Bu pası qaşıyıb atmalıyıq

rafiqmanafli1Rafiq Manaflı

Hamımız bilirik ki, dəmiri açıq havada saxlayanda oksidləşir, yəni paslanır. Saxlandığı yer nəmişlik olduqda, münbit şəraitdə paslanma daha sürətlə gedir. Avtomobil sahibləri maşınlarına bir pas nöqtəsi düşdümü, dərhal onu qaşıtdırır, şkurkalayıb rəngləyir, çünki bilir ki, qarşısını almasa o nöqtə maşını basıb çürüdəcək.

Cəmiyyətlər də belədir. Özündə birləşdirdiyi milyonlarla müxtəlif xarakterlər cəmiyyətlərdə yazvaların, qoturların, pasların yaranması üçün həmişə münbit şərait yaradır, vaxtında, mütəmadi təmizlənməyəndə böyük fəsadlar törədirlər. Və bütün xalqların əlində bu mərəzlərlə mübarizə üçün universal bir məlhəm də var – seçki hüququ. Bu hüquqdan məhrum edilmiş Azərbaycan cəmiyyətini də pas basıb. Bu pasın adı Azərbaycan iqtidarıdır.

İqtidar pası siyasi həyatımızı bürüyüb – seçki institutları, məhkəmələr, güc strukturları, KİV-lər özəlləşdirilib və bunların acı nəticəsi olaraq siyasi həyat tam hərəkətsiz hala gətirilib.

İqtidar pası iqtisadi həyatımızı məhv edib – ölkə talanıb, iqtisadiyyat dağıdılıb. İndi altdan yuxarı güc edirlər, amma nə gücü lazım olan yerə tətbiq etmirlər, nə də yük onların gücünün yükü deyil.

İqtidar pası sosial həyatımızı çürüdüb – kütləvi işsizlik, hüquqsuzluq, müdafıəsizlik və bütün bunların doğurduğu ağır nəticələr.
Və nəhayət, bu nanəcib pas mənəviyyatımıza daraşıb – TV-lərdə Azərbaycanın ən əxlaqsız adamları camaata əxlaq dərsi keçir, tarixi abidələrimiz dağıdılır, millət öz kökündən qoparılır.

Bircə ailələrimiz qalmışdı. Ailə bütün insan cəmiyyətlərinin hörüldüyü daşlardır. Dünyanın bütün ölkələri ailə institutunun qorunması üçün titanik əziyyətlər, xərclər çəkirlər. Amma bizim analoqsuz pasımız ailələrin iiçinə girir – şərlə, böhtanla, əxlaqsızcasına, namussuzcasına.

Bu pas öz mahiyyəti ilə islam dünyasını basmış İŞİD, Taliban, əl-Kaidə pasından da təhlükəlidir, aqressivdir. Cəmiyyətimiz, öz hərəkətsizliyi, susqunluğu, yaramaz səbri ilə özünün münbit şərait yaratdığı paslanmadan qurtulmalıdır. Bu pas qaşınıb atılmalı, şkurkalanmalı, rənglənməlidir.

Ləngimədən, təcili…