Martın 7-də Azərbaycan Milli Məclisində çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya mövzusuna da toxunub.
“Media forum” saytının məlumatına görə, Gürcüstan prezidenti deyib: “Bu gün Rusiya yüz il bundan əvvəl yaşadığı tarixi yaşayır. Hər bir dövrdə Rusiya öz işğalçı məqsədinin qurbanı olub. Elə SSRİ də öz daxilindən – imperiya siyasəti ucbatından dağıldı”.
Mixail Saakaşvili əlavə edib ki, Qafqazda dost və qonşu ölkələr olan Azərbaycan və Gürcüstan öz müstəqilliklərini qazanıb. Bu müstəqilliyə heç bir ölkə, xüsusilə də Rusiya qənim kəsilə bilməyəcək”.
Gürcüstan prezidenti vurğulayıb ki, o, Rusiya xalqına qarşı deyil: “Əksinə, rus xalqına güclü dövlət arzulayıram. Sadəcə, Rusiya bu gün də qonşu ölkələrdə, xüsusilə Qafqazda imperiya məqsədlərindən əl çəkmir ki, biz də bunun qəti əleyhinəyik. Mən Rusiyaya çox qüdrətli olmağı arzulayıram ki, dövlət olaraq öz sərhədlərini dəqiq bilsin”.
***
Saakaşvili Milli Məclisdə Rəsulzadənin şüarını dedi
“Bizi strateji əməkdaşlıq, əsrlər boyu davam edən böyük dostluq əlaqələri bağlayır. Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin iclasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.
“Biz qələbələrdə və məğlubiyyətlərdə bir olmuşuq – istər xristianlara, istər müsəlmanlara qarşı… İlk dəfə Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub”, – deyə o bildirib.
M. Saakaşvili çıxış edərkən Məhəmməd Əmin Rəsulzadənin məşhur “Bir kərə yüksələn bayraq, bir daha enməz” sözlərini Azərbaycan dilində səsləndirib.
Gürcüstan prezidenti çıxışının sonunda da bu şüarı bir daha Azərbaycan dilində təkrarlayıb. Onun bu sözləri MM üzvləri tərəfindən alqışlarla qarşılanıb.


