Quba hadisələrinə görə həbslər gizlədilir?

Baş verənlərlə bağlı istintaq işi rayon prokurorluğundan alınıb

Qubada baş verən hadisələrin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. Məlumatı “Media forum” saytına Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib. Onun sözlərinə görə, cinayət işinin istintaqı Quba Rayon Prokurorluğundan alınıb.
Eldar Sultanov istintaqın Cinayət Məcəlləsinin hansı maddələri ilə aparıldığını, həbs edilənlərin olub-olmadığını açıqlamayıb: “İstintaq davam edir. İstintaqın gedişi barədə əlavə məlumat veriləcək”.
“Turan” agentliyi isə xəbər verir ki, Qubada 20-dən çox adamın həbs edildiyi, onların əksəriyyətinin yerli sakinlər yox, Bakının Nardaran və Maştağa  kəndlərinin sakinləri olduğu haqda şayiələr dolaşır.
Lakin Nardaran ağsaqqalları agentliyə deyilənləri inkar edərək bildiriblər ki, son günlər qəsəbə sakinlərindən heç kim saxlanmayıb və belə şayiələr qəsdən yayılır.

İnformasiya şöbəsi