Əli Kərimli: «Əbülfəz bəy atdığı addımların heç birində şəxsinin, ailəsinin, qohumlarının marağını güdmədi…»
24 iyun Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin mərhum lideri, AXCP-nin ilk sədri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günüdür. Bu münasibətlə Demokratik Qüvvələrin Milli Şurası Əbülfəz Elçibəyi dünən mazarı başında yad edib. Anım mərasimində AXCP sədri Əli Kərimli çıxış edərək, Əbülfəz Elçibəyi “Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri” adlandırıb. Qeyd edib ki, Əbülfəz Elçibəy böyük ideyalarla yaşamış, həyatını böyük ideallara həsr etmiş tarixi şəxsiyyətdir.
Elçibəyin xidmətləri
“Gənclik və uşaqlıq illərini çıxsaq, həyatının 30 ilini – tam yarısını əvvəlcə sovet imperiyasına, sonra da sülalə hakimiyyətinə qarşı mübarizəyə sərf etmiş bir inqilabçıdır. Çox təəssüf ki, az yaşadı – cəmi 62 il. Amma görün Azərbaycan xalqının qəlbində necə böyük təəssürat yaratdı. Əgər imkan versəydilər, millətimiz üçün bu şans sona qədər reallaşsaydı, seçildiyi 5 illik müddətdə xalqına xidmətə mane olmasaydılar, Azərbaycan haralara gedib çıxardı…”, – deyə Əli Kərimli bildirib.
AXCP sədri Elçibəyin prezident kimi gördüyü işlərdən də danışıb: “Ilk gündən məqsədi Azərbaycan dövlətçiliyini möhkəmləndirmək, Azərbaycanda ordu qurmaq, donanma yaratmaq, işğal altındakı torpaqları azad etmək idi. Bunların xeylisinə də nail olmuşdu. Qarabağ torpaqlarının 40 faizi işğaldan azad edilmişdi. Əgər bu hərbi planların həyata keçirilməsinə maneələr olmasaydı, bir neçə il ərzində Qarabağ problemi Azərbaycan dövlətinin öz daxilində həllini tapacaqdı. Elçibəy demokratiyanın bünövrələrini möhkəm-möhkəm qoydu. Siyasi partiyalar, vətəndaş cəmiyyətini nizama salan ictimai təşkilatlar, müstəqil məhkəmələr, həmkarlar ittifaqı haqqında qanunlar qəbul edildi. O istəyirdi ki, vətəndaş cəmiyyəti oturuşsun, çoxpartiyalı sistem yaransın, müstəqil məhkəmələr olsun. Əgər imkan verilsəydi, hakimiyyət hərislərinin gözünü hakimiyyət və pul ehtirası tutmasaydı, Azərbaycanda demokratiyanın əsasları qurulmuş olacaqdı. Görün Azərbaycan haralara gəlib çıxacaqdı…
Əlbəttə, Əbülfəz Elçibəyin komandasında yerində olmayan adamlar da vardı. Onun məşhur sözünü bilirsiz: tankın qarşısında duruş gətirən insanlar, rüşvətin qarşısında duruş gətirə bilmədilər. Bəy bunun fərqində idi. Əgər mane olmasaydılar, komandasında da ciddi yenilənmə olacaqdı.
Əbülfəz Elçibəy hakimiyyətə gəldikdən sonra onun üçün ən prioritet məsələlərdən biri təhsil sistemini nizama salmaq idi. Bu gün, hətta opponentləri də etiraf edirlər ki, məhz Bəyin başlatdığı islahatlar nəticəsində Azərbaycana test sistemini gətirməklə, rüşvətsiz təhsil ala bildilər”.
Əli Kərimli qeyd edib ki, Elçibəyin təhsil islahatlarını yalnız test üsulu ilə məhdudlaşdırmaq olmaz: “Xaricdə təhsil üçün dövlətin bütün imkanlarını səfərbər eləmək, universitetlərə muxtariyyət vermək, təhsil sahəsində çalışanların əməkhaqqını birdən-birə 3 dəfə artırmaq… Görün imkan verilsəydi, bu 23 ildə necə nəsil yetişəcəkdi?
Əbülfəz Elçibəy hansı qətiyyətlə rus ordusunu Azərbaycandan çıxarmışdı? Əgər o prosesin qarşısı kəsilməsəydi, Azərbaycan sürətlə Qərbə inteqrasiya edəcəkdi. Bu gün Azərbaycanda xalq tərəfindən seçilmiş hökumətlər bir-birini əvəz etmiş olacaqdı. Iqtisadi islahatlar həyata keçəcəkdi. Liberal iqtisadiyyat olacaqdı. Gerçək sahibkarlar təbəqəsi yaranacaqdı. Gerçək orta təbəqə olacaqdı. Çünki Əbülfəz bəy atdığı addımların heç birində şəxsinin, ailəsinin, qohumlarının marağını güdmədi. Ancaq millətinin qazanmasını düşündü.
Allah bizim xalqımıza yeni fürsətlər, yeni imkanlar da yetirəcək. Amma o zaman bizim gözümüz açıq olmalıdır. Biz əlimizdə olanların qədrini bilməyi bacarmalıyıq. Yaranan imkanlardan millət üçün axıra kimi istifadə etməyi bacarmalıyıq. Hakimiyyət, mal, pul hərislərinə meydan verməməliyik”.
“O zaman deyəcəyik ki, bu milləti sevməkdə heç yanılmadın, Bəy!”
Əli Kərimlinin sözlərinə görə, Elçibəy özünün arzularını, planlarını axıra kimi gerçəkləşdirə bilməsə də, əsas odur ki, o yolu başlada, həmin ideyaları bu millətə təqdim edə bilib, yüzminlərlə ardıcıl yetişdirib: “Artıq bu adamlar əmindilər ki, bu millətin içindən də doğru-dürüst adamlar çıxa bilir. Artıq bu adamlar bilirlər ki, imkan olsa, bu millət öz içindən layiq olan birini seçib özünə prezident edə bilər. Bu inamı verdi Əbülfəz Elçibəy bizə. Xalqa xidmətin gerçəkdən mümkünlüyünü göstərdi.
Mən məmnunam ki, illər ərzində ona qarşı aparılan bütün kampaniyalara rəğmən, bu gün Azərbaycan xalqı yenə də Əbülfəz bəyə böyük sevgi ilə yanaşır. Yeni nəsil, hətta onun üzünü görməyənlər də onun böyük ideyalarının işığına toplaşıb. Bu, bizim üçün təsəllidir və bir əminlikdir ki, böyük Bəyin başlatdığı o ideyalar mütləq bir gün onun ardıcıları tərəfindən həyata keçəcək. Bu bizim hamımızın qarşısında bir vəzifədir. Biz başlatdığımız, amma başa çatdıra bilmədiyimiz, bu xalqın ehtiyacı olan islahatları həyata keçirməyi bacarmalıyıq. Nə qədər çətin, nə qədər ağır şərtlər altında olsa da, o ideyalara sahib çıxmağı bacarmalıyıq. Bu milləti yenidən sevindirməyi, bu millətin haqq elədiyi hakimiyyəti onun özünə qaytarmağı bacarmalıyıq. O zaman Bəyin də ruhu şad olacaq. O zaman biz alnıaçıq deyə biləcəyik ki, bu milləti sevməkdə heç yanılmadın, Bəy! Təmənnasız sevdin, əfəndi kimi baxdın bu millətə, bu millət də sənin sevginə layiqdir. Biz bu yolu sonacan yürüyürük və yürüyəcəyik!
Allah rəhmət eləsin!”.