Saakaşvilinin Əliyevdən fərqi

Yox, mən heç də Gürcüstanda 1 kilometrlik yolu 300 min dollara böyük həvəslə çəkən Azərbaycan şirkətinin Ilham Əliyevin ölkəsində həmin yolu 5 milyona çəkməsindən və bu yolun daha keyfiyyətsiz çıxmasından;
Saakaşvili hakimiyyətə gələndən sonra xaricdə onun bircə dənə də olsun, villa almaması müqabilində Ilham Əliyevin dünyanın ən bahalı kurort şəhərlərində onlarla mülk sahibi olması barədə beynəlxalq mətbuatın yazdıqlarından;
Təkcə “Barjomi”nin ümidinə qalan Gürcüstanın illik iqtisadi inkişafının torpağının altından qızıl püskürən Azərbaycanı qabaqlamasından;
Gürcüstanın ciddi yatırım qoymadan böyük turizm ölkəsinə çevrilməsi və bu sahədən milyonlar qazanması qarşılığında Ilham Əliyevin Yay-Qış Turizm mərkəzi tipində mənasız layihələrə milyardları sovurub, heç bir qazanc götürməməsindən;
Gürcüstanda polisin sürücülərin dostu, Azərbaycanda isə qənimi olmasından;
Gözümüzün qabağında Gürcüstanın sivil bir Avropa dövlətinə çevrilməsi fonunda Azərbaycanın feodalizmə yuvarlanmasından, insanların mal-mülk haqlarının pozulmasından və daha nələrdən misallar gətirmək istəmirəm.
Heç Mixail Saakaşvilinin Azərbaycan dövlətinin banisi Məmməd Əmin Rəsulzadədən sitat gətirməsi, diktatorların dayağı kimi xarakterizə olunan Rusiyanı açıq mətnlə qınaması ilə Ilham Əliyevin bircə dəfə də Rəsulzadənin adını çəkməməsini, əvvəlcədən heç bir planlaşma, protokollaşma aparılmadığı halda, vassal rəhbəri kimi bir çağırışla həftə-səkkiz, mən doqquz Rusiyaya uçub, Medvedevlə xizək sürməsi arasında da müqayisələr aparmaq niyyətində deyiləm.
Məni maraqlandıran ayrı şeydi. Saakaşvili Bakı çıxışında “Əli və Nino”dan sitat gətirdi, öz arzu və istəklərini dedi.
Ilham Əliyevin hansısa əsərdən sitat gətirdiyini görmüsünüzmü? Ümumiyyətlə, Ilham Əliyevin bir bədii nümunə oxuduğunu, hansısa şeiri əzbər bildiyini təsəvvür edirsinizmi? Saakaşvili azərbaycanlı müəllifin “Əli və Nino” əsərinin ictimai-siyasi mahiyyətini açıqlayır, Ilham Əliyev isə Koroğlunu “gözəl vətəndaş” kimi xarakterizə edir…
Diqqət etdinizmi, Saakaşvili ölkəsinin və millətinin gələcək xoşbəxtliyi barədə danışanda kövrəldi, gözləri doldu.
Heç Ilham Əliyevin gözlərinin dolduğunu, kövrəldiyini bu 9 ildə bircə dəfə gördünüzmü? Heç onun ürək yanğısıyla, şövqlə danışdığını müşahidə etdinizmi? Süst, solğun, ruhsuz, yalançı statistika üstündə qurulan və qüsurlu nitqdən başqa Ilham Əliyevdən nə gördük?
Insanın səsləndirdiyi şüarı, vurğunu onun jesti bir neçə saniyə fərqlə “tamamlaya” bilərmi? “Yaşasın!..” deyəndən bir neçə saniyə sonra qarşısındakını döyürmüş kimi yumruğunu irəli uzadan bir lider obrazı hətta qorxulu nağıllarda da görünməmişdi!
Bu qədər könülsüz, bu qədər ruhsuz adammı olar? Bu adam əlbəttə ki, minlərin, milyonların taleyinə laqeyd qalacaq; mülk yağmaladacaq; haqq pozacaq, azadlıqları bir kənara tullayacaq…
Qubadan sonra
Quba hadisələrindən sonra başqa rayonların camaatı da icra başçılarının qaniçənliyindən danışmağa başlayıblar. Daha doğrusu, illərlə deyilən, yazılan, göstərilən bu narazılıqlar indi daha həssaslıqla izlənilir, daha çox diqqət çəkir. Hamı Ilham Əliyevin ciddi addım atacağı günü barmaqlarının ucuna qalxıb gözləməklə məşğuldur. Hətta rayon icra başçılarına qarşı keçirilən kortəbii aksiyalarda möhtərəmin şəklini qaldırmağı da unutmurlar – “bəlkə” gümanı ilə.
Bu “bəlkə”nin bitməyəcəyinə qəti şübhə yoxdur. Əzizlərim, icra başçıları prezidentin bölgələrdəki iradəsinin ifadəçiləridir. Ilham Əliyev “iradəsinin ifadəçilərinin” kimlər olduğunu bilmirmi? Onların milyonlarla dəyəri olan və sözün bütün mənalarında camaatın yolunu kəsən villalarını hansı pullar hesabına tikməsindən, harınlaşmalarından, zülmlərindən xəbərsizdirmi?
Icra başçılarının niyə bahalı villaları olmamalıdır? Axı, “iradəsini ifadə etdikləri” Ilham Əliyevin on milyonlarla dəyəri olan mülkləri dillər əzbəridir. Icra başçıları ondan dərs götürməyib də, mənə bənzəmək uğrunda yarışa çıxmalıdırlar?