Yerli və beynəlxalq qurumlardan jurnalistə dəstək davan edir
“Onu ləkələmək istəyənlər onsuz da məğlub olublar”
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl Baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi göndərib. X.İsmayıl bildirib ki, hüquq-mühafizə orqanlarından tələbi şantaj məktubu göndərənlərin tapılıb cəzalandırılmasıdır. X.İsmayıl şəxsi həyatına müdaxilədən şikayət edir. Şəxsi həyatın toxunulmazlığını pozma isə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 156-cı maddəsinə (Şəxsi həyatın toxunulmazlığını pozma) görə, bu əməli törədənlər yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə ona üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilə bilər.
“Hakimiyyət öz tənqidçilərini susdurmaq istəyir”
İctimai Palata jurnalist X.İsmayılın şantaj və təhdid olunmasının onun peşə fəaliyyəti ilə bağlı olduğuna şübhə etmir. İP-in qəbul etdiyi bəyanatda jurnalistin şantaj və təhdid olunması Azərbaycan hakimiyyətinin öz tənqidçilərini susdurmaq cəhdi kimi qiymətləndirilib. Qurum hesab edir ki, X.İsmayıla qarşı şantajın xarakteri və onun bundan sonra da tutduğu prinsipial mövqe jurnalistin həyatına real təhlükənin ola biləcəyini deməyə əsas verir. Bəyanatda vurğulanır ki, baş verə biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyəti bilavasitə dövlət başçısı İlham Əliyev daşıyır. Bəyanatda İctimai Palata Azərbaycan ictimaiyyətini Xədicə İsmayılın fəal müdafiəsinə və hakimiyyəti kəskin şəkildə qınamağa da səsləyib.
ABŞ-dan növbəti təpki
Mərkəzi qərargahı ABŞ-da olan Jurnalistləri Müdafiə Komitəsi X.İsmayıla qarşı hədələri pisləyib. “Azadlıq” radiosunun məlumatına görə, qurumun Avropa və Mərkəzi Asiya proqramlarının koordinatoru Nina Oqnyanova etirazını belə ifadə edib: “Biz həmkarımız Xədicə İsmayılı susdurmaq üçün intim taktikasından istifadə edilməsini eşidib dəhşətə gəldik. Azərbaycan hakimiyyətini onun təhlükəsizliyinə zəmanət verməyə və cinayətkarları ədalət mühakiməsinə gətirməyə çağırırıq. Xədicə İsmayılova Azərbaycanın ən cəsarətli və azad jurnalistlərindən biridir. Onu ləkələmək istəyənlər onsuz da məğlub olublar”.
Mətbuat Şurası baş verənləri təzyiq adlandırdı
“Hər hansı jurnalistə qarşı mənəvi-psixoloji zəmində bu cür əməllər həyata keçirilirsə, bunun özü də təzyiqin bir formasıdır”. Bunu, Mətbuat Şurasının sədri Əflatun Amaşov X.İsmayıla qarşı şantaj əməlinə münasibət bildirərkən bunları deyib. O, “Yeni Müsavat”a açıqlamasında bildirib ki, rəhbəri olduğu qurum hər zaman belə hərəkətlərə qarşı çıxıb: “Bizim əsas məramımız jurnalist üçün heç bir fiziki-mənəvi təzyiq olmadan normal şəraitin yaradılmasıdır. Bu halda Xədicə İsmayılın haqqında söz açdığı məsələ də çox ciddi olaraq araşdırılmalı, öz hüquqi qiymətini almalıdır. Çünki istənilən məqamda bu sayaq hallar nəinki jurnalistin özünün, eləcə də digərlərinin peşə fəaliyyətinə təsirsiz ötüşmür”.
Ə.Amaşov deyib ki, Mətbuat Şurasına bu olayla bağlı hər hansı müraciət daxil olmayıb: “Amma bildiyimizə görə, Xədicə İsmayıl Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib. Mən də bu gün həmin qurumların rəhbər nümayəndələri ilə əlaqə saxladım. Biz bu işi izləyirik”.
Mətbuat Şurasının sədri bildirib ki, rəhbəri olduğu qurumun məramı bu işin sona qədər araşdırılmasıdır.
Hökumətdən də reaksiya gəldi
Məsələyə hökumətdən də reaksiya gəlib. Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova “Media forum” açıqlamasında bu hadisədə hökumətin əlinin olduğunu inkar edib: “Mən ümumiyyətlə dövlət səviyyəsində hər hansı bir şəxsə qarşı yönəlmiş planlı işin hazırlandığını, bunun ola biləcəyini qəbul etmirəm. Dövlət belə işlərlə məşğul olmur. “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılla bağlı baş verənlərdən ətraflı məlumatım yoxdur. Bu məsələni geniş şərh edə bilməyəcəm. Məsələnin mahiyyətindən tam məlumatlı deyiləm. Amma onu deyə bilərəm ki, Azərbaycanda dövlət mətbuat orqanlarına yardım edir, borclarını silir. Onların daha geniş fəaliyyət göstərməsi üçün şərait yaradır. Hər hansı bir jurnalistə dövlət səviyyəsində bir işin qurulduğunu, planlaşdırıldığını düşünmək absurddur”.
Hüquqşünaslar bunu əxlaqsızlıq kimi qiymətləndirir
Ölkənin tanınmış hüquqşünasları X.İsmayıla dəstək bəyanatı yayıblar. Bəyanatda deyilir: “Azərbaycanın ünlü yazarlarından olan Xədicə İsmayıl ilə bağlı baş verənlər ölkənin bütün vicdanlı adamları kimi bizdə də hiddət və narahatlıq doğurur. Xədicə İsmayıl Azərbaycan jurnalistikasının aparıcı simalarından birinə çevrilməklə yanaşı, son illər ölkədə güclənən irticaya qarşı cəbhənin ön sıralarında olan ictimai xadimdir. Onun fəaliyyəti və xüsusilə son dövrlərdə ölkənin rəhbərliyinə daxil olan şəxslərin gizli biznes fəaliyyəti ilə bağlı jurnalist araşdırmaları hakimiyyətin çox ciddi narahatlığına səbəb olub. Xədicə İsmayılın adının “Vikileaks” sənədlərində ölkə rəhbərinin nifrət etdiyi jurnalistlərin arasında çəkilməsi də təsadüfi deyil. Biz Xədicə İsmayıla qarşı yönəlmiş hərəkətləri əxlaqsızlıq və cinayət kimi qiymətləndiririk. Səlahiyyətli dövlət qurumlarının baş verənlərə adekvat reaksiyasının olmaması bu iyrənc təxribatın hakimiyyət dəhlizlərində hazırlanması ehtimalını gücləndirərdi.
Biz, Azərbaycanda demokratiya və insan hüquqların bərqərar olması istiqamətində fəaliyyət göstərən aparıcı qeyri-hökumət təşkilatlarının, o cümlədən vətəndaş cəmiyyətinin təmsilçiləri kimi dəyərli ziyalımızın yanında olduğumuzu bildirməklə yanaşı hakimiyyətdən faktla bağlı cinayət işinin qaldırılması və bu cinayətdə təqsiri olan şəxslərin tezliklə müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən jurnalistin təhlükəsizliyinin təmin olunması üçün ən yüksək səviyyədə tədbirlər görməyi tələb edirik”. Bəyanatı İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Əsabəli Mustafayev, Vidadi Mirkamal, Fuad Ağayev, Erkin Qədirli, İradə Cavadova, Natəvan Rüstəmova, Akif Əlizadə, Samir İsayev, Mirəli Hüseynov, Hafiz Həsənov, Ələsgər Məmmədli, Namizəd Səfərov, Xalid Bağırov, Anar Qasımov, Elçin Namazov və Elçin Sadıqov
imzalayıb.
“Bu çirkin təxribatın arxasında xüsusi xidmət orqanları durur”
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) X.İsmayılın şantajla hədələnməsini pisləyib. Qurumun bəyanatında deyilir ki, bu əməl hakim qüvvələrin jurnalisti susdurmaq cəhdidir: “Xədicə İsmayıl Azərbaycan hakimiyyətinin ən yüksək çinli məmurları və onların ailə üzvlərini korrupsiyada süçlayan jurnalist araşdırmalarının müəllifidir və bundan öncə də hakimiyyətyönlü qüvvələrin hədəfinə çevrilirdi. Dəfələrlə iqtidar mediasında Xədicə İsmayıla qarşı qarayaxma və həqiqətə uyğun olmayan yazılar dərc olunub”.
RATİ hesab edir ki, X.İsmayıla qarşı bu çirkin təxribatın arxasında Azərbaycanın xüsusi xidmət orqanları durur: “Vaxtilə bu cür çirkin addımlar müxalifətyönlü “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə, həmin qəzetin maliyyə direktoru Azər Əhmədova, əməkdaşları Natiq Güləhmədoğlu və Qan Turala qarşı həyata keçirilmişdi”.
Bəyanatda Azərbaycan iqtidarına X.İsmayılı şantaj edən şəxsləri müəyyənləşdirib onları məsuliyyətə cəlb etməyə, siyasi sifarişlə həbsə atılan bütün jurnalistləri azad etməyə, Elmar Hüseynovun və Rafiq Tağının qatillərini və bu qətllərin sifarişçilərini tapıb cəzalandırmağa və ifadə azadlığına dözümlə yanaşmağa çağırış yer alır.
Siyasi Azadlıqları Müdafiə Alyansı da (SAMA) Xədicə İsmayılovaya qarşı şantaj və təhdidləri ifadə azadlığına qarşı mənəvi-psixiloci təzyiq kimi qiymətləndirib. SAMA hesab edir ki, X.İsmayıla qarşı bu təhdid və şantajlar onun jurnalist fəaliyyəti, xüsusi ilə də Azərbaycan prezidentinin və onun ailə üzvlərinin biznesləri ilə bağlı yazdığı araşdırma və hazırda üzərində işlədiyi yazılarla bağlı ola bilər. Qurum Azərbaycan rəhbərliyini, ölkənin baş prokurorunu, milli təhlükəsizlik və daxili işlər nazirlərini jurnalistə qarşı təhdid və şantajları araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə cağırıb.
Xatırladaq ki, martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Jurnalistə özünü yığışdırmaq məsləhət görülüb, əks halda rüsvay olacağı bildirilib.


