Gültəkin Hacıbəyli: «İlham Əliyev bəyanatı ilə Sankt-Peterburq görüşünün Azərbaycanın maraqları baxımından fiaskoya uğradığını etiraf etdi»
Sankt-Peterburq görüşlərindən sonra verilən bəyanatlar diqqət çəkir. Görüşdən bir gün sonra Prezident Admnistrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov danışıqların bəzi detallarını mətbuata “açıqladı”. N.Məmmədov Sankt-Peterburqda bir sıra məsələlər üzrə razılığın əldə olunduğunu dedi. Ekspretlər hesab edir ki, əslində hakimiyyətin belə bir gedişi təsadüfi deyildi. Çünki Azərbaycan hakimiyyəti nəticəsiz, imitasiya xarakterli danışıqlarda iştirak etməyəcəyini açıqlamışdı. Amma hakimiyyətin danışıqlarla bağlı bəyanatının ömrü uzun olmadı.
Novruz Məmmədovun açıqlamasına təkzib
N.Məmmədovun açıqlamasını dərhal Ermənistanın xarici işlər naziri Nalbandyan təkzib etdi. Daha bir aydınlıq bəyanatı Rusiya XIN-dən gəldi.
Zaxarova deyib ki, Azərbaycanın danışıqlar prosesi ilə bağlı açıqlamasını “əldə olunan razılaşmanı özünəməxsus şəkildə interpretasiya etmək cəhdi” adlandırıb: “Məlum olduğu kimi, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri üçtərəfli bəyanat qəbul ediblər. Bəyanatda aydın şəkildə deyilir ki, onlar mayın 16-da Vyanada keçirilən Ermənistan-Azərbaycan sammitində əldə olunan razılaşmanı təsdiqləyirlər. Bu razılaşma münaqişə zonasında vəziyyətin sabitləşməsinə, sülh prosesinin irəliləməsinə xidmət edən atmosferin yaradılmasına yönəlib. Bu məqsədlə onlar belə qərara gəliblər ki, münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayı artırılsın. Həmçinin son vaxtlar təmas xəttində saxlanılan barışıq rejimindən razılıq ifadə olunub”.
Əliyev Rusiyanın tərəfini tutdu
Bu açıqlamadan sonrakı çıxışlara diqqət yetirək. Dövlət başçısı iyunun 25-də çıxışında Rusiyadan gələn bəyanata bir növ dəstək verdi. Dövlət başçısı çıxışında N.Məmmədovun açıqlamasının detallarına, ümumiyyətlə, toxunmayıb: “Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilib. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir”.
Milli Şuranın Koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, Azərbaycan məmurları son dövrlər səbatsız və məsuliyyətsiz bəyanatlar verməklə gündəmə gəlirlər. Sankt-Peterburq görüşünün fiaskoya uğrayacağının əvvəlcədən bəlli olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, bu görüşdən heç bir müsbət nəticə gözləmək mümkün deyildi. G.Hacıbəylinin sözlərinə görə, Azərbaycan danışıqlara Qarabağı işğal edən Ermənistan və bu işğalın arxasında duran Rusiya ilə bir masa ətrafında əyləşməyə gedirdi: “Azərbaycan Sankt-Peterburqda bu iki ölkədən mədət umub, onlarla danışıqlar aparacaqdı. Bu baxımdan Sankt-Peterburq görüşü mənasızlığı, perspektivsizliyi öncədən məlum olan görüş idi. Bu baxımdan təsadüfi deyil ki, Ilham Əliyev görüşdən əvvəl səsləndirdiyi bəyanatla mövqelərini möhkəmləndirməyə çalışırdı. Ilham Əliyev bəyan etmişdi ki, görüntü xatirinə danışıqlarda iştirak etməyəcək. Bu artıq ona işarə idi ki, Azərbaycan rəhbərliyinin özü də həmin görüşlərdən heç nə gözləmir. Ardınca isə Novruz Məmmədov bəyanatla çıxış etdi və bunun ardınca qınaq obyektinə çevrildi. Əgər Azərbaycanın münaqişənin həlli istiqamətində bəzi rayonların azad olunması gözləntisi varsa, bu gözləntilər heç bir halda Rusiya və Ermənistan tərəfindən nəzərə alınmayacaq. Faktiki olaraq Qarabağı işğal edən Rusiyadır. Məhz Rusiyaya gedərək Qarabağın azad olunmasıyla bağlı Azərbaycan xalqına xoş xəbərlər paylaşmaq təbii ki, məntiqsizlikdir. Təsadüfi deyil ki, Novruz Məmmədovun qeyri-peşəkar bəyanatının həmən ardınca istər Nalbandyan, istərsə də Zaxarova Sankt-Peterburq görüşündə torpaqların azad olunması istiqamətində heç bir müzakirələrin getmədiyini bildirdilər”.
G.Hacıbəyli onu da qeyd etdi ki, Ermənistan və Rusiyanın açıqlamalarından bəlli oldu ki, Sankt-Peterburqda müzakirə olunan məsələlər yalnız Ermənistanın maraqlarına uyğun olub. Bu tip açıqlamaların isə meydana gəlməsinin səbəbi çox sadədir. G.Hacıbəylinin sözlərinə görə, yenə məqsəd Azərbaycan vətəndaşını aldatmaq, onda boş ümid yaratmaq cəhdidir: “Bu gün sürətli internet əsrində istənilən yalanın ömrü uzun ola bilmir. Ona görə həmin mövqe qısa zamanda təkzib olundu. Heç də təsadüfi deyil ki, dövlət başçısı özü bu məsələyə nöqtə qoydu və bildirdi ki, məsələlər yalnız görüşdən sonrakı bəyanatda əksini tapdığı kimidir. Faktiki olaraq bununla da Sankt-Peterburq görüşünün Azərbaycanın maraqları baxımından fiaskoya uyğradığını etiraf etdi”.
Hikmət





