Rasim Musabəyov “Səni axtarıram” verilişində nə axtarırdı?

Yalnız zövq yox, həm də bir özünəhörmət məsələsi olduğu üçün Azərbaycan telekanallarına baxmıram, indi yazacağımdan da bir həmkarımın “facebook” üzərindən yazdığı statusdan xəbər tutdum. Dostum yazmışdı ki, keçmiş müsavatçı, hazırda alovlu əliyevçi və mehdiyevçi olan, bu 180 dərəcəlik siyasi dönüklüyünə görə də saxta mandatla ödülləndirilən politoloq Rasim Musabəyov ATV-də “Səni axtarıram” verilişində çıxış edir.
Mən bunun nəmənə bir veriliş olduğunu elə “facebook” dostlarından soruşub öyrəndim, məlum oldu ki, orada evdən çıxıb bir daha geri qayıtmayanları tapıb yaxınlarına qovuşdururlar. Verilişin yaradıcı heyəti həftə səkkiz, mən doqquz Rusiyanın bir şəhərinə gedirmiş, oradan nə qədər azərbaycanlının ünvanını, yerini müəyyənləşdirib buradakı əzizlərini muştuluqlayırmış. Ilk baxışda çox xeyirxah missiyadır. Amma yalnız ilk baxışda. Əslində isə çox komik vəziyyətdir: hakimiyyətin yarıtmazlığı üzündən Azərbaycanda hər üç adamdan biri iş, çörək, pul dalınca baş götürüb Rusiyaya qaçır, sonra da həmin hakimiyyətin sevimli telekanalı onların axtarışına çıxır.
Burdan el basa-basa gedib onları axtaranadək gecə-gündüz qulluğunda dayandığınız, vəsfini göylərə qaldırdığınız, toz qondurmadığınız hakimiyyətinizə niyə demirsiniz ki, bu ölkədə iş axtaranlara iş, çörək axtaranlara çörək versin, beləcə, camaat baş götürüb ölkədən qaçmaq, sonra da siz onları axtarmaq məcburiyyətində qalmayasınız?
Nə isə. Qayıdaq Rasim Musabəyovun “Səni axtarıram” verilişinə çıxmasına. Rasim müəllim özünü “politoloq” kimi təqdim edir, mənə qəribə gəldi ki, o, “Səni axtarıram”a niyə çıxmış ola bilər? Başqalarını başa düşdük, itkin düşən əzizlərini axtarırlar, bəs həqiqəti itirib əvəzində deputat mandatı tapan Musabəyov görəsən nəyi, kimi axtarırmış? Ramiz Mehdiyevdi – onu da tapıb. Ilham Əliyevdi – onu da. Axı başqa kimi axtarır Rasim müəllim? Axtarıb da onlardan yaxşısınımı tapacaq guya?
Sonradan onu da öyrənirəm ki, Musabəyov verilişə ekspert kimi çıxıb, itkin düşənlər və onun yaxınlarına qovuşmasına şərh verirmiş. Əcəb məntiqdir: özü neçə illik evi, yuvası olan Müsavatdan çıxıb bir daha geri qayıtmır, amma evdən çıxıb geri qayıtmayanlara şərh verir.
Nə deyim vallah, allah ağıl-fikir əta eləsin.
Mitinqdağıdan generalın bu dəfə yapçıların mifini dağıtması
Nə deyirdilər?
“Cəbhə-Müsavat cütlüyünün başı bir-birilə mübarizəyə qarışmışdı” deyirdilər. “Qarabağı unutmuşdular” deyirdilər. “Torpaqları satdılar” deyirdilər.
Biz nə deyirdik?
“Bir illik demokratik hakimiyyət dönəmində sadəcə, Kəlbəcəri qorumaq mümkün olmadığı halda, Heydər Əliyevin hakimiyyətinin ilk beş ayındaca 5 rayonun işğalını nə ilə izah edirsiniz?” deyirdik.
“Bir illik demokratik hakimiyyət dövründə Qarabağda uğurlu döyüş əməliyyatları keçirildiyi, ermənilər yeni yaranan Milli Ordu qarşısında çarəsiz duruma düşüb atəşkəs elan olunması üçün yalvarmağa başladığı halda, Əliyevin hakimiyyətinin ilk ilindəcə bütün qazanılan mövqeləri itirib sonra da bizim ermənilərə atəşkəs üçün elçi düşünmək məcburiyyətində qaldığımızı nə ilə izah edirsiniz?” deyirdik.
Amma eşitmir, eşitmək istəmirdilər.
Elçibəy hakimiyyətindən “fərasətsiz”, “satqın” mifi yaratmağa davam edirdilər.
Və dünən bunların mitinqləri dağıtmaqda ad çıxaran Daxili Qoşunlarının generalı Zakir Həsənov bu dəfə həmin mifi dağıtdı. Sitat: “Ermənilər 1993-cü ildə rusların köməyi ilə döyüşsələr də, çox vaxt döyüş meydanını qoyub-qaçırdılar”.
93-cü ilin ikinci yarısında ermənilər dalbadal 5 rayonu işğal etdiklərinə görə, yəqin ki, onlar döyüş meydanını 93-cü ilin ilk yarısında – Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl, yapçıların “qorxaq”, “satqın” adlandırdıqları Elçibəy iqtidarı dönəmində qoyub qaçırmışlar. Yoxsa meydanı qoyub qaçanlar bir-birinin ardınca 5 rayonu necə işğal edə bilərdi ki?
Maraqlıdır, indi öz generallarının bu dediyinə, bu dolayı etirafına yapçıların sözü nə olacaq?
93-cü ildə xalqın gecələr çölə çıxa bilmədiyi haqqında iylənmiş yalanlarından, üfunətli miflərindən əl çəkib 93-cü ildə ermənilərin döyüş meydanını qoyub qaçdıqları həqiqətini dilə gətirməyə ürəkləri yetəcək, vicdanları çatacaqmı, görəsən?