«Yüz manat pul alırdıq, onu da əlimizdən alıblar ki, gedin, küçədə dilənçilik edin…»
Dünən Prezident Administrasiyasının qarşısında Qarabağdan məcburi köçkün olan 100-dən artıq müəllim toplaşıb. Müəllimlər Nazirlər Kabinetinin sərəncamı ilə onlara verilməli olan müavinətlərin dayandırılmasına etiraz ediblər.
“Deyir pulumuz qurtarıb. Bu qədər pulu hara xərcləyiblər? Yüz manat pul alırdıq, onu da əlimizdən alıblar ki, gedin, küçədə dilənçilik edin…”
Cəbrayıl rayonundan məcburi köçkün Nüşabə Bayramova 2 aydan çoxdur ki, ona verilməli olan müavinəti ala bilmir. Dövlət iş yerini itirdiyinə görə Nüşabə Bayramovanı ya işlə təmin etməli, ya da hər ay orta aylıq əmək haqqı həcmində ona müavinət ayırmalıdır. Ayda 170 manat müavinət alan Nüşabə Bayramova deyir ki, Nazirlər Kabinetinin sərəncamına əsasən ayrılan vəsait 2012-ci ildən heç bir səbəb göstərilmədən dayandırılıb: “Mən kimya-biologiya müəllimiyəm. Özüm də necə oxumuşam, daha indikilər kimi yox. Mənə 2007-ci ildə dedilər ki, get, işlə təmin olun. Bizə, ali təhsilli kadrlara aşpaz, konduktor işləri təklif etdilər. Mən beş il gecələri yatmayıb universitet oxumuşam ki, gedib aşpaz, konduktor işləyim? Indi də bizə verdikləri qəpik-quruşa göz dikiblər.
Dövlət bizim ərazi bötüvlüyümüzü qoruya bilməyib və biz həm də iş yerlərimizi itirmişik. Dövlət ən azı bizi işlə təmin etməlidir. Işğal olunmuş ərazilərdə iş yerlərini itirən insanlar Nazirlər Kabinetinin sərəncamına əsasən işlə təmin olunmalıdır. 65 yaşı tamam olanları təqaüdə göndəriblər, qalanlarına da deyirlər ki, işlə təmin olunun. Məni hansı işlə təmin edəcəklər ki, təzə kadrlar kənarda qalıb”.
Etirazçılar bütün aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmadığını deyirlər: “Prezident Administrasiyasına, Nazirlər Kabinetinə dəfələrlə müraciət etmişik. Bir kəlmə deyirlər ki, müavinətlərin verilməsi dayandırılıb, artıq verilməyəcək. Dövlət bizi işlə təmin etmir, dolanmaq üçün verdiyi müavinəti dayandırır. Bəs, biz nə edək? Ya oğurluq, ya cibgirlik, ya da yolkəsənlik edək? ”Eurovision”a ayırdıqları puldan biz azərbaycanlılara, müəllimlərə, Qarabağlılara da ayırsınlar”.
– Biz nə maaş alırıq ki?! Dövlət büdcəsindən bizə verməyə pul yoxdur? Ən yüksək 170-180 manat maaş alırıq, onu da kəsirlər.
– Ailədə dörd nəfərik. Biri aspiranturanı bitirib, biri ingilis dili müəllimidir, mən də tarixçi. Hamımız işsizik.
Riyaziyyat müəllimi Iman Imanov 15-18 il öncə ilə bugünkü dövlət büdcəsini müqayisə edir. Deyir ki, o vaxtlar müavinət alanların bəziləri vəfat edib, bəziləri təqaüdə çıxıb. Amma buna baxmayaraq, müəllimlərə müavinətlərin verilməsi dayandırılıb: “O dövrdə dövlət büdcəsi demək olar ki, boş idi. Amma indi büdcənin həddi-hüdudu yoxdur. Buna baxmayaraq, o vaxtlar müavinətləri verirdilər, amma indi vermirlər. Sadəcə, vermək istəmirlər. 20 ildir bu insanlar işsizdir. Gedib təzədən daş daşıyaq, ya süpürgəçi işləyək?”
“Azadlıq” radiosu


