Siyasi məhbus 5 gündür qanunsuz olaraq Bakı İstintaq Təcridxanasında saxlanılır
Əlayif Həsənov: «Martın 2-də apellyasiya şikayətinə baxışdan sonra o 14 saylı kalona qaytarılmalı idi»
Vicdan məhbusu Bəxtiyar Hacıyev artıq 5 gündür, qanunsuz olaraq Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu barədə qəzetimizə məlumatı B.Hacıyevin vəkili Əlayif Həsənov verib.
Martın 2-də Apellyasiya Məhkəməsində B.Hacıyevin vaxtından əvvəl azad olunması ilə bağlı iddiaya baxılıb. Şikayət təmin edilmədikdən sonra B.Hacıyev indiyə qədər saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmək əvəzinə Bakı İstintaq Təcridxanasında saxlanılıb. Vəkilin sözlərinə görə, müvafiq instansiyalara müraciət olunmasına baxmayaraq, bu addımın səbəbləri açıqlanmayıb: «Bəxtiyar Hacıyevin indiyə qədər saxlanıldığı cəzaçəkmə müəssisəsinə qaytarılmamasının səbəbini öyrənmək üçün kalonun rəhbərliyinə müraciət etsəm də onlar bildirdilər ki, bu barədə məlumatları yoxdur. Bəxtiyar Hacıyevin geri qaytarılmaması ilə bağlı məndə narahatçılıq var. Pentensiar Xidmətin rəhbərliyinə əvvəlcə şifahi müraciət etdim. Müraciətə cavab verilmədikdən sonra martın 6-da yazılı sorğu ünvanladım. Nəticədə bəlli oldu ki, Bəxtiyar Hacıyev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Halbuki bunun üçün heç bir əsas yoxdur. Saxlanılmanın səbbələrinə də nə 14 saylı kalonun, nə də Pentensiar Xidmətin rəhbərliyi aydınlıq gətirir. Qeyri rəsmi əldə etdiyim məlumata görə, həftənin sonu üçün Bəxtiyar Hacıyev 14 saylı kalona qaytarılacaq».
Vəkil onu da bildirdi ki, Pentensiar Xidmətin rəhbərliyinə edilən müraciətə cavab verildikdən sonra məhkəməyə müraciət olunacaq.
İnformasiya şöbəsi


