Bir halda ki, Amerika konqresmenlərinin bahalı hədiyyələri Azərbaycan hökumətinə geri qaytarmasından söz düşdü, mən də bəzi maraqlı faktları xatırladım. Hələ 1982-ci ildə ABŞ prezidenti Reyqanın Milli Təhlükəsizlik müşaviri Allen atdığı yanlış addım üzündən istefa etmək məcburiyyətində qalmışdı.ÿSəbəb bilirsiniz nə idi? Müşavirin yaponlardan hədiyyə saat qəbul etməsi. Mətbuatın yazdığına görə, o, bir yapon jurnalı üçün prezidentin xanımı ilə müsahibə təşkil etmiş və bunun qarşılığında hər biri 135 dollar olan üç saatı hədiyyə alıbmış. Azərbaycan insanı olaraq bu istefaya heyrətlənə bilərsiniz. Amma dünya öz inkişaf prinsiplərini bizim əskiklərimiz, eyiblərimiz və qüsurlarımız üzərində qurmur. Qatar dayanmadan gedir. Indi dünyaya daha geniş pəncərədən baxmağı bacaran insanlarımız da bilir ki, bu cür hədiyyələr artıq çoxdan hər yerdə rüşvət sayılır. Elə ona görə də, uzun illərdir bu məsələyə həssaslıqla yanaşan dünya ölkələrində əməkdaşlara ilk gündən “etik davranış kodeksi” adlı təlimat kitabçası təqdim olunur. Bu kitabça, demək olar, bütün dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin mühüm sənədlərindən biri sayılır. Orda vəzifəsindən asılı olaraq, kimin hansı şərtlərdə və dəyərdə hədiyyə alıb-ala bilməməsi açıq yazılır. Burda məsələ təkcə hədiyyə ilə də bitmir, vəzifədən sui-istifadə halları, işçinin davranış mədəniyyəti, onun təmsil etdiyi qurumun nüfuzunu qoruması məsələləri də əksini tapır. Bu davranış kodeksinin hər hansı bəndinin pozulması da maraqların toqquşması (conflict of interest) sayılır…
Şübhəsiz, dünya nə qədər sürətlə inkişaf etsə də, insan qavrayışı hələ ona mütənasib dərəcədə mükəmməl deyil ki, nəfsinə hakim olsun və səhv buraxmasın. Indi tarixə düşən belə maraq toqquşmaları ilə bağlı daha bir neçə maraqlı faktı xatırlatmaq istəyirəm. 1993-cü ildə Parisdəÿbaş nazir Bereqovoyunÿintiharını xatırlayanlar olar yəqin ki. Intiharın səbəbi oydu ki, nazir iş adamı olan bir dostundan 1 milyon fransız frankı borc götürmüş, bununla binada özünə bir mərtəbə satın almışdı. Borcunun yarısını ödəyəndən sonra iş adamı vəfat etmiş, Bereqovoy borcunun geri qalan yarısını da evindəki qiymətli əşyaları verərək bağlamışdı. Amma məsələnin mətbuata çıxması və şəxsinə qarşı səslənən ittihamlar baş naziri sarsıtmış, sonunda intihar etmişdi. Başqa bir hadisə yenə 1993-cü ildə Amerikada baş vermişdi. Ölkə tarixində ilk dəfə Ədliyyə Nazirliyinə qadın namizəd irəli sürülmüşdü – Zoe Baid. Amma sonra Bill Klintonun da dəstəklədiyi həmin namizədin adı siyahıdan çıxarıldı. Səbəb Baidin Perudan olan bir ər-arvadı evində qanunsuz şəkildə işlətməsi idi. 1994-cü ildə isə Almaniyanın Iqtisadiyyat naziri Möllemann atdığı səhv addım üzündən istefa etmək məcburiyyətində qalmışdı. Istefanınÿsəbəbi nazirin öz vəzifə səlahiyyətindən istifadə edərək, bir şirkətə göndərdiyi xüsusi məktubda “bir qohumumun fabriki var, malları çox keyfiyyətli” yazması idi.
Görürsünüz, etik qaydaları qəti şəkildə qoyan ölkələr onların pozulmasını bağışlamır. Ən yüksək çinli məmuruna, baş nazirinə belə bağışlamır. Qınaq və məzəmmət də elə güclü olur ki, adamlar bəzən dayana bilməyib intihar etmək dərəcəsinə çatır. Yaşadığımız ölkədə belə şeylərin baş verə biləcəyini təsəvvürünüzə gətirirsiniz? Hardan gətirəcəksiniz ki? Təpədən-dırnağa möhtəkirlik, talançılıq, oğurluq üzərində qurulan sistemdə hansı etik davranış kodeksindən danışasan? Indi, görünür, Amerika konqresmenləri də beynəlxalq qınaqlara cavab olaraq, burdan verilən bahalı hədiyyələri geri qaytarmaq qərarına gəliblər. Gec olsa belə, doğru addımdır, ən azı, o hədiyyələrin arxasında qaranlıq niyyətlər dayandığına görə…