Böyük talan və 137 milyonluq qənaət

budceHökumət xərcləri azaltmaqda səmimidirsə…

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2016-cı ilin yanvar-may aylarında dövlət büdcəsinə 5 milyard 453,9 milyon manat vəsait daxil olub. Dövlət Statistika Komitəsindənÿverilən məlumata görə, büdcədən 5 milyard 316,1 milyon manat vəsait xərclənib. Məlumata əsasən, büdcənin icrasında yaranmış 137,8 milyon manatlıq profisit ümumi daxili məhsulun 0,6%-i səviyyəsində olub.

Yəni, “qədirbilən” hökumətimiz büdcə xərclərinə 137 milyon manat qənaət edib. Indi bu rəqəmi elə həvəslə, elə sevinərək deyirlər ki, külli miqdarda vəsaitə qənaət ediblər.

Əvvəla, analoqsuz inkişaf edən bir ölkə üçün 137 milyon çox cüzi məbləğdi. Bu məbləğlə nə böhrandan çıxmaq, nə də iqtisadiyyatı canlandırmaq olar. Əslində, büdcəyə yalnız 137 milyon manata qənaət edilməsi biabırçı nəticədir, hökumətin səriştəsizliyinin göstəricisidir.

Ikincisi, mənasız yarışmalara yüz milyonlarla vəsait xərclədikdən, xarici borcun həcmini sürətlə artırdıqdan sonra, 137 milyonluq qənaət absurd görünür. Yəni, bir tərəfdən 137 milyon qənaət, o biri tərəfdən 5 qat artıq mənasız “rasxod” edilib. Deməli, yenə də nəf qudurub, mayanı yeyib.

Üstəlik, bu da qapalı qalır ki, büdcədən xərclənən vəsaitin müəyyən hissəsi korrupsiyanın qurbanı olub.

Amma əvvəlki yazılarımızda da qeyd etmişik ki, hökumət həqiqətən də büdcəyə qənaət etmək istəsə, xüsusən də indiki ağır şəraitdə bu prosesə start versə, olduqca böyük məbləğ alınar. Ölkə başçısı “hər qəpiyin qədrini bilməliyik”, “israfçılıq edənlər cəzalandırılacaq” desə də, müşahidə etdiklərimiz bunun əksini göstərir.

Məsələn, məmurların xidməti avtomobillərini ləğv etməklə on milyonlarla vəsaitə qənaət etmək mümkündür. Bu avtomobillərin alışı, təmiri, yanacaq xərci kifayət qədər böyük məbləğ edir. Qeyd edək ki, 2006-2011-ci illər ərzində xidməti maşınların alınmasına 400 milyon pul xərclənib. Yeri gəlmişkən deyək ki, qonşu Gürcüstanda ən bahalı xidməti avtomobilin qiyməti 15000 dollar təşkil edir və bundan bahalı avtomobilin alınması qadağandır. Amma Azərbaycan məmurlarının xidməti avtomobillərinin qiyməti 80-200 min dollar arasında dəyişir. Məsələ burasındadır ki, məmurların xidməti avtomobilə ehtiyacı yoxdur. Çünki, hər məmurun ən azı 5-10 avtomobili var.

Biz bir məqama diqqət çəkdik, amma qənaət etmək üçün, büdcədə pul saxlamaq üçün kifayət qədər mənbələr var. Və bu mənbələrin böyük əksəriyyəti məmurların şəxsi komfortu ilə əlaqəlidir.

Deməli, həm mənasız tədbirlərə, dünyanın müxtəlif ölkələrində həyata keçirilən xeyriyyə layihələrinə, həm də məmurların komfortu üçün xərclənən pullara qənaət edilsə, bir neçə ildən sonra mövcud büdcə qədər vəsait yığılar.

Reallıq isə göstərir ki, bizim hökumətin norması 137 milyondur və bunu uğur hesab edirlər. Yəni, əsas odur ki, statistikaya artım rəqəmi düşsün. Əks halda, büdcədə 95 milyard dollar artıq qalardı. Hansıki, bu məbləğ ofşorlarda məskən salıb.

Akif