Quba olayı Salyanda təkrarlanacaqmı?

Fəzail Ağamalı: «Kimin nə problemi varsa, adı və soyadı ilə məhkəməyə müraciət etsin»

“Ölkənin digər rayonlarının icra başçıları Qubada baş verənlərdən nəticə çıxararaq ciddi ölçü götürməli, vətəndaşların ərizə və şikayətlərinə vaxtında və yerində cavab verməlidirlər. Mən artıq Qubada proseslərin tam nəzarət altında olduğu qənaətindəyəm. Ancaq baş verənlər icra başçıları üçün bir dərs oldu. Əgər icra başçıları baş verənlərdən dərs götürməsələr, onların aqibəti Rauf Həbibovdan pis olacaq” – bu sözləri “modern.az” portalına deputat Fəzail Ağamalı deyib.
Məlum məsələdir ki, Quba olayından sonra bir sıra rayonların sakinləri hərəkətə keçib. Artıq sosial şəbəkələrdə bunun işartıları gözə dəyir. Belə ki, bir neçə rayonun aktivistləri insanları Qubadakı məlum hadisələrdən nəticə çıxarmağa səsləyir. Ayağa qalxıb etiraz etdikləri təqdirdə qubalılar kimi onlar da sonda qalib gələ biləcəklərini deyirlər.
Quba olayından sonra ən çox narazılıq və titrəyiş hesab edilən rayon Salyandır. Fəzail Ağamalı da 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilib. Icra başçısı Tahir Kərimovun sahibkarlara qarşı başlatdığı hücumla bağlı böyük narazılıqlar var. Sahibkarlara obyektlərinin təmiri üçün aldırılan bahalı daş üzlüklər, rayonun abadlaşdırılması adı altında yığılan pullar, həyətlərdə qoyulan su çənlərinin yığışdırılması böyük narazılıqlara səbəb olub. Rayon əhli icra başçısının yarıtmaz siyasətindən cana doyduqlarını dilə gətirirlər və bunu nəzərə alaraq tez bir zamanda ayağa qalxıb etiraz edəcəklərini deyirlər.
Bəs görəsən, deputat Tahir Kərimovla bağlı nə düşünür. Deputat “Azadlıq”a açıqlamasında Salyanda problemlərin olmadığını dilə gətirdi: “Müəyyən işlər görülür. 2013-cü ilə qədər rayonun bütün kəndlərinin qazlaşdırılması gözlənilir. Eyni zamanda su ilə bağlı məsələlər də öz həllini tapacaq”.
Sahibkarların problemlərinə gəldikdə, deputat dedi ki, onlardan xəbəri yoxdur: “Sahibkarların yanında deyiləm. Kimin nə problemi varsa, adı və soyadı ilə məhkəməyə müraciət etsin. Düşünürəm ki, Quba olayları nəinki Salyanda, heç bir rayonda təkrarlanmayacaq”.
Deputat bildirdi ki, rayonda yöndəmsiz dükanlar səliqə-sahmana salınır: “Heç kimə qarşı xüsusi kampaniya aparılmır. Bəzi KIV-lərdə Salyanla bağlı yazılanlar həqiqəti əks etdirmir. Bu həftənin cümə günü bütün jurnalistləri Salyana dəvət edirəm. Heç bir müdaxilə olmayacaq, gedib problemlərlə maraqlansınlar, sahibkarlarla söhbət eləsinlər”.

Ramin DEKO