Suriyalılar “Əsədə ölüm!” tələbi qaldırdı

Diktatorun 4 generalı da ondan üz döndərdi

Suriyada gərginlik davam edir. Ötən gün ölkənin 40 müxtəlif şəhər və vilayətində keçirilən cümə etirazlarına on minlərlə Bəşər Əsəd əleyhdarı qatılıb. Suriyanın ikinci ən böyük şəhəri olan Hələbdə 100 minə yaxın insan aksiya keçirərək, hakimiyyətə qarşı mübarizəyə dəstəklərini nümayiş etdiriblər. Hökumət qüvvələri aksiyaları dağıtmaq üçün yenə də odlu silahdan istifadə edib. Onların açdığı atəş nəticəsində onlarla insanın öldüyü və yaralandığı bildirilir. Ötən gün baş tutmuş aksiyaların əsas şüarı isə “Əsədə ölüm!” olub.
Təxminən bir ay davam edən mühasirədən sonra Bəşər Əsədin əmrindəki əsgərlərin nəzarətinə keçən Homs şəhərində qarşıdurmalar yenidən şiddətlənib. Hökumət qüvvələrilə üsyançı hərbçilər arasında şəhərin müxtəlif yerlərində döyüşlər getdiyinə dair xəbərlər yayılıb. Hökumət qüvvələri Homsa yaxın Rastan şəhərini top atəşinə tutub. 10-a yaxın top mərmisi şəhərin müxtəlif yerlərindəki dinc sakinlərin məskunlaşdığı ərazilərə düşüb. Bəşər Əsədin əsgərləri qanlı əməliyyatları davam etdirmək məqsədilə Türkiyə ilə sərhəddəki Idlib şəhərinə üz tutublar. Şəhərin mühasirəsi gücləndirilib. Idlib mütəmadi olaraq, ağır artilleriya atəşinə tutulur.
Bu arada, Bəşər Əsədi daha 4 generalı tərk edib. Generallar Suriya ordusunda xidmətdən imtina edərək üsyançıların silahlı dəstələrinə qoşulublar. Onlar Türkiyənin suriyalı qaçqınlar üçün yaratdığı düşərgəyə sığınıblar. Bu haqda “Azad Suriya Ordusu”nun mətbuat katibi Xalid Əl-Hamuda istinadən “Jerusalem Post” qəzeti məlumat yayıb. Onun sözlərinə görə, Suriya ordusunu tərk edən generalların sayı 7-yə çatıb. 4 generalla yanaşı, 2 polkovnik, 1 polkovnik-leytenant və 3 leytenant da Bəşər Əsədə xidmətdən imtina edərək, üsyançıların tərəfinə keçib.
BMT və Ərəb Ölkələri Liqasının Suriyada xüsusi təmsilçisi Kofi Anan münaqişənin diplomatik yolla həllinə çağırış etsə də, suriyalı müxaliflər bəyan ediblər ki, Bəşər Əsəd rejimi zorakılıq və repressiyaları dayandırana qədər danışıqlara getməyəcəklər.
Yaponiya hökuməti isə Suriyaya qarşı sanksiyaları genişləndirmək qərarı verib. Yaponiyanın sanksiyaları Suriyanın 16 şirkətinə və 20 fiziki şəxsə tətbiq olunacaq. Həmin siyahıda adı olan suriyalılar və Suriya şirkətlərilə maliyyə əməliyyatları aparmaq istəyən yapon şirkətləri bundan sonra hökumətdən xüsusi icazə almalı olacaqlar.
Suriyanın rəsmi xəbər agentliyi “SANA” isə yenidən Türkiyə əleyhinə kampaniyaya başlayıb. Agentlik “terrorçu” adlandırdığı üsyançıların bazalarından götürüldüyü iddia edilən silahların bəzilərinin ölkəyə Türkiyə ərazisindən qaçaq yollarla gətirildiyini bildirib.

Informasiya şöbəsi