Rusiyadakı seçkilər ABŞ-da müzakirə olundu; Britaniyada bu seçkinin araşdırılması üçün Xarici Işlər Nazirliyinə tapşırıq verildi
Putin isə Proxorova vəzifə təklif etdi…
Rusiyada martın 4-də keçirilmiş qalmaqallı prezident seçkiləri Vaşinqtonda yerləşən Hudson Institutunda müzakirə olunub. “Amerikanın səsi”nin xəbərinə görə, “Rusiyada prezident seçkiləri: Putinizm 2” adlı müzakirələrdə Vladimir Putinin yenidən prezident seçilməsinin gələcək təsirləri, ölkədə demokratik hərəkatın mahiyyəti və geostrateji faktorlar müzakirə olunub.
Rusiyalı politoloq Andrey Pyontkovski Rusiyadakı mövcud siyasi sistemi “Putinizm” kimi səciyyələndirərək, onu Leninin təbirincə, “kriminal kapitalizmin ən yüksək mərhələsi” adlandırıb. Onun sözlərinə görə, Rusiyada baş verənləri korrupsiya kimi təsvir etmək düzgün deyil. Çünki “korrupsiya” sözü biznesmenlərin hökumət işçilərinə rüşvət verdiyini ehtiva edir. Amma Rusiyada sahibkarlar elə hökumət işçilərinin özləridir.
Politoloq Putinin iş adamı Roman Abramoviç və “Gunvor” şirkətinin həmtəsisçisi Gennadi Timçenko vasitəsilə milyardlarla dollar mənimsədiyini söyləyib. Ölkənin nəhəng var-dövlətinin bir neçə adamın əlində cəmləşdiyini deyən rus politoloq Putinin özünümüdafiə strategiyası kimi antiQərb mövqeyi tutduğunu bildirib: “Putin həqiqətən bu cəfəngiyata inanır, çünki bu, həm də onun üçün bir psixoloji müdafiə mexanizmidir”.
Amerikalı ekspert Leon Aron Rusiyadakı prezident seçkilərini “xalqı siyasi proseslərdən fundamental şəkildə kənarlaşdırmaq cəhdi” kimi qiymətləndirib və bu cəhdin sonda uğursuzluğa düçar olacağını söyləyib. Ekspertin sözlərinə görə, Rusiyada yetişməkdə olan siyasi böhran vəd edir ki, Putin ən geci 2018-ci ilədək hakimiyyətdən uzaqlaşdırılacaq. Aronun fikrincə, 1970-ci illərdə Yunanıstan, Ispaniya və Portuqaliyada olduğu kimi, Rusiyada da yaxın illərdə nəhəng demokratik oyanış gözlənilir. Çünki rejimin ideoloji potensialı büsbütün tükənib. Putin üçün ən böyük təhlükə ondan ibarətdir ki, onun rejiminə qarşı formalaşan yeni müxalifət barışmaz xarakter daşıyır. Əvvəlki nəslin formalaşdırdığı müxalifətdən fərqli olaraq, yeni dissident nəsli pulla ələ almaq, oyuncağa çevirmək, rejimin mexanizminə ilhaq etmək mümkün olmayacaq.
Ölkənin daxilində də Putinin qalib elan olunduğu seçkilərə etirazlar davam edir. Vətəndaş cəmiyyəti fəallarının prezident seçkilərini müşahidə etmək məqsədilə formalaşdırdığı “Seçici Liqası” (Liqa Izbirateley) Putinin qalib elan olunduğu seçki ilə bağlı son hesabatını açıqlayıb. Seçici Liqası “Real nəticələr” adlandırdığı hesabatda 4 mart prezident seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Təşkilat seçkilər zamanı ciddi qanun pozuntularına yol verildiyini və hakimiyyətin namizədi Vladimir Putinin lehinə nəticələrin saxtalaşdırıldığını açıqlayıb. Seçici Liqası apardığı müstəqil müşahidə və araşdırmalara istinad edərək, Putinin rəsmi rəqəmlərdə göstərildiyi kimi 63.6 faiz yox, 53 faiz səs topladığını açıqlayıb.
Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, 7.82 faiz səslə üçüncü yeri tutan milyarder iş adamı Mixail Proxorovun isə əslində, seçicilərin 16 faizinin səsini qazandığı qeyd olunub.
Yeri gəlmişkən, Putin formalaşdıracağı yeni hökumətdə Mixail Proxorova vəzifə təklif edib. Putin Proxorov haqda deyib: “Mixail Proxorov ciddi insan, yaxşı iş adamıdır. Arzu edərsə, yeni hökumətdə yararlı ola bilər”.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Hoque rəhbərlik etdiyi quruma Rusiyadakı prezident seçkiləri zamanı baş vermiş qanun pozuntuları və saxtakarlıq hallarıyla bağlı araşdırma aparılması tapşırığını verib. Bu barədə xəbəri “The Independent” qəzeti yayıb. Xəbərdə o da vurğulanır ki, Ingiltərənin baş naziri Devid Kameron Putinlə telefon danışığı zamanı onu yenidən Rusiyanın prezidenti seçilməsi münasibətilə təbrik etməyib.
Informasiya şöbəsi