Dəyanət Babayevin dişi qırıldı; Cabbar Savalanlının üzünə tikiş vuruldu; Əbülfəz Qurbanlıya elektroşok verildi
AXCP vicdan məhbuslarının, “Amnesty İnternational” cəbhəçilərin müdafiəsinə qalxdı
AXCP üzvləri olan vicdan məhbusları Məhəmməd Məcidli, Babək Həsənova qarşı işgəncələrə və vicdan məhbuslarının azadlığa çıxması üçün ötən gün AXCP-nin 100-ə yaxın fəalı metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı parkda etiraz aksiyası keçirdi. Saat 15:00-a təyin edilən aksiyaya siyasi məhbusların ailə üzvləri də qoşulmuşdu. Aksiya başlar-başlamaz polis sözügedən ünvanda peyda oldu.
“Bir dəfə də kişi ol, Ismayıl”
“Istefa”, “Azadlıq” şüarları səsləndirən aksiya iştirakçıları “asayiş keşikçilər”inin zorakılığı ilə üzləşdi. Siyasi məhbusların şəkilləri olan plakatlar alınaraq cırıldı.
Aksiya keçirilən zaman maraqlı bir məqamı da qeyd edək. Belə ki, gənclər etiraz səsini qaldıranda onlardan iki-üç addım kənarda ATV-nin müxbir heyəti paytaxt sakinləri arasında efirə gedə biləcək sorğu götürürdülər. “Istefa” şüarlarını eşidən kimi cin şüşədən qorxan kimi tez kənara atıldılar. Ancaq polislərin göstərişi ilə onlar bu dəfə aksiya iştirakçılarını çəkməyə başladılar.
Budəfəki aksiyada Yasamal rayon polis idarəsinin rəisi Ismayıl Əsədov birbaşa özü iştirak edirdi və zabitlər onun əmrinə uyğun işlərini tənzimləyirdilər.
Təpik və yumruqla aksiyaçıların qarın və baş nahiyələrinə vuran polislər gənclərin şüar səsləndirməsinə ara vermədiyini gördükdə ərazidə süstlük yaratmaq üçün əlavə gücə ehtiyac hiss etdilər. Ratsiya ilə əlaqə saxlayıb hadisə yerinə əlavə qüvvə cəlb edildi.
Ismayıl Əsədovun canfəşanlığı xüsusilə diqqəti cəlb edirdi. Bunu görən gənclər “Bir dəfə də kişi ol, Ismayıl”“ deyə ani də olsa şüarı dəyişdirdilər.
Vəziyyətin nəzarətdən çıxdığını görən polislər tez bir zamanda gənclərə zor tətbiq edərək onları maşınlara mindirdilər. Aksiyadan reportaj hazırlayan qəzetimizin əməkdaşına da təzyiq edildi, fotoaparatı yararsız hala saldılar. Jurnalist vəsiqəsini polis və mülki geyimlilərə göstərsə də xeyri olmadı.
“Siz hamınız etnik, biz isə Naxçıvandan gəlmiş türklərik”
Bir polis maşınına 9 fəalı “yerləşdirən” polislər aksiya iştirakçılarından 17 nəfər – AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, partiya fəalları Toğrul Ibrahim, Dadaş Sadiqli, Renat Nəcəfov, Nuru Nuruzadə, Bəyim Həsənli, Məcid Mərcanlı, Məmməd Ibrahim, Dəyanət Babayev, Cabbar Savalanlı, Bəhruz Həsənov, Rövşən Əsədov, Samir Hüseyini, Ziya Zöhrab, vicdan məhbusu Elnur Məcidlinin atası Arzuman Məcidli, Saqif Qurbanov və bu yazının müəllifini Yasamal Rayon Polis Idarəsinə apardılar.
Idarənin “arzuolunmayan” hissəsinə yerləşdirilən AXCP fəallarını görən başqa polislər həmkarlarına “işləriniz avand olsun, yorulmayasınız”“ deyib, Allahdan şəfa dilədilər.
Bir neçə dəqiqədən sonra aksiya iştirakçılarının yanına gələn müstəntiq onların sıra ilə düzülməsini əmr etdi. Bunun qanunsuz olduğunu müstəntiqin diqqətinə çatdırdıqda o, həmin yeri tərk etməli oldu.
Aksiya zamanı Dəyanət Babayev, Cabbar Savalanlı və Rövşən Əsədov amansızlıqla döyüldülər. Dəyanət Babayevin dodaqları partladıldı, dişi sındı, Cabbar Savalanlının isə qaşı partladı, almacıq nahiyəsi ciddi zədələndi.
Gənc fəal Məcid Mərcanlının döyülməsində rəis Ismayıl Əsədov şəxsən özü iştirak etdi.

Əbülfəz Qurbanlıya isə elektroşok verdilər. Səbəbsə cəbhəçi gəncin polisin özbaşınalığına etiraz etməsi idi. Ə.Qurbanlı polislə mübahisə etdi. Bu zaman onu kənara çəkib döymək istəyəndə ətrafdakı cəbhəçilər buna imkan vermədi. Eyni zamanda həmin cəbhəçilərə qarşı da söyüş və kobudluq edildi. AXCP gənclər komitəsinin sədri polisin bu hərəkətinə etiraz edəndə elektroşokla dizlərinə və bədəninin müxtəlif nahiyələrinə vurdular. Daha sonra 4-5 nəfər polis əməkdaşı onu başqa bir otağa aparıb döydülər. Sifətinə xəsarət yetirdilər. Döyənlər arasında Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinin rəisi Hüseyn də var idi.

Ə.Qurbanlını döyən zaman polislər ona “Azərbaycan heç vaxt Ərəbistan olmayacaq, siz hamınız etnik, biz isə Naxçıvandan gəlmiş türklərik”“ deyib təhqir etdilər. “Mənə isə, Türkmənistandan gəlmisən, tərəkəməsən, bizə dəxlin yoxdur”“ dedilər”.
Bundan başqa, biz idarədə olan zaman fotoaparatımızın yaddaş kartı alınaraq baxış keçirildi, qaytarıldıqda isə bütün şəkillər silindi.
Idarədə aksiya iştirakçılarını gətirən 4 polis çavuşuna izahat yazmaq üçün hazır mətnlər verildi. Mətnlərdə isə guya AXCP fəallarının polislərə müqavimət göstərməsi barədə yazılmışdı. Yazılanları oxuya bilməyən çavuşlar tez-tez “rəis, sizin xəttinizi oxuya bilmirik”“ deyib kömək üçün müraciət edirdilər.
Günün sonunda aksiyaçılardan 5 nəfəri – Dəyanət Babayevi, Cabbar Savalanlını, siyasi məhbus Babək Həsənovun qardaşı Bəhruz Həsənovu, Ziya Zöhrabı, Saqif Qurbanovu Yasamal Rayon Məhkəməsinə apardılar. Bəhruz Həsənov 70, digər 4 nəfər 50 manat cərimələndi. Məhkəməyə aparılmayan cəbhəçilər isə elə polis idarəsində 10 manat cərimələnərək sərbəst buraxıldı.
“Yarana biləcək təhlükəyə görə məsuliyyəti Ilham Əliyev daşıyır”
Ictimai Palata AXCP fəallarının vicdan məhbuslarına qarşı işğəncələrə etiraz məqsədilə keçirdiyi aksiyanın qəddarlıqla dağıdılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti qurama ittihamlarla həbs etdiyi müxalif siyasi fəallara qarşı həbsxana şəraitində də təxribatlardan əl çəkmir. Son belə münasibətlə 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – AXCP üzvləri Məhəmməd Məcidli, Babək Həsənov və Zülfüqar Eyvazlı üzləşib. Onlar həbsxanada təxribatla qarşılaşdıqlarını ictimailəşdirəndən sonra Məhəmməd Məcidli və Babək Həsənov 16 saylı Cəzaçəkmə Müəssisəsindən daha ağır şəraiti olan 14 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Üstəlik, bu zaman onlara qarşı qeyri-insani rəftar olub – siyasi məhbuslar zorakılığa məruz qalıb, hətta şəxsi əşyalarını belə götürə bilməyiblər.
“Son baş verənlər dünyada və ölkədə cərəyan edənlərdən Azərbaycan hakimiyyətinin doğru nəticə çıxarmadığını nümayiş etdirir. Ictimai Palata bu siyasətin Azərbaycan cəmiyyəti, ölkəmiz və eləcə də iqtidarın özü üçün yaxşı perspektivlər vəd etmədiyini vurğulayaraq, ondan imtina olunmasına çağırır. Ölkədə ictimai-siyasi mühitin gərginləşdirilməsi, cəmiyyətin əsəblərinin tarıma çəkilməsi ağır nəticələr vəd edən yanlış siyasətdir. Bu yanlışlığın doğuracağı xoşağəlməz nəticələrə, eləcə də faktiki hakimiyyətin girovluğunda saxlanan siyasi məhbusların taleyinə yarana biləcək təhlükəyə görə isə məsuliyyəti birbaşa ölkə başçısı Ilham Əliyev daşıyır”, – deyə bəyanatda qeyd edilir.
“Azərbaycan hakimiyyəti dinc aksiyaçıları döyməkdə və həbsxanalara doldurmaqda davam edir”
“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı martın 6-da Bakıda AXCP fəallarının vicdan məhbuslarına dəstək məqsədilə keçirdikləri aksiyanı polisin qəddarlıqla dağıtmasını və bu zaman iştirakçılardan bir neçəsini döyməsini pisləyən bəyanat yayıb.
“Azərbaycan hakimiyyəti Bakıda dinc etiraz aksiyası keçirilərkən dörd gənc fəalın polis tərəfindən döyülməsi faktını dərhal araşdırmağa başlamalıdır”, deyə bəyanatında bildirilir. Bəyanatda daha sonra deyilir ki, Bakının mərkəzində keçirilən aksiyada Cabbar Savalanlı və Dəyanət Babayev polis əməkdaşları tərəfindən xüsusi amansızlıqla döyülərək, digər 14 nəfər və bir neçə jurnalistlə birlikdə həbs olunublar. Aksiya iştirakçıları olan Əbülfəz Qurbanlı və Məcid Mərcanlı isə bir qədər sonra, Yasamal rayonu Polis İdarəsində döyülüblər. Akiya “Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatının vicdan məhbusu elan etdiyi iki siyasi məhbusun həbsxanada döyülməsi xəbərinə etiraz əlaməti olaraq keçirilib.
“Bu ilin may ayında Azərbaycanda keçirilən “Eurovision” beynəlxalq mahnı müsabiqəsini təxminən 125 milyon adam izləyəcək. Ötən ilin oktyabr ayında bu keçmiş Sovet respublikası BMT-nin təhlükəsizlik şurasının üzvü seçilib. Dinc aksiya iştirakçılarını hələ də döyməkdə və həbsxanalara doldurmaqda davam edən Azərbaycan hakimiyyəti gerçək formada özünü insan haqlarına, demokratiyaya hörmət edən tərəf kimi təqdim edə bilmir. Hakimiyyət dərk etməlidir ki, “Eurovision” kimi möhtəşəm bir tədbirə ev sahibliyi etmək ölkədə addımbaşı baş verən insan haqları pozuntularının səviyyəsini pərdələyə bilməyəcək. Hökumət dinc etiraz aksiyalarına olan münasibətini kardinal şəkildə dəyişməlidir”, – deyə “Amnesty İnternational” təşkilatının Avropa və Mərkəzi Asiya proqramı üzrə direktor müavini Con Dalhuysen bildirib.
Dalhuysen əlavə edib ki, hakimiyyət aksiya keçirən fəallara qarşı hücumla bağlı təhqiqata başlamalı, eyni zamanda “Amnesty İnternational”ın vicdan məhbusu elan etdiyi Babək Həsənov və Məhəmməd Məcidliyə qarşı işgəncələr barədə yayılan informasiyalar da araşdırılmalıdır.
Ramin DEKO


