AXCP Xədicə İsmayılın müdafiəsinə qalxdı

Partiya baş verənlərə görə İlham Əliyevin məsuliyyət daşıdığını bəyan etdi

AXCP tanınmış jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şantaj və təhdid olunması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Azərbaycandakı kriminal, korrupsiyaçı rejim azad sözün susdurulması üçün cinayətkar əməllərini tənqid edən ictimai-siyasi xadimlərə, ziyalılara, jurnalistlərə qarşı hüquq və insani dəyərlərə sığmayan fəaliyyətini davam etdirir.
AXCP xatırlatmağı vacib sayır ki, ötən müddətdə Əliyev hakimiyyəti siyasi opponentlərinə, insan hüquq və azadlıqlarının pozulmasına etiraz edənlərə qarşı məsuliyyətsizcəsinə fiziki, mənəvi terrordan istifadə edib. Bunun nəticəsində çox sayda aktivist, jurnalist, ictimai-siyasi xadim, ziyalı, gənc döyülüb, təhqir olunub, bıçaqlanıb, həbsə salınıb, qara piara hədəf olub.
Hakimiyyətin növbəti belə hədəfi tanınmış jurnalist Xədicə İsmayıldır. Ötən gün jurnalist ondan susmağı tələb edən məzmunda şantaj məktubu alıb.
Xədicə İsmayıl son aylarda hakim ailənin korrupsiya əməllərini qorxmadan üzə çıxaran araşdırmalarla məşğuldur. Bu araşdırmalarda dövlət başçısı İlham Əliyev və ailəsinin nəhəng korrpusiya əməlləri üzə çıxarılır.
Keçmiş pis təcrübələrə əsaslanaraq Xədicə İsmayıla qarşı çirkin kampaniya başlanması ictimaiyyətdə gözlənilən idi.
AXCP bəyan edir ki, sadalanları nəzərə alaraq, tanınmış jurnalist Xədicə İsmayıla qarşı heç bir hüquq və mənəvi ölçüyə sığmayan hadisənin baş memarının siyasi hakimiyyət olduğunu təxmin etmək çətin deyil. Məsqəd dəyişməyib – hər kəs ölkədəki yalan və talana susmalıdır.
AXCP “Wikileaks” sənədlərində İlham Əliyevin arqessiya və niftərini ifadə etdiyi jurnalistlər siyahısında Xədicə İsmayılın da adının olmasını vurğulamağı mühum bilir.
AXCP Xədicə İsmayılın  şantajı və bundan sonra ehtimal edilən bu qəbildən hərəkətlər və jurnalistin təhlükəsizliyi üçün İlham Əliyevin məsuliyyət daşıdığını bəyan edərək baş verən hadisəni kəskin nifrətlə pisləyir.
AXCP bu hadisəni eyni zamanda milli-mənəvi dəyərləri özünə maska edən hakimiyyətin saxtakarlığının və riyakarlığının növbəti ifşası sayır.
AXCP ölkə ictimaiyyətini azad sözün cəsarətli təmsilçisini – Xədicə İsmayılı müdafiə etməyə, hakimiyyətin qara piarı və şantajına qarşı vətəndaş mövqeyi göstərməyə çağırır.