On illik qəfəs tamaşası

saadet-cahangir-koseSəadət Cahangir

Sənət tarixinin ən önəmli adlarından biri sayılan Coseph Beuys 1974-cü ildə dünyaya səs gətirən bir qəfəs tamaşası  hazırlamışdı. Bu tamaşadan xeyli əvvəl dövrünün Amerika prezidenti ilə yola getməyən “dikbaş” sənətçi oranı tərk edərək vətəni Berlinə dönmüş, bir daha geri qayıtmayacağına qərar vermişdi. Amma Nyu-Yorkda yeni bir sənət qalareyası açan Rene Blockdan təklif alan Beuys təklifi geri çevirmək istəmədi. 1944-cü ildə Hitler ordusunun bombardmançı təyyarə pilotu olaraq Krımda qəzaya uğrayan, söylənilənlərə görə, ordan türk şamanlarının yardımı sayəsində qurtulan Coseph dövrünün ən populyar və fərqli “şaman” sənətçilərindən hesab olunurdu. Beləliklə, təklifi xeyli düşündükdən sonra onun ağlına qeyri-adi bir fikir gəldi…

Sənətçi tamaşası üçün meşədən tutulmuş bir qurd tapdı. O, bu vəhşi qurdla bir həftə bağlı qəfəsdə qalacaqdı. Nə qədər təhlükəli oyun olsa da, Beuys bunu bir etiraz aksiyasına çevirmək istəyirdi. O, keçəyə bürüncəkli halda birbaşa sərgi salonuna gəldi, Amerikaya ayaq basmayacağına söz vermişdi.  Salonda beləcə də qəfəsin içinə girdi və hərəkət etmədən qurdun yad qoxuya alışmasını gözlədi. Sonra yavaş-yavaş hərəkətə keçdi, sonda ayağa qalxdı və bu zaman qurd da atılıb onun keçə bürüncəyindən sallanan parçaları gəmirməyə başladı. Sənətçi götürdüyü əşyaları işə salaraq, qurdla dil tapmağa çalışdı. Özünün dediyinə görə, qurd Orta Asiyadan Amerikaya gəlmiş bir qurd cinsini təmsil etməkdəydi. Tam ayağa qalxarkən qurdun hərəkətə keçməsi də “Amerika sizin azadlığa yaxınlaşmanıza izin verməz” anlamına gəlirdi. Amma nəticə elə oldu ki, sənətçi 5 gün qurdla həmin qəfəsdə yaşadı, hətta dostlaşdılar da. Beuys bununla dünyaya mesaj verdi ki, vəhşi bir qurdla belə birlikdə yaşamaq mümkündür…

Indi bu hekayəni hardan xatırladım? Günlərdir Bakının qəfəs şəklinə salınmış halından. Bilirsiniz, hələ ən azı bir həftə də bu qəfəsin içində oyun gedəcək. Açığı, bu Formula 1-in ölkəyə hansısa fayda gətirəcəyini ağlım kəsmir. Böhranın tüğyan edən vaxtında bu tamaşaya böyük milyonlar tökməyi də ağılsızlıq sayıram. Hələ paytaxt sakinlərinin bir həftə çəkəcəyi əzab-əziyyəti o yana, ehtiyacın təpəyə dırmandığı bir məqamda kimə lazımdı bu israfçılıq? Əslində, baxıram, indiki halda mənim kimi düşünənlər daha çoxdur. Hətta beynəlxalq təşkilatçılara səslənib, bu şounu etiraz aksiyasına çevirməyə çağıranlar da var. Xatırlayırsınızsa, bənzər çağırışlar Bakıda keçirilən “Eurovision” musiqi müsabiqəsi və keçənilki Avropa yay oyunları yarışı zamanı da səslənmişdi. Böyük nəticələri olmasa da, belə kampaniyaları çox faydalı sayıram. Çünki bu yolla çox halda məlum tədbir ölkənin milyonlarını xərcləyib özünü reklam etmək istəyənlərin əks-təbliğatına çevrilir. Belə kampaniyalarda ölkənin insan haqları məsələləri, vicdan məhbusları problemləri, söz azadlığı tələbləri təkrar gündəmə gəlir, həm də daha geniş arenada. Yəni Beuysun qəfəs tamaşasını etiraz aksiyasına çevirmək ideyasına bənzər bir şey…

Formula 1 yarışı başladı, amma hələ 10 il davam edəcək. Bağlanmış müqaviləyə görə, ölkə insanı 10 il bu qəfəsin qəhrini çəkməlidir hələ. Sizi bilmirəm, onsuz on illərdir həbsxanaya çevrilmiş ölkənin təzədən bu şəkildə qəfəsə alınması məni əməlli-başlı əzir. Zamanında çox yazmışıq, əslində, bu həbsxanadan da, bu qəfəsdən də qurtulmaq imkansız deyil. Bunun üçün hər birimizin, heç olmasa, bircə dəfə kiçik bir fədakarlıq göstərib o oyunların pozulmasına cəhd etməmiz lazım. Inanın, Beuysun tamaşası qədər olmasa da, mütləq işə yarayacaq…