Siyasi partiyaların maliyyələşməsi: xarici təcrübə və biz

mehemmed talibliMəhəmməd Talıblı

İyun ayında Mərkəzi Seçki Komissiyası siyasi partiyaların maliyyə hesabatının verilməsi qaydalarına dair üçüncü seminarını keçirdi. “Hilton” otelində keçirilən bir günlük seminarda partiyaların maliyyələşməsi ilə bağlı xarici ölkə təcrübələrini Avropa Şurasının ekspertləri bölüşdü. Belə tədbirlər “Hilton”da yox, ucqar bir yerdə və bir otaqlıq məkanda keçiriləydi, təki Azərbaycanda partiyaların maliyyələşməsi ilə bağlı belə sərt maneələr olmazdı. Biz gozqamaşdıran bərbəzəkli məkanda ütülü sözlərdən və hər şeyin yaxşı olması haqqında yalançı təriflərinə qulaq asmazdıq, təki maliyyələşmənin obyektiv və ədalətli mexanizmləri olaydı.

Azərbaycanda 50-dən artıq partiyanın maliyyə hesabatlarını ötən ilə qədər Maliyyə Nazirliyinə verirdi, indi isə həmin hesabatlar MSK-a təqdim olunur. Elektron hesabatın formaları və onun aidiyyatı dövlət qurumlarına verilməsi ilə bağlı informativ və metodik dəstək məqsədilə belə tədbirlərin ziyanı yoxdur. Amma maliyyələşmənin özü mahiyyət etibarı ilə ədalətsizdirsə, o zaman olmayan bir maliyyənin formasının necə olması forma məsələsidir, məzmun yox. Məzmunu və münasibəti dəyişməyə ehtiyac var.

O partiyalar ki, dövlət büdcəsindən maliyyə yardımı alırlar, onların adları və varlıqları haqqında cəmiyyətdə minimum informasiya belə yoxdur. Onların varlığı ilə yoxluğu arasında heç bir fərqi görmək mümkün olmur. Amma həmin o “dogma” partiyalar davamlı olaraq dövlət maliyyəsi ilə təmin olunmaqla bərabər, həm də yüksək səviyyədə ofis təminatına malikdirlər. Onların il ərzində ofislərinə daxil olanların sayı barmaqla sayıla bilər. Xalq arasında “bir sədrləri, bir də papkaları olan” partiyalar kimi tanınan həmin təşkilatlar hətta seçkili orqanlarının iclaslarının sonuncu dəfə nə zaman keçirildiyini xatırlamazlar. Problem təkcə dövlət büdcəsindən maliyyə yardımı alan belə siyasi partiyaların opponentlik

insitutu kimi funksionallığının itirməsi deyil, onların bu qədər yaşıl işıq yandırılması fonunda cəmiyyətdə ironiya mənbəyi olaraq qalması ilə bağlıdır.

Siyasi partiyalar arasında hökumətin “ögey” və “doğma” təsnifatı yeni söhbət deyil. Hətta məhdud maliyyə imkanları olan siyasi partiyalarla hökumətin münasibətlərində kommersiya statusu olan özəl sektorlarla oxşarlıqları da tapmaq olur. Bunu bir neçə istiqamətdə görə qruplaşdıra bilərik. Yalnız birini deyəcəm. Məsələn, bildiyimiz kimi partiyaların maliyyə hesabatına dair rəyini bizdə Auditorlar Palatasının nümayəndəsi rəsmi ödənişli əsaslarla aparır. Dövlət büdcəsindən maliyyələşən dövlət qurumunun partiyalardan ödənişli əsaslarla xidmət göstərməsinin sadəcə məntiqi yoxdur. Digər tərəfdən isə qeyri-kommersiya statusu ilə qeydiyyata alınan vətəndaş cəmiyyəti insiututları (QHT, siyasi partiyalar, media qurumları, həmkarlar ittifaqları) gəlir əldə etmək məqsədi olmadığı halda onunla kommersiya maraqları əsasında davranmaq sadəcə məntiqsizlikdir. Çünki, gəlir əldə etmək məqsədi olmayan bir qurum özünün maliyyə hesabatının təqdim olunması üçün auditora niyə və hansı mənbədən pul ödəməlidir? Onda şirkətlərin özlərini müstəqil sürətdə auditor yoxlamasından keçirməsi üçün ödənişli əsaslarla partiyaların eyni davranışı arasında nə fərq oldu? Mən hesab edirəm ki, partiyalara belə ödənşli əsaslarla hesabat vermək üçün tələb olunan məbləğ onların hesabatlılığını yüksəldən yox, zəiflədən amildir. Statistikaya diqqət edək. Əgər 2014-cü ildə siyasi partiyalar arasında 51 partiya hesabat vermişdisə, 2015-ci ildə 8 partiya hesabat vermişdi. Həmin hesabatların çoxunda bütün fəaliyyət qrafaları üzrə “0” yazılmaqla forma doldurulub. Bundan ölkədəki siyasi sistem nə qədər irəli gedə bilər? Ortada olan reallıqlar ondan xəbər verir ki, Azərbaycanın seçki sistemində bütün addımlar mənfi mənada stimullaşdırılır. Siyasətlə məşğul olmaq nəinki təşviq olunur, əksinə həmin subyektlər həvəsdən salınır. Siyasi mübarizə ruhunun artırılması və konsepsiyaların cəmiyyətə təqdim olunması üçün dövlət özünün təşviq mexanimzlərindən effektiv istifadə etməkdənsə, həmin siyasi yarışı əhəmiyyətsizləşdirən addımlar atmaqla siyasi sistemi qısır hala gətirir.

İnkişaf etmiş ölkələrdə, o cümlədən Almaniyada partiyaların maliyyələşməsində əsasən 2 mexanimzlərdən istifadə olunur. Dövlət partiyaların maliyyələşməsində iştirak payı 50 faiz, yerdə qalan 50 faizini

isə özəl sektor və şirkətlər təşkil edir. Azərbaycanda hər iki mexanizm üzrə vəziyyətə baxaq. Dövlət büdcəsindən cəmi-cümləta 2,5 milyon manat vəsait ayrılır ki, bu da 54 siyasi partiya arasında bölünəndə hər birinə il ərzində 43,6 min manat vəsait edir. Həmin vəsait müxtəliq illər üzrə 10 partiya arasında bölünür. 2014-cü ildə isə partiyalar üçün ayrılmış vəsaitin 250 min manatına qənaət edilərək, dövlət büdcəsinin xəzinadarlığına qaytarılıb. Halbuki, politoloji təsnifata uyğun olaraq 3-5 siyasi təşkilat kimi funsiyalarına uyğun fəaliyyət göstərən həmin qurumların minimal maliyyə mənbələrinə isə mikroskopla baxılaraq qara nöqtələr axtarılır. Hətta elə “ögey” təşkilatlar vardır ki, onlara dövlət büdcəsindən nəsə ayrılmaması bir yana, onların özlərinin satın aldıqları obyektlərin ağzını qaynaqlaraq fəaliyyət göstərməsinə imkan verilmir. Belə bir istisna olunan münasibətlə üzləşən AXCP-dir. Belə bir vəziyyətdə partiyalara dövlət dəstəyinə dəstəkdən danışmaq mənasız olur.

Gələk özəl sektorun dəstəyinə. Özəl sektorun partiyalara dəstək verməsinin xəritəsinə baxaq. Təsəvvür edək ki, sərt opponentlik insitutu edən bir partiyaya hansısa bir vətəndaş və ya bir neçə şirkət nəinki mütəmadi, hətta seçkidən-seçkiyə dəstək verir. Deyək ki, AXCP və REAL-a maliyyə dəstəyi verən belə bir fakta rast gəlmək kifayət edir ki, həmin şirkət və ya şəxs hökumətin hədəfinə gəlsin və bircə günə iflas edilsin. Biznesin istənilən siyasi şəxsə və ya partiyaya dəstək verməsini özü müəyyənləşdirə bilər. Belə münasibəti gozlətməyə heç ehtiyac da yoxdur. Dünyada da belədir. Bavoriyada pivə kompaniyası xristian-demokratları dəstəklədiyini heç gizlətmədi və bu kompaniyanın biznes fəaliyyətinə mane olmadı. Danışdırsaq, deyəcəklər ki, bizdə siyasi partiyalar böhran keçirir. Gözübağlı gəzməyən hər bir vətəndaşımız bilir ki, seçkilər çoxdandır ki, təyinatlı orqana çevilib. Bizdəki problem maliyyənin bölüşdürlməsində partiyaları ögeylərə və doğmalara bölüb onlara edilən ayrıseçkiliyin nəticəsidir. Bizdəki problem partiyaların maliyyələşməsi zamanı vəsait bölgüsü problemi deyil, seçki fəlsəfəsinin darmadağın edilməsinin problemi və böhranıdır. Bu böhran ölkəmizə idxal olunmayıb, bu hökumətin idarəetməsinin və vətəndaş cəmiyyəti insitutlarına olan münasibətin böhranıdır. Böhranı həll etmədən isə cəmiyyətdə suların durulmasına nail mümkün deyil.