Ali Məhkəmə Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib
İyunun 22-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin üzvü Abdullazadə Elvin Rəşadət oğlunun kassasiya şikayətinə baxılıb.
Gənc fəalın özü və onun başqa vəkili Fəxrəddin Mehdiyev məhkəmə iclasında iştirak etməyib.
Məhkəmə iclasında Elvin Abdullazadənin vəkili Əli Mehtiyev kassasiya şikayəti ilə çıxış edərək məhkəmədən gənc fəal barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Vəkil çıxışını məhkəmə kollegiyasına çatdırıb: “Hökmdə göstərilir ki, Elvin Abdullazadə məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 3,200 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşıyıb, 8 yanvar 2015-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Baş Polis Idarəsinin Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı Səbail rayonu ərazisində Sahil bağının yaxınlığında yaxalanıb, Baş Polis Idarəsinə gətirilərək baxış zamanı üzərindən 3,200 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilərkən Elvin Abdullazadə ifadəsində göstərib ki, 8 yanvar 2015-ci il tarixdə təxminən saat 11:30 radələrində oxuduğu Pedaqoji Universitetdə növbəti imtahanı uğurla verib, bu barədə anasına telefonla bildirərək, təhsil haqqını ödəmək üçün gedən zaman Bakı şəhəri Səbail rayon ərazisində, oxuduğu Universitetin yaxınlığında yerləşən Sahil bağında tanımadığı mülki geyimli şəxslər onu avtomaşına mindirib, qoluna qandal vuraraq Bakı şəhəri Baş Polis Idarəsinin Narkotiklərlə Mübarizə Idarəsinə gətiriblər. Orada ona qarşı fiziki və psixoloji təzyiqlər edilib, bir otaqda polis əməkdaşlarının nəzarətində saxlayıblar. Naharda ona yemək verən zaman əlinin qandalını açıblar. Həmin vaxt o, polis əməkdaşlarının diqqətindən yayınaraq mobil telefonu ilə facebooka daxil olaraq tutulması barədə səhifəsində status yerləşdirib. Yeməkdən sonra onun qollarını yenidən qandallayıblar. O yenə fürsət tapıb mobil telefon vasitəsilə qolları qandallı şəkil çəkərək facebooka yerləşdirib. Bu zaman polis əməkdaşı bunu görüb, ona təzyiqlər edərək əlindən telefonu alıb və telefonda olanları silib, ona yenə fiziki və mənəvi təzyiqlər edilib. Bu hadisədən təxminən 2-3 saat sonra qolları qandallı vəziyyətdə liftlə aşağı mərtəbədə olan otaqların birinə gətirilib. Yolda onun şalvarının arxa cibinə əllərini salıb çıxarıblar və o, cibinə nəyinsə qoyulduğunu hiss edib. Onun gətirildiyi otaqda üzərinə baxış keçiriblər və baxış zamanı şalvarının qeyd olunan arxa cibindən bükülü çıxarılıb, o da bunun ona məxsus olmamasını bildirib. Idarəyə gətiriləndən 8 saat sonra onun üzərinə baxış keçirilib. Bir müddət onun qollarının bağlı və açıq olduğu vaxtlar da olub. Bu müddətdə o, mobil telefonundan istifadə edib, sosial şəbəkədə status paylaşıb. Orda olduğu müddətdə tualetdən də istifadə edib. Onun cibində hər hansı narkotik vasitə olmuş olsaydı, həmin vaxt onu çıxarıb ata bilərdi.
Məhkəmədə müdafiəçi kimi iş üzrə hal şahidi, sonradan şahid olmuş Dərgah Quliyevin 19 aprel 2008-ci ildə Nailə Paşayevanın haqqında olan cinayət işində, 2012-ci ildə Ilham Əmiraslanovun barəsində olan cinayət işində Sabirabad rayonunun Əsgərbəyli kəndində evinə baxış keçirilməsində, 2014-cü ildə Babək Ədalətli, Azər Qurbanovun, Nəsimi Quliyevin haqqında olan cinayət işində şəxsi axtarış və baxış keçirilən zaman hal şahidi kimi iştirak etməsi ilə bağlı mötəbər sənədləri məhkəməyə təqdim edib, onun bu cür işlərdə şəxsi marağının olub-olmamasını araşdırmaq məqsədilə onun təkrar dindirilməsi barədə 8 yanvar 2015-ci il tarixdə saat 16:15-dən 16:54-dək Elvin Abdullazadənin facebookda yerləşdirdiyi qolları qandallı vəziyyətdə şəkli ilə bağlı ayrı-ayrı şəxslərin sosial şəbəkədə fikirlərini paylaşması, həmin vaxt Elvinin telefonuna zəng də edilməsi, paylaşmada iştirak etmiş şəxslərdən biri – facebookda Türkel Azerturk kimi qeydə alınmış Əlisoy Türkel Əhməd oğlunun əlavə şahid qismində dindirilməsi barədə vəsatətləri təmin olunmayıb.
Iş materiallarından görünür ki, bu cinayət işində Elvin Abdullazadəyə münasibətdə cinayət hadisəsi yoxdur və onun cinayətin törədilməsinə aidiyyəti yoxdur. Odur ki, Abdullazadə Elvin Rəşadət oğlunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.
Daha sonra dövlət ittihamçısı Rəsul Abbasov Elvin Abdullazadənin təqsirinin baxış keçirilən zaman videoçəkiliş və hal şahidlərinin ifadələri ilə sübuta yetirildiyini deyib və kassasiya şikayətinin təmin edilməməsini istəyib.
Məhkəmə kollegiyası qərarı elan etmək üçün müşavirəyə gedib. 5 dəqiqəlik müşavirədən sonra məhkəmə kollegiyası qərarı elan edib. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2015-ci il tarixli hökmü dəyişdirilib. Elvin Abdullazadənin ittiham olunduğu 234.4.3-cü maddə 234.1-ə tövsif edilib və ona 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Elvin Abdullazadə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2015-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 24 dekabr 2015-ci il tarixli qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 iyun 2015-ci il tarixli hökmünü dəyişdirmədən qüvvədə saxlayıb.
“Amnesty Internotional” Elvin Abdullazadəni “vicdan məhbusu” elan edib.
Təzəxan