Əli Kərimli Türkiyə mediasında Əliyevləri yerdən-yerə vurdu

AXCP sədri Türkiyə ictimaiyyətinə səsləndi, bu ölkənin siyasətindən və mətbuatından gözləntilərini dilə gətirdi

Gündəlik 250 min nəfərdən artıq oxucusu olan, Türkiyənin məşhur “odatv.com” saytı AXCP sədri Əli Kərimlidən geniş müsahibə götürüb. Əli Kərimlini “Əbülfəz Elçibəyin sağ əli” kimi təqdim edən jurnalist müsahibənin sonunda AXCP sədri haqqında yüksək dəyərləndirmə də edərək yazır: “Elçibəyi tanıyan, onunla görüşən bir insan olaraq, bütün təzyiqlərə baxmayaraq, hörmətli Kərimli kimi vəfalı və cəfakeş insanların varlığı məni Azərbaycanın gələcəyi mövzusunda inanılmaz dərəcədə ümidləndirdi”. Müsahibəni ixtisarla təqdim edirik.

TAM VƏ ORİJİNAL VARİANTI BURADA

– Türkiyə və AKP iqtidarının Azərbaycan siyasətini necə qiymətləndirirsiniz? Baş nazir Ərdoğan Suriyanı və Əsədin anti-demokratik hərəkətlərini Türkiyənin “öz iç məsələsi” kimi qiymətləndirdiyi halda, Azərbaycanda yaşananlara səssiz qalmasını necə dəyərləndirirsiniz?
– Təbii ki, həm Türkiyənin, həm də bütün dünyanın Azərbaycan xalqının demokratiya mübarizəsinə daha həssas olmasını arzulayırıq. Uzun illər xalqımız avtoritar rejimə qarşı mübarizədə dünyanın diqqətsizliyindən şikayətçi idi. Amma indi şərtlərin dəyişdiyini düşünürəm. Türkiyənin də xarici siyasətində ciddi dəyişikliklər görünür. Türkiyənin “Ərəb baharı” ilə bağlı aktiv siyasətini doğru sayıram. Son vaxtlar Türkiyə liderlərinin xalqlara dəstək çıxışları artıb. Baş nazir Ərdoğan indi açıq şəkildə söyləyir ki, harada xalqlarla diktatorlar arasında mübarizə varsa, Türkiyə Cümhuriyyəti həmişə o xalqların yanında olacaq.
Bugünlərdə xarici işlər naziri Əhməd Davudoğlunun “iqtidarların atadan oğula keçdiyi zamanlar artıq keçmişdir” fikri Azərbaycan ictimaiyyətində ciddi maraq yaradıb. Azərbaycanda indi Suriyaya bənzər vəziyyət yoxdur. Ümid edirəm ki, heç olmayacaq da. Biz ölkəmizdə demokratiyaya dinc, qansız qovuşacağımıza inanırıq. Ümid edirik ki, xalqımızın demokratiya uğrunda mübarizəsi gücləndikcə, əvvəlki illərdən fərqli olaraq, bu dəfə Türkiyənin həm ictimaiyyətindən, həm iqtidarından, həm də müxalifətindən xalqımız daha ciddi dəstək alacaq.

– Keçmişdə Türkiyəyə və AKP iqtidarına qarşı incikliyiniz barədə bəyanatlarınız olmuşdu. Bu incikliyinizin səbəbi nə idi?
– Biz Türkiyəni çox sevirik və açıq deyirik ki, Türkiyə bizim üçün heç bir ölkə ilə müqayisə olunmayacaq qədər yaxındır, qardaş dövlətdir. Buna baxmayaraq, zaman-zaman Türkiyənin Azərbaycan siyasətini tənqid etmişik. Azərbaycanda seçkilərin saxtalaşdırıldığı bütün dünyanın qəbul etdiyi bir gerçəkdir. Hər seçkidən sonra ATƏT-in, Avropa Birliyinin 40-dan çox müşahidəçisi seçkilərin azad və demokratik olmadığını bəyan edib. Təəssüf ki, Türkiyədən gələn müşahidəçilər hər kəsin gördüyü pozuntuları, nöqsanları “görmürdü”. Bizim də tənqidlərimiz bununla əlaqədardır.
Türkiyənin xarici siyasətindəki aşkar görünən dəyişiklikləri nəzərə alaraq, ümid edirik ki, bu səhvlər artıq arxada qalacaq. Hazırda Türkiyə qonşu Ərəb ölkələrinin demokratikləşməsinə bu qədər əhəmiyyət verirsə, ümid edirik ki, qardaş Azərbaycanın da demokratikləşməsində maraqlı  olacaq. Həm də bu gözləntilərimiz tək iqtidardan deyil. Türkiyənin müxalif partiyaları və mətbuatının da xalqımızın mübarizəsinə daha həssas yanaşmasını gözləyirik.

Əliyev 33 batalyonu ləğv elədi və bundan sonra 6 rayon işğal edildi

– Qarabağ mövzusunda Türkiyədə hələ də bilinməyən bir çox məqamlar var. Məsələn, cəbhə xəttində bir çox batalyonları Əliyev iqtidarının “bunlar Xalq Cəbhəsinə bağlıdır” deyə buraxması ilə torpaqları müdafiəsiz qoyması… Bunları nəzərə alsaq, Ilham Əliyevin zaman-zaman verdiyi sərt açıqlamaları “gözdən pərdə asmaq” saya bilərikmi?
– Həqiqətən Qarabağ münaqişəsilə əlaqədar Türkiyədə bilinməyən çox şey var. Əvvəla, Türkiyədə qardaşlarımızın anlamaqda çətinlik çəkdiyi bir məsələ budur ki, necə oldu da 3 milyonluq Ermənistan 9 milyon əhalisi olan Azərbaycanın torpaqlarını işğal etdi? Necə oldu ki, biz döyüşü uduzduq? Ermənistanla aramızdakı döyüş Sovetlər Birliyinin son illərində başlamışdı. Sovetlər Birliyi Ermənistan ordusunun qurulmasına, silahlandırılmasına yardım edərkən, Azərbaycanın ordu qurmasına maneə törədirdi, ov silahlarını belə, xalqdan yığırdı. Torpaqlarımızı təkcə Xalq Cəbhəsinin çağırışıyla meydana gəlmiş könüllü batalyonlar müdafiə edirdi. Bütün bunlar da ermənilərin qələbəsi üçün kifayət etməyəndə, sonrakı mərhələdə, məsələn, Xocalı soyqırımı və Şuşanın işğalı zamanında Rusiya ordusunun birlikləri erməni qüvvələrilə birlikdə xalqımıza qarşı döyüşdü və torpaqlarımızı da onlar birlikdə işğal etdilər.
1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin dövlət başçısı seçilməsilə vəziyyət dəyişdi, Azərbaycan sürətlə ordusunu qurmağa başladı. Ordu bir neçə ay ərzində ermənilərin işğal etdiyi Qarabağın qırx faizini işğaldan qurtardı. Qarabağın bir çox yerlərində Azərbaycan bayrağı ucaldıldı. Təəssüf ki, yenidən Rusiyanın dövrəyə girməsilə Elçibəy hökuməti devrildi. Iqtidara gələn Heydər Əliyev isə Elçibəy hökumətinin qurduğu 33 batalyonu “Xalq Cəbhəsi hökuməti tərəfindən qurulub” deyib, ləğv elədi.
Torpaqlarımız müdafiəsiz qalınca Ermənistan ordusu dinc əhalinin yaşadığı 6 rayonu da bir-birinin ardınca işğal etdi. Beləliklə, Azərbaycan torpaqlarının 20 faizi işğal edildi.

Ilham Əliyevin çıxışları istehza və acı gülüş doğurur

Türkiyə xalqının çoxunun bilmədiyi daha bir mühüm məsələ var ki, Elçibəy hökuməti zamanında Azərbaycanla Ermənistan arasında Qarabağ mövzusunda danışıqlar gedirdi. Amma o zaman indikindən fərqli olaraq, Türkiyə də Rusiya və ABŞ ilə birlikdə vasitəçilik edən dövlətlərdən biriydi. O zaman danışıqlarda Rusiya Ermənistanın dostu və bölgədə maraqlı olan dövlət kimi iştirak edirdi. Bizim hökumət də ona nail oldu ki, Türkiyə də Azərbaycanın dostu və bölgədə marağı olan dövlət kimi vasitəçilərdən biri olsun. ABŞ isə böyük superdövlət olaraq vasitəçilərdən biri olmuşdu.
Heydər Əliyev iqtidara gəldikdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri müəyyənləşərkən Rusiya və ABŞ öz vasitəçi statusunu saxlasa da, Türkiyənin vasitəçilər masasındakı yerini Heydər Əliyevin razılığıyla Fransa aldı.
Indiki Azərbaycan rəhbərliyinin, ölkəmizin əsl mənfəətlərinə zidd davranışları o qədər çoxdur ki, bunların hamısı bir müsahibəyə sığmaz. Ümumilikdə, Ilham Əliyev və hökumətinin vətənpərvərlik mövzusundakı çıxışları xalqımızın əksəriyyətində istehza və acı gülüş doğurur.

Millətini sevən hökumət xalqını belə əməllərlə rüsvay edərmi?

– Iqtidar və tərəfdarları Sizi yalançılıqla və Azərbaycanın olmayan problemlərini dünyaya çatdırıb ölkənin daxili işlərinə müdaxiləyə zəmin hazırlamaqda günahlandırır…
– Əvvəla, informasiyanın bu qədər tez yayıldığı indiki zamanda ölkədə baş verən hadisələri gizlətmək mümkün deyil. Məsələn, Şimali Koreyada müxalifət heç yoxdur. Dünya oradakı iyrənc diktatorluğu bilmirmi? Indi dünya ictimaiyyətindən bir şeyləri gizlətmək mümkün deyil. Xaricdən yaxşı görünmək üçün yaxşı olmaq lazımdır.
Ikincisi, Azərbaycan hökumətinin korrupsioner olduğunu  bizlər bilsək də, bu korrupsiya ilə bağlı tutarlı faktları  eyni zamanda, “The Washington Post”, “New York Times”, “The Guardian”, “The Telegraph”, “The Economist”, “Spiegel”, “CNBC” TV, “ARD” TV və digər nüfuzlu mətbuat orqanlarından, televiziya kanallarından əldə edirik.
“Transparency International” təşkilatının hesabatına görə, hazırda Azərbaycan rəhbərliyi dünyanın ən korrupsioner hökumətlərindən biridir. Dünyanın bütün nüfuzlu hüquq-müdafiə təşkilatları ölkəmizdəki siyasi və vicdan məhbusları barədə yazır. ATƏT, Avropa Birliyi, Avropa Şurası kimi təşkilatlar öz hesabatlarında ölkəmizdəki seçkilərin həmişə saxtalaşdırıldığını yazır.
Dövlətini, millətini sevən hökumət xalqını bu kimi əməllərlə rüsvay edərmi? Bütün bunlardan sonra biz müxalifətin susması nəyi dəyişər? Indi biz riskli olsa da, bu problemlər haqqında danışırıq və dünya düşünür ki, Azərbaycanda hazırda rəhbərlik repressiv olsa da, xalqın onu dinc yollarla dəyişmək cəhdləri davam edir, bu ölkədə demokratik potensial hələ də var. Amma biz tamamilə sussaq, o zaman ölkəmiz xaricdən Şimali Koreya kimi görünər. Necə düşünmək olar ki,  hər kəsin susdurulduğu Azərbaycan xaricdən daha gözəl görünər?
Xaricdən müdaxiləyə gəlincə isə, deməliyəm ki, bu dövləti indi onu idarə edən korrupsionerlər deyil, bizlər qurduq, bu yolda çoxlu şəhidlər verdik. Lazım olsa, yenidən bu dövlət üçün bizlər ölümə belə, gedərik. Heç kimi ölkəmizə müdaxiləyə çağırmırıq. Xalqımızın demokratik potensialı çox güclüdür. Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy əmanətçiləri olan bizlər ölkəmizdə demokratiyanı heç bir xarici müdaxiləyə yol vermədən, dinc mübarizə ilə yenidən təmin edəcəyik.

Azərbaycan müxalifətinin hədəfləri…

– Ölkənizdəki türkiyəli iş adamlarından Azərbaycanda korrupsiya və rüşvətin geniş yayıldığı haqda tez-tez  şikayətlər eşidirik…
– Bu iddialar doğrudur. Azərbaycanı idarə edənlərin ən başında gələnləri də bu işlə məşğuldur. Rüşvət və korrupsiya xalqın haqlı etirazına səbəb olarkən, digər tərəfdən xarici sərmayənin ölkəmizə gəlişinə, iqtisadi inkişafına maneə törədir. Nəticədə Azərbaycan iqtisadiyyatı tamamilə neft və təbii qazdan asılı vəziyyətə düşür. Amma bu problemlər tək ayrı-ayrı şəxslərin acgözlüyü ilə bağlı deyil, sistemlə əlaqədardır. Müstəqil məhkəmənin, azad mətbuatın, xalqın seçdiyi parlamentin olmadığı ölkələrdə rüşvət və korrupsiyanın geniş yayılması təbiidir. Azərbaycan müxalifətinin əsas hədəflərindən biri də rejim dəyişikliyindən sonra rüşvət və korrupsiya ilə mübarizədir.

– Azərbaycanın təbii sərvətləri ilə xalqın həyat standartları arasında çox böyük bir uçurum var. Bunun səbəbi nədir? Iqtidara gəlsəniz, bunu aradan qaldırmaq üçün nələr edəcəksiniz?
– Təsbitiniz çox doğrudur. Azərbaycanın əsas problemlərindən biri də təbəqələşmədir. Bu ölkənin dövlət başçısı, nazirləri icra hakimiyyəti başçıları ölkənin ən zənginləridir. Ölkə sərvətinin mütləq əksəriyyəti onların əlindədir. Xalqın böyük əksəriyyəti isə olduqca kasıb yaşayır. Hədəflərimizdən biri də ölkə sərvətlərinin daha ədalətli bölünməsi üçün sosial ədalət prinsipinə önəm verməkdir.

“Eyni həssaslığı Türkiyə mətbuatında və siyasətində görmürük…”

– Türk xalqına mesajınız varmı?
– Xalqımız sizləri həqiqətən də özünə qardaş bilir. Sizləri incidən hər şey bizi də incidər. Sizləri xoşbəxt edən hər şey bizləri də xoşbəxt edir. Türkiyənin gündəmində nə varsa, bizim müxalifətə yaxın və müstəqil mətbuatın da gündəmində eyni məsələlər var. Təəssüf ki, eyni həssaslığı Türkiyə mətbuatında və siyasətində bir çox hallarda görə bilmirik. Azərbaycanda çox adam Türkiyə televiziyalarını izləyir. Milyonlarla azərbaycanlı xəbər proqramlarında bir dəfə belə, Azərbaycandan bəhs edilməməsinə qırılır.
Azərbaycanın demokratik dövlətə çevrilməsi sizlərin yalnız mənəvi tələbatınıza deyil, həm də Türkiyənin dövlət maraqlarına uyğundur. Bunları ona görə demədim ki,  ölkəmizin demokratikləşməsiylə əlaqədar sizdən xüsusi gözləntilərimiz var, xeyr. Hər nə qədər qardaş olsaq da, ölkəmizin demokratikləşməsinin məsuliyyəti tam olaraq bizim öz çiynimizdədir. Biz özümüz ölkəmizdə demokratiyanı üçüncü dəfə və bu dəfə daimi olaraq yenidən bərqərar edəcəyik. Sizlərin yalnızca mənəvi dəstəyi yetər.
Azərbaycan demokratik olduqca sizə daha yaxın olacaq. Türkiyənin bölgədəki rolunun daha da güclənməsini istəməyən bir qüvvə, xalqımızdan əsla dəstək ala bilməz.