Səbəb isə onların aclıq aksiyası keçirməsi olub
Qobustanda cəza çəkən məhbuslar martın 1-də aclıq aksiyası keçirməyə cəhd ediblər. Insan Haqları Klubundan “Azadlıq”a daxil olan məlumata görə, aksiyanı 15 nəfərdən artıq məhbus başlayıb. Ancaq məhbuslar – Şakir Rzaxanov, Bəxtiyar Cəfərov, Natiq Mirzəyev və Əliyusif Tahirov dərhal karserə salınıblar.
Məqsəd aclıq aksiyasının qarşısını almaq olub. Belə ki, karserdə aclıq aksiyası etmək qeyri-mümkündür. Digər məhbusların da karserə salınması istisna deyil. Aclıq aksiyasının keçirilməsinə cəhd məhbuslara ömürlük azadlıqdan məhrumetmə cəzasının qeyri-qanuni olaraq tətbiq edilməsi ilə bağlı yeni məhkəmə araşdırmasının başlanması tələbilə olub.
Qeyd edək ki, Qobustan həbsxanasında saxlanılan güllələnmə cəzasına məhkum edilmiş, 1998-ci ildə isə bu cəzaları ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənən bir sıra məhbuslar işlərinə yenidən baxılması tələbi ilə aclıq aksiyası keçirmişdilər. Millət vəkilləri Əli Hüseynli və Rəbiyyət Aslanovanın onlarla görüşəcəyi bildirildikdən sonra aksiya dayandırılmışdı.
Ramin DEKO