İqtidar Saakaşvilinin Heydər Əliyevin adını çəkməməsini həzm edə bilmir
Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Məclisdəki çıxışına hakimiyyətə yaxınlığı ilə tanınan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının sərt reaksiya verməsi iqtidarın mövqeyi kimi qarşılana bilər. Çünki bu reaksiyanı başqa cür anlamaq mümkün deyil. Görünür, Gürcüstan prezidentinin Rusiyanı sərt tənqid etməsi hakimiyyətdə təmsil olunan Rusiyameylli qüvvələrin narahatçılığına səbəb olub. Məhz bu səbəbdən ona Fəzail Ağamalının dili ilə cavab vermək qərarına gəliblər. Həmçinin Saakaşvilinin Heydər Əliyevin deyil, M.Ə.Rəsulzadənin adını çəkməsi, Əliyevdən deyil, məhz ondan sitat gətirməsi YAP iqtidarını qıcıqlandırmaya bilməzdi. Bu səbəbdən də onların eşitmək istədiyi fikirləri səsləndirməyən Gürcüstan prezidenti Fəzail Ağamalı səviyyəsində hədəfə alınıb. Bu mənada AVP sədrinin Saakaşviliyə “icazəli” hücum etdiyini də demək olar.
Bəs Fəzail Ağamalının qonşu ölkə prezidentinin çıxışına belə sərt reaksiyası nədən xəbər verir? Ölkədə hər kəsə öz fikirlərini sırımaq istəyən hakimiyyət təmsilçiləri bu dəfə də niyə qonşu ölkələri hədəfə alıb?

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, Saakaşvili Bakıda həqiqətən demokrat olduğunu göstərib. Bir tərəfdən o, Azərbaycandakı rejimin xarakterini nəzərə alıb həqiqəti ortaya qoydu. Hələ millətin böyük əksəriyyətinin savadsız olduğu bir dövrdə Şərq aləmində ilk demokratik cümhuriyyəti yaradan bir şəxsiyyətin adını çəkməklə Azərbaycan tarixinə obyektiv yanaşma tərzi nümayiş etdirdi.
Gürcüstan iqtisadiyyatının həqiqətən də xeyli dərəcədə Azərbaycandan asılı olduğunu deyən N.Məmmədlinin sözlərinə görə, bunun fonunda hakimiyyət Saakaşvilidən Heydər Əliyev, Ilham Əliyev haqqında xoş sözlər eşitmək istəyirdi. Ancaq Saakaşvili bunu eləmədi. Bu mənada təbii ki, Fəzail Ağamalı və onun kimilərinin mövqeyi başadüşüləndir.
N.Məmmədli ortada yarınma elementinin xüsusilə vurğulanmalı olduğunu qeyd etdi. Çünki Saakaşvili nə demək istədiyini, nə dediyini özü çox yaxşı bilir. Ona sayğı və hörmətlə yanaşmaq istənilən ölkədə bir borc məsələsidir: “Fəzail Ağamalının bir deputat olaraq qabarıq şəkildə digər ölkə prezidentinə etiraz etməyə haqqı çatmır. Bu, protokol qaydalarına və diplomatik normalara ziddidir. Amma Fəzail Ağamalı bütün qazandıqlarının hakimiyyətin himayəsi altında olduğunu çox yaxşı bilir. Özünün şəxsi keyfiyyətlərinə də bələddir. Buna görə də hakimiyyətə yarınmaq, Heydər Əliyevin və Ilham Əliyevin növbəti dəfə böyük xidmətlərini, böyük şəxsiyyət olduğunu vurğulamaq istəyir”.
N.Məmmədli Saakaşvilinin demokratik düşüncə tərzinin nə qədər böyük dəyər olduğunu çox gözəl şəkildə nümayiş etdirdiyini də vurğuladı. Əslində Fəzail Ağamalı da daxil olmaqla deputatların uzun sürən alqışları prinsip etibarı ilə Saakaşvilinin sözləri ilə razılaşmağın ifadəsi idi.

Politoloq Zərdüşt Əlizadə isə AVP sədri Fəzail Ağamalının Saakaşvilini düzgün anladığını və müəyyən mənada düz dediyini bildirdi. Çünki Fəzail Ağamalının özü də, onun xidmət etdiyi siyasi xadimlərin hamısı Rusiyanın yetirmələridir. Onlar daha çox rusdu, nəinki azərbaycanlı. Ona görə Saakaşvili Rusiyanın əleyhinə belə ciddi danışanda faktiki olaraq onların əleyhinə danışıb. Fəzail Ağamalı da düzgün anlayır ki, bu çıxış onlara qarşı yönəlib.
Heydər Əliyevin adının çəkilməsinə kəskin etiraza gəldikdə isə, Z.Əlizadə Azərbaycanda müstəqillik və demokratiyadan danışanda Əliyevin adının çəkilməsinə ehtiyac olmadığını vurğuladı: “Fizikadan danışanda Enşteynin adını çəkəndə Əliyevin adını çəkməmək olar, kimyadan danışanda Yusif Məmmədəliyevin adını çəkib Əliyevin adını çəkməmək olar. Azərbaycanda müstəqillik və demokratiyadan danışanda da Rəsulzadənin adını çəkmək olar, Heydər Əliyevin adını çəkməmək olar. Burda qəribə heç nə yoxdur”.
Fizzə


