“Azadlıq” sosial mediada günün müzakirələrini işıqlandırmaqda davam edir. “Xalq nə düşünür?” rubrikasında bu dəfə günün ən çox müzakirə olunan mövzularını-Salyan Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn üçəmlərdən iksinin ölümünə və Rusiya, Azərbaycan, Ermənistan prezidentlərinin Qarabağ müzakirələrinə sosial şəbəkə istifadəçilərinin münasibətini təqdim edirik.
Körpələrin ölümü
Salyan rayon xəstəxanasında elektrik enerjisinin kəsilməsi nəticəsində şüşə altında saxlanılan 2 körpənin oksigen çatışmazlığından ölməsi sosial mediada ən çox müzakirə olunan mövzulardan olub. Sosial şəbəkə istifadəçiləri bu xəbəri əsasən qəzəblə qarşılayıb.
“İnsan canının bu qədər dəyərsiz olduğu ölkədə yaşayırıq”, – Fəridə Allahverdi yazıb.
“Xəstəxanaların hamısı pul tələsidir. Adamın canı da, pulu da gedir orda”, – Leyla Əlinin məsələyə münasibəti belədir.
Asya Məmmədova isə körpələrin onun xalası nəvəsi olduğunu bildirərək qeyd edir ki,“Şikayətimizi geri almasaq, uşaqların meyidini verməyəcəklərini deyirdilər. Bildirmək istəyirəm ki, xəstəxanada avadanlıq çatışmadığı üçün uşaqların üçü də bir şüşə altına qoyulub. 7 aylıq doğulmuş uşaqlar bir şüşədə nəfəs ala bilərdi mi?! İşıq sönəndə isə insanlıqdan yoxsul olan tibb işçiləri “uşaqlar cəhənnəmə ölsün” deyə bildiriblər”.
“Xəstəxanın generatorları baş həkimin villasında olub yəqin”, – Anar Səfərovun məsələyə münasibəti belədir.
İlkin Piriyev isə fikrini ironiya ilə bildirib: “Xəstəxananın baş həkimi Yeyib Dağıdanov baş vermiş hadisə ilə bağlı mətbuata bildirib ki, günahkar xəstəxananın 62 yaşlı xadiməçisi Bikə xala olub. Belə ki o, tozsoranı elektrik cərəyanına qoşarkən qısa qapanma olmuş ve nəticədə də məlum hadisə baş vermişdir”.
İncə Alısoy yazıb ki, “Uşaqların ölümü korrupsiyanın nəticəsidir. Vaxtinda ayrılan pullar lazımi yerə getsə idi, belə olmazdı!”
N!da Vətəndaş Hərəkətinin fb səhifəsi xəbəri belə başlıqla paylaşıb: “İnsanları öldürən Azərbaycan səhiyyəsi bugün də 2 körpənin həyatına son qoyub!”
Rəhim Cabbarov yazır: “Hər doguşdan həkimlər pul ala bilir, tibb bacıları uşaq sahiblərindən dilənçi kimi pul yığa bilir, amma xaraba xəstəxananın işiq sistemini düzəldə bilmirlər?”
“Bu məsələyə görə də bu dəfə yəqin xəstəxanada işləyən xadiməçini həbs edərlər, iş bağlanar”, – İlkin Kazımov belə qeyd edib.
Səltənət Adıgözəlova: “Guya boyunlarına götürürlər ki? Deyir uşaqlar işıq sönməsindən yox, zəif olduqlarına görə ölüblər. Gəl indi bunlarla mübarizə apar”.
Nihad Hüseynin də hadisəyə nünasibəti maraq doğurur: “Sonra da qınayırlar ki, niyə etiraz edirik hökümətə? Kim deyə bilər ki, sabah mənim başıma buna bənzər bir hadisə gəlməyəcək? Hər addımbaşı səriştəsizlikləri ucbatından ölə biləcəyimiz bir hökümətə etiraz etmək mənim ən təbii haqqımdır”.
Rabil Heydərov yazır ki, “Tərslikdən xəstəxananın generatoru da işləməyib. Kommunal idarələri, səhiyyəni bərbad günə qoyan hökumət, milyonlar xərcləyib xalqa lazımsız oyunlar keçirir”.
“Neynirik uşağı, körpəni? Əsas “Formula 1”-dir, əcnəbilərdir, onlara yaxşı olsun, ölkəmiz tanınsın”, – İntiqam Məmmədov qeyd edib.
“Zülmət çökmüş ölkəyə göz açmadan daha iki körpə dünyadan köçdü”, – Səxavət Soltanlı hadisəni belə təsvir edir.
“Hansı zəmanədir, xəstəxanada işıq sönür? 9 ay əziyyətlə qarnında daşı, sonra da heç nədən uşağını itir. Allah bilir valideynlər nə gündədir?” – Nigar Nika şərh edib.
Münaqişənin yeni həll üsulu – “Əlavə dinamika”
Ötən gün Elmar Məmmədyarov Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə açıqlama verərək bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına əlavə dinamika qatmaq barədə razılığa gəlinib. Bu açıqlama sosial media istifadəçiləri arasında ən çox müzakirə edilənlərdən olub.
İlham Hüseyn mövzuya belə münasibət bildirib: “24 ildən sonra aprel ayında dinamika yaranmışdı, onu da öldürdünüz. Danışıqlara əlavə dinamika yox, əlavə qətiyyət, əlavə cəsarət, əlavə qəzəb, əlavə müharibə ab-havası qatmaq lazımdır”.
Zamin Talıb hökumət bacarıqsızlıqda ittiham edərək yazır ki, “Sitatlara terminlər əlavə etməklə vəziyyət dəyişmir, cənablar, iş görmək lazımdır. Əlavə “dinamika” lazım deyil, yeri əsl siyasətçilərə vermək lazımdır”.
“Ermənistanı silahlandıran, torpaqlarımızın işğal olunmasında ermənilərə hərtərəfli dəstək verən, Qarabağı Azərbaycan torpağı kimi tanımayan Rusiya münaqişənin nizamlanmasına əlavə dinamika qatacaq. Belə “uğurlu” siyasətin nəticəsidir ki, 23 ildir ki, “lazım” gəlib çıxmır”, – Gözəl Bayramlının şərhi bu cürdür.
“Bundan sonra danışıqlar musiqili olacaq?”, – Coşqun Xəlilovun ironiya ilə qeyd edib.
Daşqın Ağalarlı söhbətin heç də hərbi və siyasi məsələlərdən getmədiyini qeyd edərək yazır ki, “Yəqin yeməklərə və içkilərə əlavələr olunacaq. Ofşorlarda maliyyə təhlükəsizliyi üçün yeni fırıldaqlar tapılacaq. Ermənilərlə ortaq bizneslərinin həcmi artırılacaq”.
“Millət, biz 23 ildir səhvən Lazım müəllimi gözləyirdik, ancaq sən demə, gözləməli olduğumuz Dinamika xanımmış! Məşhur bir filmdə emosiya çatmadığı kimi, Qarabağ danışıqlarında da dinamika çatmırmış”, – Gültəkin Hacıbəyli fikrini belə ifadə edib.
Rəşad Tuncayın açıqlamaya istehza ilə yanaşıb: “Birazdan görüşlərə DJ aparacaqlar. Söhbət gedə-gedə melodiya buraxacaqlar”.
Ağa İsmayılovisə isə belə yazıb: “Biri də çıxıb demir, bu “dinamika” nədən ibarət olacaq. Elə ancaq söz olsun deyə ortalığa atılıb”.
“Çox heyf təpəcik uğruna güdaza gedən dağ kimi oğlanlardan. Onlar bu dinamika üçün mü canlarını verdilər?”, – Eldəniz Osmanov paylaşım edib.
“Dinamika yaşı 80-i keçmiş məmurlardır. Onlar nə qədər tez düşünsələr, bir o qədər Qarabağ məsələsi də tez həll olacaq”, – Tərlan Hüseyn qeyd edib.
“Rəsmi Bakı və rəsmi İrəvan Sankt-Peterburqda razılaşdırılan “əlavə dinamika” ifadəsini fərqli dəyərləndirəcəklər. Əgər rəsmi İrəvan bu ifadəni atəşkəsin daimi qorunması kimi qəbul edəcəksə, rəsmi Bakı bu ifadəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsi kimi izah edəcək. Demək, belə şəraitdə atəşkəsin qorunacağına zəmanət yoxdur”, – Elxan Şahinoğlu açıqlamanı belə şərh edir.
Fərahim Səmədzadə yazır ki, “Təkcə dinamika yox, bir az kinematika, bir az da statika əlavə etsəniz, çox ləzzətli alınar. Hərəsinə də 25 il sərf olunsa, olar lap estetika”.
“Biz bunlardan konkret nəticə, Ermənistan hakimiyyəti qarşısında tələblər qoymağı gözləyirik, bunlar “əlavə dinamika”-dan danışırlar. Bunların torpaq qaytarmaq, düşmənə təzyiq göstərmək niyyətləri yoxdur. Söhbətə dinamika qata-qata vaxt öldürürlər”, – AXCP Gənclər Komitəsinin fb səhifəsi belə bir paylaşım edib.
“Hər dəfə Qarabağ danışıqları ərəfəsində insanlara, cəmiyyətə ümid vermək lazım deyil. Qarabağ münaqişəsi o zaman həll olunacaq ki, Azərbaycanda onu həll etmək istəyən, ölkənin, xalqının vəziyyətinə biganə qalmayan hakimiyyət olsun”, – Ərəstun Oruclu belə yazıb.