Martın 9-da Azərbaycan Milli İstiqlal Partiyasının təşkilatçılığı ilə “Azərbaycan və regional təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, dəyirmi masanı giriş sözü ilə açan AMİP sədri Yusif Bağırzadə Azərbaycanın regional güc dövlətləri olan Rusiya və İranın, eləcə də Amerika və Avropanın maraqlarının toqquşduğu məkan olduğunu bildirərək Rusiya və İrandan gələn təhdidlər, regional münaqişələr, Azərbaycan-Türkiyə və Azərbaycan – İran münasibətləri haqqında ətraflı çıxış etdi. O, çıxışında qeyd edib ki, “Nobukko” layihəsinin Azərbaycanın və Türkmənistanın müstəqilliyinin zəmanətidir: “Qonşularımız heç vaxt Azərbaycanın təbii ehtiyatlarının Avropa bazarına rahat çıxmasını istəməyib”.
Daha sonra dəyirmi masa iştirakçıları AXCP sədrinin müavini Razi Nurullayev, “Avroatlantik” Şuranın sədri Sülhəddin Əkbər, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, “Siyasi İnnovasiyalar Mərkəzi”nin rəhbəri Mübariz Əhmədoğlu, KXCP Məclisinin sədri Bəybala Əbil, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Ziyalılar Forumunun nümayəndələri Firudin Cəlilov və Eldar Namazov, Dünyəvi Bozqurdlar Partiyasının sədri Şakir Ulubəyli, CHP sədri Bədrəddin Quliyev, hüquqşünas Adil Minbaşı, Pərviz Səmədbəyli, “Zerkalo” qəzetinin təhlilçısı Nicat Səmədoğlu mövzu ətrafında çıxış edərək Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, Türkiyə ilə hərbi müttəfiqliyin vacibliyi, Rusiya və İranın regiona yönəlik aqressiv davranışı ilə bağlı fikirlərini bölüşdülər.
Həmçinin dəyirmi masa iştirakçıları tərəfindən Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsinin üzvü olduğu, Gürcüstanın NATO-ya inteqrasiyası fonunda Azərbaycanın heç bir beynəlxalq təhlükəsizlik sisteminin üzvü olmaması ilə bağlı narahatçılıq da ifadə olunub.
AMİP sədri bu mövzuda müzakirələrin mütəmadi olaraq davam etdiriləcəyini bildirdikdən sonra dəyirmi masa iştirakçıları tərəfindən növbəti tədbirlərlə bağlı mövzular səsləndirildi. “Aktual regional təhdidlər”, “Güney Azərbaycan”, “Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən Türkiyə ilə imzalanmış ilk beynəlxalq saziş”in müzakirəsi və “Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası” ilə bağlı dəyirmi masaların keçirilməsi qərarlaşdırıldı.
Dəyirmi Masada həmçinin YAP Gənclər birliyinin üzvü Qönçə Əsgərova da çıxış edərək, tədbirdə iştirakının şəxsi təşəbbüsü olduğunu dedi və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Dəyirmi Masada həmçinin Türkiyə Səfirliyinin 1-ci katibi İsmail Çalışkan, Diaspora Mərkəzinin rəhbəri İsmayıl Vəliyev, QAT-nın nümayəndələri Mehriban Abdullayeva və Fəridə Əsgərova, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli də iştirak etdilər.


