Obama İranla bağlı qəti qərar açıqladı

«ABŞ-ın Iranın nüvə obyektlərini vura biləcəyi ehtimalı ciddi qəbul olunmalıdır»

Iranın nüvə fəaliyyəti ətrafında yaranmış gərginlik davam edir. ABŞ Tehran rejiminə qarşı hərbi əməliyyatların hazırkı məqamda doğru olmadığını bəyan etsə də, prezident Barak Obama bildirib ki, ölkəsinin Iranın nüvə obyektlərini vura biləcəyi ehtimalı Iran və Israil rəsmiləri tərəfindən ciddiyə qəbul olunmalıdır. Ağ ev rəhbəri deyib ki, Israil hökuməti ABŞ prezidenti olaraq onun yalandan hədə-qorxu gəlməyəcəyini bilir.
“The Atlantic” jurnalına müsahibəsi verən Obamanın sözlərinə görə, sanksiyalar işə yaramadığı təqdirdə ABŞ-ın Iranın nüvə obyektlərini vura biləcəyi ehtimalı Iran və Israil rəsmiləri tərəfindən ciddi qəbul edilməlidir. Amma həm Iran, həm də Israil hökuməti bilir ki, əgər ABŞ Tehranın nüvə silahına sahib olmasını qəbul edə bilməyəcəyini deyirsə, nə dediyini yaxşı bilir: “Bu gün dünyada Irana qarşı simpatiyanın bu qədər azaldığı və tək müttəfiqi Suriyanın küncə sıxıldığı bir dövrdə Tehranın birdən özünü ”qurban” kimi göstərib diqqətləri yayındırmasını istəmirik”.
Israilin baş naziri Benyamin Netanyahu Iranın “altılıq”la yenidən müzakirələrə başlamasına qarşı çıxıb. Baş nazir deyib ki, Iran bu görüş vasitəsilə daha əvvəllər etdiyini edə bilər: “Onlar yenə bu müzakirələrdən aldatmaq və zaman qazanmaq üçün istifadə edə bilərlər. Dolayısı ilə öz nüvə proqramlarını davam etdirib atom silahı istehsal etmək səviyyəsinə çatdıra bilər. Fikrimcə, beynəlxalq birlik bu tələyə düşməməlidir”.
Iranın xarici işlər naziri Əli Əkbər Salehi nüvə proqramına dair “altılıq”la keçirilməsi planlaşdırılan müzakirələrin Istanbulda təşkil edilməsinə tərəfdar olduğunu bildirib. Nazir tərəflər arasında görüş yeri və tarixinin müəyyənləşdirilməsi üçün danışıqların davam etdiyini söyləyib. Salehi Iranla “altılıq” arasındakı müzakirələrin rəsmi Tehran və MAQATE arasındakı müzakirələrlə heç bir bağlılığı olmadığını da vurğulayıb. Salehinin almaniyalı həmkarı Quido Vestervell isə bildirib ki, Iranın mübahisəli nüvə proqramı ilə bağlı rəsmi Tehranla danışıqlara hazırdırlar.

Informasiya şöbəsi