Mixail Saakaşvili Vatslav Havel deyil, yəni canı-qanı demokratiya ilə yoğurulan, bütün dünyada azadlıqların təəssübünü çəkən ictimai simalardan deyil. Bu adamı çox izləmişəm, hətta müxalifətdə olduğu dövrdə ziddiyyətli çıxışlar etdiyini özüm eşitmişəm. Gürcüstandan olan həmkarlarım, ictimai fəallar onun daxilən avtoritarizmə meylli olan güclü bir insan olduğunu deyirlər. Amma bu adam öz xalqı üçün məhz Vatslav Havelin eləyə biləcəklərini etdi. Bu adam öz xalqına demokratiyanı, azadlıqları daddırmağa başladı. Çağdaş bir idarəçiliyin, ədalətin ölkəsinə gəlməsinə var gücü ilə çalışdı.
Mən deyərdim ki, alındı da. Məhz onun sayəsində Sovet dövründə korrupsiyanın, rüşvətin, özbaşınalığın ən çox yayıldığı respublika olan Gürcüstan hamıdan önə çıxdı. O kasıb və kiçik Gürcüstanı postsovet dünyasının incisinə çevirdi. Mən axıracan sovetləşməyən Baltik ölkələrini demirəm. Amma Gürcüstan sovetlərin bu gün ən uğurlu ölkəsidir, sanki Qafqaz yox, dördüncü Baltik ölkəsidir. Hətta neft milyonlarından sərxoş olan Azərbaycanın əhalisi də bu ölkədəki dəyişikliklərə və uğurlara həsəd aparır.
Bəli, təzadlıdır, dünən Bakıda rəsmi səfərdə olan Mixail Saakaşvili bizim ölkədəki inkişafı tərifləyib: “Doğrudan da hər dəfə Bakıya gəldikdə nəinki tərəqqiyə, Azərbaycanın sıçrayışlı inkişafına heyran qalırsan”“.”
Bundan sonra isə cənab Saakaşvili Azərbaycanın regiondakı mövqeyini öyüb, əyalətlərimizdəki inkişafdan söz açıb. Bilirəm ki, üzü bəzək, içi təzək olan inkişafımızın mahiyyətini bilən adamlar üçün bu sözlər adi yalandan başqa bir şey deyil. Ölkənin necə talan edilməsi hesabına tikinti və abadlıq işləri ilə üz qızartmağa, acı reallığı pərdələməyə çalışan Ilham Əliyev özü də bu sözlərə inanmaz. Amma ona xoşdur. Saakaşvili də elə xoş gəlmək üçün söyləyib o sözləri.
Saakaşvili igid adamdır, lakin öz xalqının igididir. Öz xalqına qaz almaq üçün, müəyyən faydalar qazandırmaq üçün Ilham Əliyevə xoş gələn sözlər deyir. O, həm öz xalqının, həm özgə xalqların igidi olmağa yol tuta bilərdi. Lakin o, Gürcüstanın inkişafını özündən üstün tutur, öz daxili hisslərini də boğur, öz maraqlarını da.
Rusiyalı şairin Gürcüstana səfər xatirələri haqda bir dəfə də yazmışdım. Saakaşviliyə nifrət edən, onu Rusiyanın düşməni sayan, 5 il fasilədən sonra Gürcüstana gedən ədib tamam fərqli bir ölkə görür. Orada isə müxalifətçilərin “Oğlu lisey imtahanından keçə bilmədi” deyərək Saakaşviliyə lağ etməsinə dözə bilməmişdi və etiraz etmişdi: “Bizim Putin oğlunun, nəvəsinin keçmədiyi liseyi traktorla uçurardı. Xoşbəxtliyinizə kor olmayın.”
Göründüyü kimi, Mixail Saakaşvili ölkəsi üçün oğlunun uğursuzluğunu da qəbul edir. Ilham Əliyev isə tərif aludəçisidir və insanların ona yaltaqlanmasını özünə uğur sayır. Üstəlik, bunun ölkəyə çox ağır başa gəldiyinin fərqinə varmır.
Mixail Saakaşvili isə hətta Azərbaycana da fayda verdi. Bir ümid gətirdi – insanlar gördü ki, Gürcüstan dəyişə bilirsə, Azərbaycan da dəyişə bilər. Azərbaycan xalqı onun fəaliyyətinin timsalında yeniləşməyə daha yaxın oldu. Onun köməyi ilə demokratik dəyişikliklər Qırmızı Körpüyə yaxınlaşdı. Lakin onun təriflədiyi Ilham Əliyev bütün dəyişiklik körpülərinin yandırır və Bakıda korrupsiya körpüləri tikir. Üstünə də adını yazdırır. Buna qalsa, gərək Gürcüstanın hər yerində belə bir söz yazıla: “Bu ölkənin müasirliyə körpüsü Mixail Saakaşvilinin sərəncamı ilə tikilib”“. 2012.

Saakaşvili Azərbaycanı tərifləyir, Azərbaycan isə Gürcüstana həsəd aparır…
•