.Əhmədov və hakim Ç.Isgəndərovun yaratdığı cinayətkar dəstə rayonda insan, narkotika, silah alveri ilə, cinayətkarları himayə etməklə məşğuldur. Indiyə qədər çox insanı şərləyərək həbs ediblər. Onlar pritonları özləri himayə edir, rayon ərazisində narkotik satdırırlar. Ilham Əhmədov özü narkotik qəbul edir. Mətbuat vasitəsilə dövlət başçısına və bütün səlahiyyətli qurumlara müraciət edib göstərdiyim faktların araşdırılmasını və həmin cinayətkar dəstə barədə tədbir görülməsini xahiş edirəm. Mənim azyaşlı övladım var, qeyd etdiyim şəxslər kimi narkoman və korrupsioner deyiləm. Mən təqsirsiz insanın əleyhinə yalan ifadə verdiyimi etiraf etdiyim üçün şərlənərək həbs edilmişəm. Xahiş edirəm, bu barədə lazımi tədbir görün”.
Yazıda adı hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Sosial şöbə