Hökumətin Qarabağ məzəsi

aliyev-putin-sarkisyanYaxud uğursuzluq üzərində qurulan uğur təbliğatı

Ötən yazılarımızda da qeyd etmişdik ki, hökumət Qarabağ danışıqlarının uğursuzluğunu, mənasızlığını gizlətmək üçün gülməli, qeyri-ciddi proqnozlar verir, kiflənmiş arqumentləri dirçəltmək istəyir. Sonuncu Sankt-Peterburq görüşündən sonra da zərrə qədər uğur, irəliləyiş qoxusu gəlmədi. Xarici işlər naziri Elmar Məmmədyarov da nala-mıxa vura-vura “əlavə dinamika barədə razılığa gəlmişik”, “konstruktiv danışıqlar oldu”, “müsbət nəticə gözləyirik” tipli açıqlamalar verdi. Amma bu müsbət nəticənin nədən ibarət olduğu, razılığın mərkəzində nəyin dayandığı məlum olmadı.

PA-nın şöbə müdiri Novruz Məmmədov isə Peterburq danışıqlarının “müsbət nəticə”sini daha maraqlı şəkildə şərh edib. Deyib ki, danışıqlar prosesində münaqişənin mərhələli həllinə üstünlük verilib. Bunlar həqiqətən də xalqla məzələnirlər. Guya, mərhələli həll planı birinci dəfədir müzkirəyə çıxarılır? 15 ildir bu söhbət dövriyyədədir və dəfələrlə bu məsələdə razılıq əldə olunmasıyla bağlı təbliğat aparılıb.

Indi isə yeni söz tapa, biabırçı diplomatiyanın altından çıxa bilmirlər və buna görə də köhnə arqumentlərdən sallaşıblar. Elə bilirlər ki, cəmiyyət “mərhələli həll” arqumentini unudub. O biri tərəfdən də hökumət mətbuatı Peterburq görüşünü bəh-bəhlə şərh etməyə başlayıb. Daha doğrusu uğursuzluğun üzərində uğur qurmağa başlayıblar.

“Azərbaycanın hərbi-siyasi üstünlüyü sülh danışıqlarının əsas amilidir” başlıqlı məqalə dərc edib, heç kimin görmədiyi üstünlükdən danışırlar. 20 faiz ərazi işğal olunub və buna baxmayaraq hökumət hərbi üstünlükdən danışır.  Yaxud gecə-gündüz erməni lobbisinin fəaliyyətindən danışırlar, beynəlxalq təşkilatların erməni lobbisinin təsirində olduğunu bildirirlər, o biri tərəfdən də siyasi üstünlükdən dəm vururlar. Əgər bütün mötəbər qurumlar erməni lobbisinin təsirindədirsə, Azərbaycana qarşı bütün təxribatların arxasında erməni lobbisi dayanırsa, Azərbaycanın siyasi üstünlüyü hardadır?

Faktiki vəziyyət və hökumətin təbliğatı da göstərir ki, heç bir hərbi-siyasi üstünlükdən danışmaq olmaz. Daha sonra qeyd edilir ki, tərəflər Peterburq danışıqlarından razı qalıb.  Təsəvvür edin ki, prezidentlərin 53-cü görüşü keçirilib, torpaqların azad edilməsi istiqamətində heç bir öhdəlik olmayıb və tərəflər razı qalıb. Ermənistanı, Rusiyanı razı salan səbəbləri başa düşürük. Bəs, Azərbyacanı razı salan səbəb nədir?

Torpaqların boşaldılamsı üçün konkret vaxt qoyulub?  Azərbaycan tərəfi düşməni müharibə ilə hədələyib? Ermənistan geri çəkiləcəyini rəsmən təsdiqləyib? Axı, danışıqlardakı müsbət tendensiya nədə ifadə olunub?

Artıq 53-cü görüşdür ki, “uğurlu keçdi” təbliğatıyla yad edilir. Belə çıxır ki, Sərkisyanın Əliyevlə görüşməsi, Ermənistan prezidenti ilə dərdləşmək hökumətimiz üçün uğur göstəricisidir.

Əvvəllər də qeyd etdiyimiz kimi, hökumət Qarabağ danışıqlarını qeyri-ciddi mövzuya çevirib və görüşlər haqqında məzəli açıqlamalar verilir. 53 görüşdən sonra 15 il əvvəlki mövzuya qayıdıb, mərhələli həlldən danışıblar.

Görəsən, bu “mərhələli həll” danışıqların hansı mərhələsində töhfə verəcək?..

İlham