Döyülən vicdan məhbusları həm də Qarabağ qazisidir

«Qarabağda döyüşən və yaralanan insanlara bu cür münasibət Azərbaycan adına utancdır»

Vicdan məhbusları Məhəmməd Məcidli və Babək Həsənovun 16-cı kalondan 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülərkən fiziki və mənəvi təzyiqlərə məruz qaldıqları barədə ötən saylarımızda məlumat vermişdik. Penitensiar Xidmət xəbəri təkzib etdiyi üçün vəkil Fəxrəddin Mehtiyev 14-cü kalona gedib hər iki məhbusla görüşmək istədiyini bəyan etdi. Lakin neçə gündür ki, Penitensiar Xidmət vəkilin görüşlə bağlı müraciətinə cavab vermir: “Əvvəl cəzaçəkmə müəssisəsinin rəisinə yazılı müraciət təqdim edirdik, məsələ həll olunurdu. Indi cavabı Penitensiar Xidmətin Baş Idarəsi verməlidir. Söz veriblər ki, bugünlərdə cavab veriləcək. Ona görə də hələ gözləyirik. Onlarla təcili görüşüb baş verənlərə aydınlıq gətirməliyəm”.
Qeyd edək ki, adıçəkilən hər iki məhbus Qarabağ uğrunda döyüşlərdə iştirak edib və yaralanıb. Hər zaman vətənpərvərlikdən dəm vuran Azərbaycan hakimiyyəti isə Qarabağ qazilərini həbsə atmaqla da kifayətlənmək istəmir. Onları həbsxana daxilində də repressiyalara məruz qoymaq üçün əlindən gələni edir.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hakimiyyətin bu addımının Azərbaycan adına utanc olduğunu deyir: “Qarabağda döyüşən və yaralanan insanlara bu cür münasibət Azərbaycanın adına ancaq utanc gətirə bilər. Əslində biz bu münasibəti bu gün görmürük. Bu hakimiyyətin Qarabağ qazilərinin, şəhid ailələrinin başına hansı oyunlar gətirdiyinə 93-cü ildən şahidik. Əksəriyyətini həbsxanaya saldılar, şəhidlərin övladlarını küçədə diləndirdilər, şəhid analarına verdikləri təzminat çörəkpullarına çatmadı. Bu gün vicdan məhbuslarının başına gətirilənlər də bu siyasətin davamıdır. Ona görə də, bu hakimiyyətdən Qarabağ qazilərinə, milli azadlıq hərəkatında can qoyanlara, haqq-ədalət, demokratiya uğrunda mübarizə aparanlara hörmət gözləmək əbəsdir. Onlar bu adamlara ancaq düşmən kəsilə bilərlər”.