Netsanet Beley: «Biz ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məqsədyönlü şəkildə boğulduğunu görürük»
CIVICUS təşkilatı Azərbaycanda vətəndaş cəmiyyətinin qorxudulması praktikasını pisləyir. Təşkilatın bəyanatında deyilir ki, son aylar Azərbaycanda vətəndaş cəmiyyəti birliklərinin təqib olunması hallarının artması müşahidə olunur.
Rəsmi qorxutma taktikası belədir: kiçik inzibati xətalara görə QHT-lərin böyük məbləğdə cərimələnməsi, qeydiyyatın ləğvi barədə təhdid dolu yazılı xəbərdarlıq, mətbuatda vətəndaş cəmiyyətinin əleyhinə yönələn böhtan xarakterli yazıların dərci, ictimai yerlərdə toplantıların keçirilməsindən imtina olunması, həmçinin insan hüquqlarını müdafiə edən vəkillərin lisenziyalarının uzadılmasından imtina. Görünür, prezident Ilham Əliyev “ərəb baharı”ndan eytiyatlanaraq 2011-ci ilin mart-aprel aylarında keçirilən küçə etirazlarından sonra bərk təşvişə düşüb. Nümayişlərdə iştirak etdiklərinə görə 16 fəal şübhəli ittihamlar və ədalətsiz məhkəmə proseslərinin əsasında mühakimə olunub.
“Azərbaycanda vəziyyət tez nəzarətdən çıxır”,- siyasətçi və CIVICUS-un elmi rəhbəri Netsanet Beley bildirib.
“Biz ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinin məqsədyönlü şəkildə boğulduğunu görürük ki, bu da buna yol verməmək üçün hökumətə beynəlxalq təzyiqi qaçılmaz edir”,- vurğulayıb.
2011-ci ildə Nazirlər Kabinetinin qəbul etdiyi düzəlişlər 2009-cu ildəki əvvəlki düzəlişlərlə birgə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün dözülməz şərait yaradıb. Bütün bunlarla əlaqədar CIVICUS hökuməti öz beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaş cəmiyyəti üçün əlverişli şəraiti təmin etməyə çağırır.
Qeyd edək ki, CIVICUS yerli, milli, regional və beynəlxalq səviyyələrdə təşkilatlar şəbəkəsini təmsil edən tərəfdaşların və üzvlərin beynəlxalq alyansıdır və vətəndaş cəmiyyətinin bütün spektrini əhatə edir. Alyansın fəaliyyəti bütün dünyada vətəndaşların və vətəndaş cəmiyyətlərinin fəallığının dəstəklənməsinə yönəlib.


