Deputatların elmi dərəcəsi əlindən alındı

Əlövsət Osmanlı: «Plagiatlıqla məşğul olan bir adama müdafiə şurası kimi ciddi təsisatı etibar etmək olarmı?»

“Lenta.ru”nun dünən yaydığı məlumata görə, Azad Demokrat Partiyasından Almaniya Bundestaqının deputatı, Iran kökənli Bijan Djir-Sarainin elmi dərəcəsi əlindən alınıb. Buna səbəb kimi dissertasiyada istifadə olunmuş bəzi fikirlərin mənbələrinin qeyd olunmaması göstərilib. Maraqlıdır ki, keçən il həmin partiyadan Avropa Parlamentinin 2 deputatının da (Silvana Koch-Mehrin və Corgo Chatzimarkakis) elmi dərəcəsi ləğv edilib. Indi isə “növbə” partiyanın məsləhətçisi Marqarita Mathiopoulosundur. Onun dissertasiyasına hazırda Bonn universitetinin ekspert komissiyasında yenidən baxılır və nəticə bu il aprelin 18-də elan olunacaq.
Xatırladırıq ki, Almaniyada ən böyük “dissertasiya skandalı” bir il əvvəl – keçən il mart ayının 1-də olmuşdu. O zaman ölkənin plagiatlıqda suçlanan müdafiə naziri Karl-Teodor Quttenberq istefa vermişdi…
Xeyli müddətdir, bizdə də plagiatlığın geniş vüsət alması, bəzi vəzifəli şəxslərin “doktorluq” mərəzinə tutulması, bir çox dissertasiyaların köçürmə olması, yaxud başqaları tərəfindən yazılması haqqında yazılar dərc olunur. Məsələ o qədər şişib ki, artıq respublikamızın bəzi ziyalıları dillənməyə başlayıblar. Görün bu haqda tanınmış pedaqoqumuz professor Əjdər Ağayev nə deyir: “10 elmlər namizədi yetişibsə və onun 8-i bunu başqasına yazdırıbsa, yerdə qalan 2 əsl yazan görünmür” (Bakı Xəbər, 17.02.2012).
Artıq vəziyyət o dərəcəyə çatıb ki, hətta bəzi bədəməllər müdafiə şuralarında böyük səlahiyyət sahibi olublar. Məsələn, plagiatlıqla məşğul olan professor Fərrux Rüstəmova çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müdafiə şurasında sədr müavinliyi vəzifəsi verilib. Deyilənə görə, həmin şuranın iclasları, demək olar ki, onun rəhbərliyilə keçirilir. Oxucuların diqqətinə çatdırırıq ki, F.Rüstəmovun “Pedaqogika (yeni kurs)” adlı kitabı rus alimi I.Podlasıyın Moskvada çap olunmuş eyniadlı kitabından köçürmədir. Onun bu əməli ilə bağlı tanınmış təhsil eksperti Əlövsət Osmanlı çox maraqlı suallar qoyur: “Plagiatlıqla məşğul olan bir adama müdafiə şurası kimi ciddi təsisatı etibar etmək olarmı? Əgər bu adam özü plagiatlıqla məşğuldursa, necə təminat vermək olar ki, sabah o, şuradan plagiat dissertasiyaları keçirməyəcək? ADPU rektoru, bu işlərdən xəbərdar ola-ola, Rüstəmovu məsul vəzifələrdə niyə saxlayır, özü də bir yox, bir neçə?”.

Informasiya şöbəsi