Əlvida Lukaşenko, əlvida 300 milyon…

Avropa Birliyinin Belarus inadı davam edir. Rəsmi şəxslərin və onların əmlakları haqda sanksiyalardan sonra bu birliyə daxil olan 27 ölkə, Minskdəki səfirlərini də geri çağırdı. Zarafat deyil, prezident başda olmaqla 230 ölkə vəzifəlisi qara siyahıdadır, yəni persona-non-qrata elan olunub.  
Daha əvvəl, 21 dekabrda isə ABŞ konqresi Belarusa qarşı sanksiyalarını genişləndirdi. Prezident seçkiləri zamanı həbs edilmiş vicdan məhbuslarının qeyd-şərtsiz azad olunması, söz azadlığı, sərbəst toplaşma azadlığının təmin edilməyəcəyi tədqirdə daha sərt tədbirlərə əl atacağını bildirmişdi. Və budur, Qərb sözünə əməl etməkdə davam edir.
Azərbaycan və Belarus beynəlxalq hesabatlarda həmişə oxşar rejimlər kimi xarakterizə olunur. Ilin bütün fəsillərində siyasi məhbus ovlanır, müxalifət anansız təqib olunur, hər iki ölkədə Avropa Birliyinin bəyanatlarına istehza ilə yanaşırlar. Məsələn, Lukaşenko səfirlərin geri çağırılmasına belə reaksiya verdi: “cəhənnəmə ki”, yəni “olacaqsa olsun, bitsin artıq, bezmişəm”. Bu bir az məntiqi yanaşmadır, yəni artıq başa düşüb ki, sədri olduğu Avropanın ən böyük kolxozunun sonu çatıb. Çox güman ki, orada Liviya və Suriya variantları olmayacaq, Rusiyanın səssizliyi, fonunda dinc şəkildə demokratiyaya keçəcəklər.
Bəli, göründüyü kimi, Qərb Belarusda demokratiyanın bərqərar olunmasında mümkün vasitələrdən yararlanmaqdadır. Əgər sanksiyalar bu cür davam edərsə, Lukaşenko erasının sonu çatacaq. Çünki Belarus faktiki olaraq təklənəcək. Əlbəttə, bir neçə oxşar rejimlərin həmrəylik göstərəcəyini nəzərə almasaq…
Təbii ki, belə rejimlərin başında daha amansız, despotik bir rejimin hakimiyyəti altında inləyən Azərbaycan gəlir.
Yapokratiya isə, yəqin ki, güzgüyə baxaraq, “Bura Belarus deyil” ifadəsinin necə səsləcəyini yoxlayır. Bəri başdan deyim ki, bu ifadəni pıçıltı ilə mən təkrar etdim, çox əcaib səslənir.
Başqa frazalar da, məsələn, “Belarus Avropaya çox yaxın idi”, “Belarus burdan çox uzaqdır” və yaxud səslənməsinə heç ümidim olmadığı “Lukaşenko diktator idi” isə tamamilə, özünüifşa kimi səslənəcək.
Çox güman ki, tezliklə, Belarus xalqı demokratiyaya qovuşacaq, Lukaşenkosuz bir dönəmə qədəm qoyacaq və daha bir diktatura tarixə qovuşacaq.
Növbəti diktatorun yola salınması bir də ona görə aktualdır ki, ondan alacağımız var.  
Ötən il prezident Ilham Əliyev Belarusa, demək olar, faizsiz növbəti 300 milyon kredit ayırdı, buna qədər isə 200 milyon ayırmışdı.
Vətəndaşlarına təxminən 10-15 dəfə artıq faizlə kredit verən iqtidar heç bu addımını əsaslandırmağa belə lüzum görmədi. Ermənistanla müharibə başlayacağı tədqirdə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü kimi Emənistana hərbi yardım edəcək bir ölkəyə niyə yardım edildi? Əlbəttə, rejim həmrəyliyi, şəxsi biznes maraqları, demokratiyaya dirənişə yardım, başqa nə ola bilər ki?!.
Azacıq Vətən, millət, torpaq sevgisi olan istənilən iqtidar nümayəndəsinin, buraxın etiraz etməsini, heç sifətində xəfif bir qızartı da hiss etmədik.    
Bu zaman isə Qarabağa görə Ermənistanı dövlət kimi tanımayan və müharibə başlayacağı təqdirdə Azərbaycana yanında olacağını vurğulayan Pakistan təbii fəlakət yaşayırdı. Bizim arxamızdakı iki dövlətdən biri olan Pakistana heç 3 milyon da yardım edilmədi.
Iqtidar ən azı Qarabağa, Xocalıya sayğı və sevgisini bu cür sübut etməli idi…
P.S. Bu günlərdə “Qafqazinfo”da bir məqaləyə rast gəldim, müəllif Elşən Musayevi, deyəsən, Taksim yürüşünə aparıblarmış, o da qayıdıb təəssüratlarını bölüşüb. Xocalıya ədalətdən bəhs olunur, ucuz sarkazmla başlayaraq, sonda müxalifəti öz aləmində “yıxıb, sürüyür”.  …Illərdir bu yürüşü sadə xalqla müxalifət edirdi, bu il iqtidar fəal şəkildə bizə qoşuldu deyə, bizi dar ağacınamı aparmaq istəyirsən?  …Kaş ki, Belarusla Pakistanın fərqindən, Azərbaycan adlı ailə şirkətindən, dirilərimizə edilən zülmdən də yazmağa cəsarətin olsaydı, tosunum!