Xalqımızın ləyaqətli övladlarını şərləyənlər cavab verəcəklər

elvin-abdullayevGənc fəal, AXCP Gənclər Komitəsinin üzvü, vicdan məhbusu Elvin Abdullayevin Ali Məhkəmədə kassasiya şikayətinə baxılıb. Məhkəmə şərlənərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş Elvin bəyin ittiham olunduğu CM- nin 234.4.3-cü maddəsini 234.1-ə tövsif edib və ona 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Məhkəmənin qərarı ədalətin bərpa olunması istiqamətində atılmış çox kiçik addımdır. Düzdür, inanıram ki, bu fədakar gənc cəhbəçini biz inşallah yaxın zamanlarda azadlıqda görəcəyik. Amma hesab edirəm ki, şərlənərək həbs olunmuş Elvin bəy və digər siyasi məhbuslar haqq etdikləri bəraəti alaraq həbsdən azad olunmalıdırlar.
Elvin bəyin özünün prinsipial, qətiyyətli, işıqlı gənc olmasını kənara qoyaraq onunla bağlı cinayət işində bir məqamı qeyd etmək istəyirəm;
– Ona qarşı irəli sürülən ittihamın qondarma və sifarişli olmasını bu işdə tanınmış və ixtisaslaşmış “hal şahidi”, sonradan isə “şahid” olmuş Dərgah Quliyevin iştirakı hər şeyi isbatlayır. Çünki Dərgah artıq neçə illərdir ki, hüquq- mühafizə orqanlarının həyata keçirdiyi sifarişli əməliyyatlarda onların xidmətində, dərgahındadır. O, 19 aprel 2008-ci ildə Nailə Paşayevanın haqqında olan cinayət işində, 2012-ci ildə “Kür məhbusu” Ilham Əmiraslanovun barəsində olan cinayət işində Sabirabad rayonunun Əsgərbəyli kəndində evinə baxış keçirilməsində, 2014-cü ildə Babək Ədalətli, Azər Qurbanovun, Nəsimi Quliyevin və onlarca digər şəxslərin haqqında olan cinayət işində şəxsi axtarış və baxış keçirilən zaman hal şahidi kimi iştirak edib saxta protokollara imza atıb, təqsirləndirilən şəxslərin üzünə durub. Artıq Dərgah Quliyev ifşa olunduğundan onun iştirak etdiyi cinayət işləri də qüvvədən və urvatdan düşüb. Həmin cinayət işləri ilə bağlı lətifələr və istehza dolu sərgüzəştlər danışılır. Nə yazıq ki, hüquq mühafizə orqanları Dərgah kimilərin ümidinə qalıb. İnanıram ki, Dərgah Quliyev kimilərdən alət kimi istifadə edib xalqımızın ləyaqətli övladlarını şərləyib onlara qarşı mənəvi terror həyata keçirənlərin özləri çox yaxın zamanlarda haqqın və qanunun dərgahında cavab verəcəklər. Elvin kimi fədakar gənclərimiz isə həmişə qədr bilən xalqımız tərəfindən hörmətə layiq bilinəcək.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyev