Ərdoğan Rusiya məsələsində niyə geri çəkildi?

putin-erdoganElxan Şahinoğlu: «Eyni müddətdə Israil ilə əlaqələrin normallaşması, Ərdoğanın Putinə məktub ünvanlaması təsadüfi sayılmamalıdır»

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında bu gün telefon danışığı olacaq. Bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.

Ərdoğanın Putinə məktubu ilə iki dövlət arasında uzun müddətdir yaşanan soyuq münasibətlər aradan qalxmaqdadır.

Qarşılıqlı müsbət bəyanatlar

“Bu məktub Rusiya ilə Türkiyə arasında ÿmünasibətlərin düzəlməsi üçün əsas ola bilər”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Ərdoğanın Putinə göndərdiyi məktuba münasibət bildirərkən deyib.

Federasiya Şurasının sədri hesab edir ki, Türkiyə prezidenti məktubu bir qədər gec yazıb:ÿ”Gecikmiş olsa da, heç olmamasından daha yaxşıdır. Ötən müddət ərzində münasibətlərimiz bəzi neqativ mərhələlərdən keçməli oldu. Iki ölkə arasında keçmiş etibar itdi. Yenə də bu məktub Rusiya və Türkiyə arasında əlaqələrin düzəlməsi üçün təməl yarada bilər”.

Putin Türkiyə xalqının dostudur

V.Matvienko Rusiya prezidenti V.Putinin Türkiyə xalqının dostu olduğunu vurğulayıb: “Baş verən hadisələrinÿ mahiyyəti məlum olduğundan bu məktubu müsbət qarşılaya bilərik. Rəcəb Tayyib Ərdoğan həyatını itirən pilotun ailəsinə başsağlığı verib, vəziyyətin düzəlməsini istədiyini, Rusiya ilə ölkəsi arasındaÿ dost münasibətlərin bərpasıÿ üçün əlindən gələni etməyə hazır olduğunu bildirib”.

Israil ilə də əlaqələr normallaşır

Maraqlıdır ki, bu proseslərin yaşandığı bir zamanda Türkiyə və Israil münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar.

Sazişdən sonra ölkələr səfir mübadiləsi həyata keçirəcəklər. Baş nazir Binali Yıldırım bildirib ki, saziş Türkiyə parlamenti və Israil Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Israilin Baş naziri Benyamin Netanyahu isə öz növbəsində bəyan edib ki, bu sazişin ölkəsinin iqtisadiyyatına böyük təsiri olacaq. Xüsusilə, Israil hakimiyyəti Türkiyə vasitəsilə Avropaya qaz tədarükünü təşkil etmək niyyətindədir.

elxan-shahinoglu

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Israil ilə Türkiyənin münasibətlərinin normallaşması hər iki tərəfin maraqlarına uyğundur. Türkiyə və Israilin on illər strateji tərəfdaş olduğunu deyən E.Şahinoğlu vurğuladı ki, Ərdoğanın Fələstin məsələsinə görə, Israili sərt tənqid etməsinin ardından, Israilin buna cavab olaraq “Mavi mərmərəyə” hücumu baş verdi. Məhz bu hadisələr əlaqələrin korlanmasına səbəb oldu: “Lakin həm Türkiyə, həm Israil anladı ki, əlaqələrin bu formada olması iki tərəfədə ziyan vurur. Ona görə danışıqlar prosesi başladı. Nəhayyət bu danışıqların yekunu kimi sənəd imzalandı. Düşünürəm ki, münasibətlər bir müddət sonra öz axarına qayıdacaq. Israil ilə münasibətlərin soyuq olması Amerika ilə soyuqluq deməkdir. ABŞ-da ən böyük lobbi məhz Israil lobbisidir. Türkiyə bununla ABŞ-dan ona qarşı olan təsirləri azaltmış olacaq”.

E.Şahinoğlunun fikrincə, eyni müddətdə Ərdoğanın Rusiya ilə münasibətləri normallaşdırmaq üçün Putinə məktub ünvanlaması təsadüfi sayılmamalıdır: “Ərdoğan bununla sanki bir psixoloji addım atır. Sanki demək istəyir ki, məndən üzr istədilər, mən də başqasından üzr istəməyə hazıram. Türkiyə -Rusiya münasibətlərinin gərgin qalması hər iki dövlətin ziyanınadır. Rusiya PKK-ya silah ötürməyə başlamışdı. Bu da Türkiyəni narahat edirdi. Eyni zamanda Rusiyanın da müəyyən itkiləri var idi. Rusiyanın əksər iqtisadi, enerji layihələri Rusiya ilə bağlı idi. Amma siyasi mənada da ziyanlar var idi. Düşünürəm ki, bu məktubdan sonra ”top Rusiya meydanındadır”. Çünki məktubda bir çox məqamlara aydınlıq gətirilib”, deyə E.Şahinoğlu vurğuladı.

E.Şahinoğlunun sözlərinə görə, bundan başqa hər iki dövlətin AB və ABŞ ilə münasibətlərinin korlanması əlaqələrin normallaşmasını tələb edən nüansdır.

Xəyal