“Yarana biləcək xoşağəlməz nəticələrə görə məsuliyyəti birbaşa İlham Əliyev daşıyır”
İctimai Plata vicdan məhbuslarına və AXCP fəallarının aksiyasına dəstək ifadə etdi
İctimai Palata martın 6-da AXCP fəallarının vicdan məhbuslarına qarşı işğəncələrə etiraz məqsədilə keçirdiyi aksiyanın qəddarlıqla dağıdılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Azərbaycan hakimiyyəti qurama ittihamlarla həbs etdiyi müxalif siyasi fəallara qarşı həbsxana şəraitində də təxribatlardan əl çəkmir. Son belə münasibətlə 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar, AXCP üzvləri Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlı üzləşib. Onlar həbsxanada təxribat əməlləri ilə qarşılaşdıqlarını ictimailəşdirəndən sonra Məhəmməd Məcidli və Babək Həsənov 16 saylı Cəzaçəkmə Müəssisəsindən daha ağır şəraiti olan 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüblər. Üstəlik bu zaman onlara qarşı qeyri-insani rəftar olub – siyasi məhbuslar zorakılığa məruz qalıb, hətta şəxsi əşyalarını belə götürə bilməyiblər.
Məhz siyasi məhbuslarla belə qeyri-insani rəftara, onların həyatını təhlükəyə atan təxribat əməllərinə son etiraz etmək məqsədilə martın 6-da təxminən 100 nəfər AXCP fəalı Bakıda Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirmək istəyib. Aksiyaya çıxanlar arasında bir neçə nəfər siyasi məhbusların ailə üzvləri də olub. Lakin aksiya iştirakçılarının qarşısı Nazirliyin binsaına yaxın ərazidə kəsilib və onlar polisin hədsiz qəddarlığı ilə üzləşiblər.
Polislər çoxu AXCP Gənclər Komitəsinin üzvləri olmaqla aksiya iştirakçılarından 17-i nəfəri həbs edib. Bu zaman onlardan bir neçəsini polis möhkəm döyüb və nəticədə Cabbar Savalanlı qaş, Dəyanət Babyev isə ağız nahiyəsindən ciddi xəsarət alıblar.
Aksiya iştirakçıları saxlanılaraq aparıldıqları Yasamal Polis İdarəsində də polis zorakılığına məruz qalıblar. İdarədə gənc fəallardan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və gənc fəal Məcid Mərcanlı döyülüblər.
Hiddət doğuran məqamlardan biri də budur ki, hadisə zamanı siyasi məhbuslardan Elnur Məcidlinin atası Arzuman Məcidli və Babək Həsənovun qardaşı Bəhruz Həsənov da həbs ediliblər.
İctimai Palata bütün bu baş verənlərdən hiddətləndiyini bildirir və hakimiyyəti siyasi rəqiblərinə qarşı belə düşmən münasibətdən əl çəkməyə çağırır.
İctimai Palata hakimiyyətdən tələb edir ki, faktiki girov saxladığı siyasi dustaqlara qarşı təxribatları, qanunsuz davranışları dayandırsın, onların müdafiə edənlərə olan qəddarlığa görə cavabdehlər cəzalandırılsın.
İctimai Palata bildirir ki, Azərbaycan hakimiyyəti son baş verənlərlə dünyada və ölkədə cərəyan edənlərdən doğru nəticə çıxarmadığını nümayiş etdirir. İctimai Palata bu siyasətin Azərbaycan cəmiyyəti, ölkəmiz və eləcə də iqtidarın özü üçün yaxşı perspektivlər vəd etmədiyini vurğulayaraq, ondan imtina olunmasına çağırır.
İctiam Palata bəyan edir ki, ölkədə ictimai-siyasi mühitin gərginləşdirilməsi, cəmiyyətin əsəblərini tarıma çəkmək ağır nəticlər vəd edən yanlış siyasətdir. Bu yanlışlığın doğuracağı xoşağəlməz nəticələrə, eləcə də faktiki hakimiyyətin girovluğunda saxlanan siyasi məhbusların taleyinə yarana biləcək təhlükəyə görə isə məsuliyyəti birbaşa ölkə başçısı İlham Əliyev daşıyır.
İctimai Palata Azərbaycan iqtidarını bir daha dərindən düşünərək ağıllı qərarlar verməyə, ölkədə gərginliyi aradan qaldıracaq islahat xarakterli addımlar atmağa, o cümlədən günahsız yerə illərdir, aylardır həbsdə saxladığı siyasi məhbusları azad etməyə çağırır.


