“Bakı Tikiş Evi”nin (BTE) tikdiyi məktəbli formasının qiyməti 8,5 faiz bahalaşıb. Bu məlumatı eksklüziv olaraq BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib.
E.Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manat idi: “Indi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37ÿ manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-54 ölçüyədək qiymət 43 manat idi. Indi 32-54 ölçüyədək qiymət 46 manatadək artıb. Qeyd edim ki, bu qiymətə məktəbli forması dəstinə pencək şalvar və ya pencək ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olamayaraq 7 manat, jiletlər 6 manata satılacaq”- deyə Etibar Əzimov bildirib.
Göründüyü kimi, hökumətimiz “ənənə”yə sadiqlik nümayiş etdirir. Idman yarışlarına milyardlar xərcləyənlər, kasıb-kusubun xərcini artırmağa qərar verib. Yenə də bütün boşluqları sadə vətəndaşın cibi hesabına doldurmaq istəyirlər. Bilirlər ki, qarşıdan məktəb mövsümü gəlir və ailələr məktəbli formasını almağa məcburdular. Əvvəlki yazılarımızda da qeyd etmişik ki, bu hökumətin bütün islahat proqramları, anti-böhran tədbirləri vətəndaşı müflisləşdirməkdən ibarətdir. Sanki vətəndaşı ağır sınaq qarşısında qoymaqdan həzz alırlar. Devalvasiya nəticəsində vətəndaşa zərbə vurdular, qiymətləri 50-60 faiz qaldırmaqla vətəndaşın xərcini artırdılar, kommunal xərcləri, cərimələri artırmaqla vətəndaşı yenidən yüklədilər. Indi də məktəbli formasının qiymətini qaldırırlar.
Bəs, Ilham Əliyev deyirdi ki, yerli istehsal mallarının qiyməti qalxmayacaq? Bəs, deyirdi ki, natəmiz adamlar qiyməti qaldırır? Prezidentin hədələri, cəza tədbiləri hara buxarlandı?
Ilk növbədə hakim ailəyə yaxın olan “Azərsun” qiymətləri qaldırdı, bundan sonra bütün sahələrdə “yaşıl işıq” yandı və qiymətlər sürətlə artmaqdadır.
Qiymət artımının qarşısını almaq “yumurta müşavirəsi” keçirməklə məhdudlaşmır. Bunun üçün siyasi iradə, qətiyyət, söz sahibi olmalısan. Öz bioqrafiyan təmiz olmalıdır ki, başqalarından da təmizlik tələb edə biləsən. Bugünə qədər müşavirələrdə verilən tapşırıqların heç birinə əməl edilməyib. Yenə də gömrükdə insanlara zülm edilir, monopoliya qüvvədədir, korrupsiya tüğyan edir, israfçılıq açıq şəkildə görünür, harınların sayı artıb və s.
Ilham Əliyevin bütün tapşırıqlarının müşavirə otağında dəfn edildiyini bütün komanda üzvləri bilir. Ona görə də köhnə qaydalarla işləməyə davam edirlər.
Məktəbdə şagirddən “gül pulu”, “süpürgə pulu”, “təbaşir pulu” yığılır. Şagirdə məktəbdə savad verilmir və repetitorlardan asılı vəziyyət yaranıb. Bütün bunlar azmış kimi üstəlik, məktəbli formasının qiyməti də qaldırılır. Məktəbi formadan saldıqdan sonra, məktəbli formasının qiyməti hansı haqla qaldırılır?
Ümumiyyətlə, əcnəbi turistlərə pulsuz xidmət göstərən, Avropa Oyunlarına 8 milyard xərcləyən, Formula-1 yarışlarına 100 milyonu peşkəş edən hökumət şagirdlərin məktəbli formasının pulunu niyə ödəmir? Hökumətin “ultra səxavət”i ölkə vətəndaşına qarşı niyə keçərli deyil? Formula-1 yarışına xərclənən vəsaitlə bütün məktəblilərin formasını almaq olardı.
Amma bunlar vətəndaşa kömək etmək əvəzinə, onsuz da çətin vəziyyətdə olan ailələri daha da çətin duruma salırlar. Məktəbli forması alan valideynin hər 2 nəfərindən biri həm də kredit borcu ödəyir, həm də məmur nəzarətində olan məhsulları 20 dəfə baha qiymətə alır, həm də hökumətin rəva gördüyü 150-200 manatın girovluğunda yaşayır. Düşmən bir milyon məcburi köçkünü, hökumət isə 9 milyonu öz ölkəsində didərgin salıb.
Samir



