Türkiyədə ABŞ əsgərlərinin başına çuval keçirmək istədilər

Türkiyənin Bodrum şəhərində ABŞ hərbi gəmisinin əsgərlərinin başına çuval keçirməyə cəhd edənlər həbs olunublar.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bodruma 3 gün əvvəl gələn ABŞ hərbi gəmisi “USS Sullivans”dan dünən axşam saatlarında gəminin kapitanı Derick Armstronq ilə birlikdə çıxan təxminən 80 nəfər amerikalı əsgər disko və əyləncə mərkəzinə axın edib.

ABŞ əsgərlərinin barlar küçəsində gəzintisindən narahat olan Türkiyə Gənclik Birliyinin (TGB) təxminən 20 üzvü amerikalı əsgərlərin başına çuval keçirib. Bu hadisəyə görə polis təşkilatın üzvlərini saxlayıb.

Polis idarəsinə aparılan 11 nəfərdən 6-sının yaralandığı üçün Bodrum dövlət xəstəxanasına yerləşdrilib. Xəstəxanaya əlində çuval ilə gələn Atatürkçü gənclərdən sayılan Ayhan Karahan deyib ki, bu çuvaldan ABŞ əsgərlərinin qorxması lazım olduğu halda, qorxan bizim polis oldu: “ABŞ əsgərlərinə Atatürk gəncliyinin verdiyi çuvallı etirazı dəstəkləyirik”.

ABŞ əsgərlərinin Türkiyə vaxtı ilə saat 00.00-dan əvvəl gəmiyə qayıtdığı xəbər verilir.