«Siyasi məhbus problemini birdəfəlik qapatmasalar, dünyanın tənqid və gülüş hədəfi olacaqlar»
Novruz bayramı münasibəti ilə əfv fərmanı imzalana bilər. Bu məlumatı APA Prezident yanında Əfv Komissiyasına istinadən yayıb. Məlumata görə, artıq əfv komissiyasının iclaslarının başlanması haqda qərar verilib. Yaxın günlərdə komissiyanın ilk iclasının keçirilməsi nəzərdə tutulur. Novruz bayramına kimi komissiyanın bir neçə iclası keçiriləcək və yekun siyahı dövlət başçısına təqdim olunacaq. Komissiya üzvlərindən biri isə mətbuata açıqlamasında bu iclasın martın 10-dan sonra keçiriləcəyini deyib. Komissiya üzvü Novruz bayramı ərəfəsində əfv fərmanının olacağını da istisna etməyib.
Əslində bu ərəfə hakimiyyətə yerli və beynəlxalq qınaqlardan yaxa qurtarmaq üçün böyük bir şansdır. Əvvəla ona görə ki, qarşıda AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserin kəskin hesabatı var. Ikinci səbəb isə may ayında Azərbaycanda keçiriləcək “Eurovision” mahnı yarışmasıdır. Hökumət nəzərə almalıdır ki, həmin yarışma ilə bağlı Azərbaycana, nə az-nə çox, 5 min jurnalist gələcək. Bunun isə problemlərlə dolu bir ölkənin hökuməti üçün nə demək olduğunu açıqlamağa ehtiyac yoxdur.
Siyasi Məhbus Ailələri Komitəsinin rəhbəri Arzuman Məcidli də hesab edir ki, Novruz bayramı Azərbaycan hökuməti üçün böyük şansdır və bundan mütləq istifadə olunmalıdır: “Bir azdan Azərbaycandakı bütün problemlər, bütün neqativ hallar dünya ictimaiyyətinin diqqətində olacaq. ”Eurovision-2012”nin Azərbaycanda keçirilməsi o deməkdir ki, xaricilər tək bu yarışmadan yox, bu ölkənin ən ağrılı probləmlərindən də yazacaqlar. Təsəvvür edin, siyasi məhbuslar azadlığa buraxılmasa, hökumət hansı vəziyyətə düşəcək. Əlbəttə ki, belə olarsa, Azərbaycan hökuməti dünyanın tənqid və gülüş hədəfi olacaq. Hökumət bundan yaxa qurtarmaq istəyirsə, tədbirli olmalı və siyasi əqidəsinə görə həbsə atılan bütün məhbusları azad etməlidir”.
Lakin A.Məcidli hökumətin buna gedəcəyinə inanmır və Novruz bayramı ilə bağlı cəmi iki-üç siyasi məhbusun azad ediləcəyini düşünür.


