Yanan binaya görə tutulan sabiq məmur komaya düşüb

Hadisə ilə bağlı sensasion açıqlamalar; Miryusif Mahmudov kimin böhtanına düşüb?

Ötən il mayın 19-da Binəqədidə 16 mərtəbəli yaşayış binasında baş vermiş dəətli yanğına görə məsuliyyətə cəlb olunanlardan biri də 2012-2013-cü illərdə Binəqədi Rayon Icra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzovdur. O, xeyli vaxtdır ki, Penitensiar Xidmətin Müalicəəssisəsində saxlanılırdı.

Azadlıq”a daxil olan məlumata görə, o, iyunun 28-də məhkəmədən aparılandan sonra komaya düşüb. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmənin hazırlıq iclası davam etdirilməli idi. Lakin məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev bildirib ki, təqsirləndirilən şəxslərdən Qəzənfər Novruzov komaya düşdüyü üçün məhkəməyə gətirilməyib. Dövlət ittihamçısı Fərid Nağıyev təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmənin davam etdirilməsini mümkünsüz sayıb və bu səbəbdən proses təxirə salınıb.

Yeri gəlmişkən, bundan əvvəlki məhkəmə prosesində “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov və vəkili sensasion açıqlamalar verib. Bu açıqlamalar yanan bina ətrafında bəzi mülahizələrin həqiqəuyğun olduğunu deməyə əsas verir. Qeyd edək ki, hadisənin ilk günlərində belə bir ehtimal səsləndirildi ki, bina yandırılıb. Daha sonra yanan bina ilə “MTN işi” arasında əlaqə olması barədə məlumat yayıldı.

Miryusif Mahmudovun vəkili Ilhamə Həsənova prosesdə bildirib ki, binanın üzlüyün keyfiyyətsiz və tezalışan olması barədə deyilənlər də həqiqətə uyğun deyil. “Bu material dünyada qəbul edilmiş məhsuldur. Almaniyada binaların 67 faizi, Türkiyədə 72 faizində ”poliuretan” üzlükdən istifadə edilər. Materialın istehsalçısı da Miryusif Mahmudovun təsisçisi olduğu şirkət deyil və onlar sadəcə sifarişdə nəzərdə tutulmuş qaydada üzlük ölçüsündə qəlibləyirlər. Üzlük vurulan zaman da FHN-in müvafiq idarəsi nümunə götürərək, “poliuretan”ın çətin yanan material olması barədə rəy verib. Yəni bu materialın alışması üçün əlavə yandırıcı maddələrin olması zəruridir. Sözügedən binada isə “poliuretan” üzlük cəmi 27 saniyəyə bütün binanı əhatə etdi. Halbuki bu üzlüklərin əlavə yandırıcı maddə istifadə edilmədən o cür sürətlə yanması qeyri-mümkün idi”. Vəkil əlavə edib ki, bu gün Mərkəzi Bank, Kapital Bank və digər çoxsaylı binaların üzləndiyi alkapon materialı “poliuretan”dan daha az oda davamlıdır”.

Həmçinin o da bəlli olub ki, bu işlərə 22 milyon manat xərclənib. Amma bu məbləğ dövlət tərəfindən ödənilməyib.

Miryusif Mahmudovun özü isə bildirib ki, baş verən hadisədə heç bir günahı yoxdur: “Nə mənim, nə burada əyləşən adamların günahı yoxdur. Adam bilsə ki, nəsə günahı var, cəza çəkməsi bir az rahat olar. Amma günahsız yerə 13 aydır zülüm çəkirik. Buradakılar elmlər doktorudur, ziyalıdır, uzun illər dövlətçiliyə xidmət etmiş şəxslərdir. Mənim 51 yaşım var, hələ heç polisdə də işim olmayıb. Amma kiminsə böhtanına görə əzab çəkirəm. Araşdırılsın, əgər günahkar mənəmsə, cavab verərəm. Amma bizim Azərbaycanın bütün böyük dövlət qurumlarından sertifikatımız var…”

Ehtimal etmək olar ki, “kiminsə böhtanına görə əzab çəkirəm” deyən Miryusif Mahmudov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovu nəzərdə tutur.

Çünki Miryusif Mahmudov bunun ardınca bildirir ki, hadisədən 20 dəqiqə sonra MTN əməkdaşları onun ofisinə gələrək əməliyyat keçiriblər. Daha sonra isə özünü MTN-ə aparıblar. “Hamıya bəyan edirəm ki, o materialın yanğına aidiyyatı yoxdur. Mənim ailəmlə birlikdə özümün, qızımın ailəsinin və nəhayət ofisimin binası həmin materialla üzlənib. Yəni bu qədərmi əskik adama oxşayıram ki?..”, – deyə şirkət rəhbəri əlavə edib.

Yada salaq ki, hadisədən bir neçə gün sonra baş nazirin müavini Abid Şərifov mətbuata açıqlamasında istintaqın 10 günə yekunlaşacığını bildirmişdi. Lakin istintaq Abid Şərifovun dediyi müddətdən xeyli sonra başa çatdı. Hələ o zaman “Azadlıq” yazmışdı ki, istintaqın uzanması ifadələrdə sensassion faktların əks olunması ilə bağlıdır. Bu faktlar bir neçə məmura həbs təhlükəsi yaratmışdı. Lakin həmin məmurların həbsi isə hakimiyyətdaxili ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb ola bilərdi.