Fəxrəddin Mehdiyev: «Məhkəmənin hökmü qanuni qüvvəyə minməmiş məhkumun Cəzaçəkmə Müəssisəsinə köçürülməsi tamamilə qanunsuzdur»
Vəkil Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, siyasi məhbus, şair Saday Şəkərli bugünlərdə Bakı Istintaq Təcridxanasından 15 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Halbuki Saday Şəkərli barəsində hökm qanuni qüvvəyə minməyib. Ona verilmiş hökmdən Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib.
AR Cinayət-Prosessual Məcəlləsinin 358.2-ci maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin (20 gün) başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
AR Cəzaların Icrası Məcəlləsinin 67.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Məhkumun bu müddət ərzində yaxın qohumları ilə bir qısamüddətli görüş hüququ var.
Göründüyü kimi, Saday Şəkərli barəsində məhkəmənin hökmü qanuni qüvvəyə minməmiş onun Cəzaçəkmə Müəssisəsinə köçürülməsi tamamilə qanunsuzdur. Vəkil ümid edir ki, Penitensiar Xidmət bu məsələyə qısa zamanda aydınlıq gətirəcək və Saday Şəkərliyə münasibətdə yol verilmiş bu qanun pozuntusu tezliklə aradan qaldırılacaq.ÿ
Xatırladaq ki, Saday Şəkərli AR Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirlədirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.05.2016-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Saday Şəkərli hesab edir ki, onun həbsi yazdığı “Qurd ürəyi” hekayəsi ilə bağlıdır.
Təzəxan