Vallah, bu çaxıra su qatılmayıb..

okamilO`Kamil

Ölkəmizdə insanların dindarlığı getdikcə artır. O gün həkimdən qayıdarkən başımı 7 saylı avtobusun pəncərəsinə söykəyib fikrə dalanda hətta kəşf elədim ki, gizli bir əl 70-ci illərdən ölkədə dinin yayılmasını təmin edə bilib və Politbüroda bu zirək priyomu dərk edəcək başıpapaqlı olmayıb…. Demə, sovet dövründə Azərbaycan səhiyyəsinin yaman günə qoyulmasının arxasında dini səbəblər olub: axı həkim və dərmandan nicat olmadığını anlayan insan gec-tez üzünü Aləmlərin Rəbbinə tutur.  Düzdü, cahil həkimlər üzündən yüz minlərlə insan dünyasını dəyişib, amma həmin xəstələr ruhunu xilas edib, axirətini qazanıb…

İndinin özündə cahil həkimlərlə yanaşı heç bir müsbət təsiri olmayan dərmanlar satan apteklərin sayı-hesabı yoxdur. Bu gün Füzulinin “Qılma dərman, kim həlakim zəhri-dərmanındadır” misrası özünü doğrultmur. Çünki dərmanlar çox saf, hətta məsumdu. Hamı onları alır. Çünki xəstəyə olan borcunu yerinə yetirib vicdanını sakitləşdirmək istəyir. Dərmanlardan heç bir kömək görməyən xəstə isə üzünü Allaha tutur. Məncə, teologiyada həkim-aptek-iman ilişkisi ciddi araşdırılmalıdır.

Kaş biləydin, sərnişinlər Allaha necə yalvarırdı

İnsanları Allaha daha çox yaxınlaşdıran ikinci sektor ictimai nəqliyyatdı. Damağında siqaret “dups-dups” musiqiyə qulaq asan sürücü telefonda iş yoldaşına “Əəə, cındır, sən kimin vaxtına girirsən?” dedimi, demək, avtobus kişnəyib şahə qalxacaq. Sərvaxt sərnişinlər dəsfaha əsmai-hüsna zikr etməyə başlayır. Bəlkə, bu üzdən sürücülərə savab da düşür. Lətifə. Keşiş və avtobus sürücüsü ölüb o dünyaya gedir. Sürücü sərnişinlə dolu avtobusla “avtoşluq” edirmiş. Onu Cənnətə göndərirlər. Keşişi isə Ərafa. Keşiş etiraz edir: “Mən neçə illər insanlara moizə etdim, o isə insanları qəzaya salıb. Mən Ərafa, o isə Cənnətə???” İzah edirlər: “Sən moizə edəndə kilsədəkilər mürgüləyirdi, elədi? “Hə”. “Amma kaş biləydin, bu kişi avtobusu sürəndə sərnişinlər Allaha necə yalvarırdı”.
O gün qonşunun uşağı gəlib dini kitab istəyirdi. Ürəyimdə dedim, maşAllah, uşaq haqq yolunu tapıb. Uşaq elə bil fikrimi oxuyub dedi: “Özümə istəmirəm, babam istəyir. İndiyəcən deyirdi, din boş şeydi, müqəddəs kitab dediklərinizi “inoplanetyanlar” göndərib. Evdən qırağa çıxmazdı. O gün Masazıra getməli oldu, yas yerinə. Qayıdanda dedi, bala, siz məni avtobusa mindirəndən 10 dəqiqə sonra əmin oldum ki, Allah var, şəriki yoxdur. Get mənə dua kitabı tap”. Kişi deyir ki, avtobus o şoferdən razı olsun, məni o, hidayət elədi…

Bu Quran haqqı, bu çaxır təmizdi

Nəhayət, ticarət sektoru. Yarmarkalara gedəndə ayağını dükana basmağa peşman olursan. Dələduz satıcılar (Malik onlardan razı olsun) hünü kimi adamın üstünə tökülüşür: təzə modellərimiz, İtaliya, Türkiyə malı  və s. Yarmarkanı gəzib başı gicəllənən və əliboş qayıtmaq istəməyən istənilən alıcı axırda kiminsə şirin dilinə inanıb Çin malını türk malı kimi alıb peşman ola bilər. Ona görə ən yaxşısı alış-verişə getməzdən əvvəl hacət namazı qılıb dua etmək, dermantindən, Çin malından və s Allaha sığınmaqdır. Elə dürüst satıcılar da əziyyət çəkir. Çünki alıcılar onlara sui-zənlə baxır, hamısını dələduz hesab edir. Bu yerdə məhz din satıcının köməyinə gəlir. Rəvayət. Qədimlərdə bir kişi yad bir ölkəyə gedibmiş. Şəhərə azan səslənir: «Bu şəhər əhlinin fikrincə, Allahdan başqa Tanrı yoxdur, bu şəhər əhlinin fikrincə, Məhəmməd onun elçisidir». Belə də azan olar? Soraqlaşıb məscidin imamını tapır. İçəri girəndə görür ki, imamın qənşərində Quran, yanında da şərab. And içir ki, bu Quran haqqı, şəraba su qatılmayıb. Dəxi buna nə desin? Gedir çıxır qazının yanına. Əhvalatı danışır. Qazı deyir. «Bizə ucuz qiymətə müəzzin lazım idi. Bu kişini tapdıq. Amma yəhudi olduğu üçün kəlmeyi-şəhadəti deyə bilməz. Desə, avtomatik müsəlman olur. Ona görə belə azan verir». Kişi deyir: “İmama şikayət eləmək istədim. O da Qurana and içib deyirdi ki, bu şərab təmizdi. Bu, nə məsələdi?” Qazı deyir: «İmam düz deyir, şərab təmizdi, Amma camaat o qədər pozulub, düz sözə inanan yoxdu. Məcbur olub elə edir. Qurana and içəndən bəri, göz dəyməsin, yaxşı satılır…” Ona görə cahil həkim, qatil sürücü, dələduz tüccar deyib çox da zad eləməyin… Hər şərdə bir xeyir var.