Yaxud, 2.4 milyonluq qalmaqala 2 qəpiklik aydınlıq
Hökumətimizin AŞPA-dakı 2.4 milyonluq “səxavət”i gündəmin əsas mövzusu olaraq qalır. Düzdü, hökumətimizin belə “mərifət”ləri çox olub və cəmiyyət bu kimi hallara alışıqdı. Təəssüf doğuran budur ki, hökumət ölkənin adını ləkələmək üçün əlindən gələni edir və dünyanın hansı bucağında rüşvət qalmaqalı vara, bizimkilər orda “post” qururlar
Birqayda olaraq hökumət belə biabırçılıqlara izahat vermir, özünü bixəbər kimi aparır. Amma bu dəfə YAP-çı deputat Aydın Mirzəzadə sinəsini qabağa verib və məsələyə aydınlıq gətirməyə çalışıb.
YAP-çı deputat deyib ki, Azərbaycanın uğurlarını qəbul etməyən, ölkənin uğurlarına kölgə salmağa çalışan qüvvələr var və bu hadisənin də arxasında bu anti-Azərbaycan qüvvələr dayanır. Daha sonra əlavə edib ki, Italiya qəzetində dərc olunan məqalənin arxasında ermənilər dayanır və ölkəmizə şər-böhtan atırlar. Aydın müəllim fürsətdən istifadə edib, nəsihət də verib. Deyib ki, belə məsələlərdə mətbuatın üzərinə böyük məsuliyyət düşür, mətbuat Azərbaycanın təəssübünü çəkməlidir, belə məsələlərdə iqtidar-müxalifət ayrıseçkiliyi olmamalıdır və s.
Əvvəla, Aydın Mirzəzadəyə məsləhət görərdik ki, “erməni” arqumentindən imtina etsin. Çünki, bu “arqument”i Siyavuş Novruzov gözdən salıb və havanın yağmurlu keçməsində də erməni izi axtarır.
Ikincisi, deputatımıza xatırlatmaq istəyirik ki, məlum hadisəylə bağlı Italiya prokurorluğu araşdırmaya başlayıb, rüşvət alanın və rüşvət verənin adı da məlumdur. Əgər Azərbaycan hökuməti özünü məsum sayırsa, məhkəməyə müraciət etsin və müqəddəs olduğunu ortaya qoysun. Yəni, bu məsələdə uğura kölgə salınmasından, paxıllıqdan söhbət gedə bilməz. Həm də Azərbaycan hökuməti ölkəni elə zülmətə salıb ki, heç kimin kölgəsi bu zülmətdə görünə bilməz.
Mətbuatın məsuliyyətinə gəlincə, Aydın Mirzəzadə haqlıdır. Həqiqətən də mətbuat dövlətçilik əleyhinə yönəlmiş, ölkəni gözdən salan fəaliyyətləri üzə çıxarmalıdır. Indiki halda da vicdanlı, mübariz, vətənpərvər insanların haqqının oğurlanmasından, qanının batırılmasından söhbət gedir ki, özünə hörmət edən mətbuat orqanı buna səssiz qala bilməz.
Həm də bu məsələ iqtidar-müxalifət birliyini zəruri edən məsələ deyil. Belə çıxır ki, müxalifət nümayəndələri şərlənib həbs edilməlidi, bu həbsi gizlətmək üçün AŞPA-nın rüşvətxor deputatlarına rüşvət verilməlidir və müxalif mətbuat da buna susmalıdır? Deməli, vətəndaşı şərləmək, hüquq sisteminə tüpürmək, ölkənin adını ləkələmək dövlətin təəssübünü çəkməkdir? Belə çıxır ki, iqtidarın çirkli sövdələşmələrini mətbuat gizlətməli, müxalifət təqdir etməlidir?
Aydın Mirzəzadənin açıqlaması acizliyin, arqumentsizliyin göstəricisidir. Bu açıqlamada heç bir ağlabatan, inandırcı fikir yoxdur. Seçki saxtakarlığı ifşa ediləndə də, ofşor hesablar üzə çıxanda da, məmurların bahalı malikanələri üzə çıxanda da hökumət “bizə paxıllıq edirlər”, “erməni lobbisinin işidir” kimi kiflənmiş fikirlərin arxasında gizlənir. Bugünə qədər hakimiyyətin çirkli fəliyyətiylə bağlı onlarla fakt ortaya çıxıb və hökumət bunun heç birini təkzib edə bilməyib. Mərkəzi Bank rüsvayçılığı, ölkədən çıxarılan 95 milyard, London malikanələri, Dubay mülkləri və digər faktlar unudulmayıb və hökumət bu ittihamlara görə heç kimi məhkməyə verə bilməyib. Bu ölkədə deputatın mandat satması video görüntülərlə təsdiqlənirsə, deputatın AŞPA-da rüşvət paylaması qeyri-real sayıla bilməz.
Bir sözlə, dövlətin imicinə kölgə salan da, dövlətin təəssübünü çəkməyən də bu hökumətdir. Azərbaycanı gözü götürməyənlər, əməlləriylə Azərbaycanı gözdən salanlardı.
Aydın Mirzəzadə isə 2.4 milyonluq rüşvət qalmaqalına, 2 qəpiklik aydınlıq gətirdi. Çünki, bu boyda qaranlığa samballı aydınlıq gətirmək mümkün deyil.
İlham