Quba üsyanının yatırılması üçün əldən-ayaqdan gedənlərdən biri də bu rayonun deputatı Vahid Əhmədov oldu. “Azadlıq” radiosunun videokadrlarında onunla bağlı bir epizod var. Diqqətlə baxdıqda Vahid müəllimin çox əndişəli, həyəcanlı olduğu, rənginin qaçdığı hiss olunur. Narazı kütləyə havadan öpücüklər göndərir və durmadan “xahiş edirəm, dağılın, məni pis vəziyyətdə qoymayın, məni də fikirləşin” deyə acizanə xahişlərdə bulunur.
Bu sözlərdə, bu yalvarışda Azərbaycanda saxta millət vəkilliyinin əsl mahiyyəti, gerçək üzü gizlənir. O vurhavurda, basabasda belə, bir deputat “pis vəziyyətdə qalacağından” narahatdır, qorxur. Kimsə soruşmur: kimin yanında pis vəziyyətdə qalacaqsan? Sən pis vəziyyətdə qalmaqdan qorxursan, bəs həmin günədək camaatın pis vəziyyətdə olmasına təpkin, etirazın, münasibətin hanı?
***
Dünənsə Vahid Əhmədovun “mediaforum”a müsahibəsini oxuyuram. Asan suallara adamda təbəssüm yaradan cavablar verir. Məsələn, deyir ki, rayondakı narazılıqlardan çoxdan xəbərimiz vardı. Çox gözəl. Çox pakizə. Bəs bu günədək Milli Məclisin hansı iclasında o narazılığı dilə gətirdin? Icra başçısının əməllərini nə vaxt Milli Məclisin tribunasından el-aləmə car çəkdin? Nə vaxt qubalıların haqq səsi oldun, nə vaxt onların dərdinin, hisslərinin tərcümanı oldun? O gün səni pis vəziyyətdə qoymamasını acizanə xahiş etdiyin camaatın pis vəziyyətindən nə vaxt danışdın bu günədək?
Vahid müəllim deyir ki, üsyan günü o da, Ziya Məmmədov da ölümdən dönüb. Həmin an hər şey baş verə bilərmiş. Indimi başa düşürsünüz bu ölkədə hər an hər şey baş verə biləcəyini? Illərdir boğazımızı yırtırıq burdan, illərdir yazıb dururuq ki, qurtarın bu özbaşınalığı. “Durdurun bu çirkin, iyrənc gedişatı. Bu talanlara, bu yalanlara son verin. Bunca zülm yetər. Bunca istibdad yetər. Bunca istila yetər” yazırıq.
“Yoxsa bədəli ağır olacaq yazırıq. Heç nə cəzasız qalmayacaq yazırıq. Almayın məzlumun ahını, çıxar ahəstə-ahəstə” yazırıq.
“Bu ölkədə hüquqa, ədalətə, həqiqətə yazdığınız quyulara bir gün gələcək, özünüz düşəcəksiniz” yazırıq.
Amma reallıq hissini o qədər itirmisiniz ki…
Neftdən gələn pullar bir ovuc adamın gözünü elə örtüb ki…
Hakimiyyətin əbədiliyinə özünüzü elə inandırmısınız ki, yazılanların, deyilənlərin biri zərrəcə tükünüzü tərpətmir.
Və gün gəlir, xalqın qəzəbi, öfkəsi ilə qarşı-qarşıya qalırsınız, ölüm qorxusunu dadır və təəccüblənirsiniz.
Oysa, təəccüblü olan sizin indiyədək işlərin bu yerə gələcəyini hesablaya bilməməyinizdir. Heç olmasa, ərəb dünyasında son baş verənlərdən nəticə çıxarmamağınız, dərs almamağınızdır.
***
Vahid Əhmədovun ən gülməli açıqlamalarından biri də Ilham Əliyevin guya, xalqa atəş açmamaq əmri verməsidir. Mən hamam suyuyla özünə dost tutmağın hər variantını görmüşdüm, amma beləsinə ilk dəfə rast gəlirəm, bu nəsə yeni üsuldur. Bu nə məntiqdir axı? Bəlkə atəş də açılmalıydı?
Görün nəylə minnət qoyurlar boynumuza – Ilham Əliyev atəş açmaq əmri verməyibmiş! Sağ olsun, var olsun, allah razı olsun, allah ömrümüzdən kəsib ömrünə calasın. Necə humanistmiş! Necə incəqəlbli imiş! Qədrini bilək, əlini öpək, yataq-duraq dua edək.
Vahid Əhmədov doğrudanmı, elə hesab edir ki, camaat çörəyi qulağına yeyir, onun az qala, “böyük humanizm” kimi bizə sırımağa çalışdığı bu cəfəngiyyata inanır? Adamdan soruşmazlarmı, atəş açılmayacaqdısa, o boyda Daxili Qoşunları, Çevik Polis Alayını niyə tökmüşdülər Qubaya? Gül iyləməyə? Bəlkə alma yeməyə?
***
Deputatın müsahibəsində mənə çox komik görünən bir məqam da var, onu da yazım, söhbəti bitirək. Sitat: “Cənab prezident kimisə icra başçısı vəzifəsinə təyin edəndə deyir ki, gedin camaatla dil tapın, işləyin, problemləri həll edin”.
Əvvəla, möhtərəm kimisə icra başçısı təyin edəndə onlara doğrudan da “gedin, camaatla dil tapın, işləyin, problemləri həll edin” deyirsə, bəs özü niyə xalqla dil tapmır? Özü niyə xalqla iç-içə deyil? Özü niyə xalqla danışmır? Özü niyə xalqa açıq deyil? Niyə xalqın iradəsini tanımır, məsələn, seçilənləri parlamentə buraxmır, öz seçdiklərini ora təyin edir?
Ikincisi, Ilham Əliyev kimisə icra başçısı təyin edəndə onlara hansı öyüdlər verir, bizə maraqlı deyil. Bizə maraqlı olan odur ki, ümumiyyətlə, əlahəzrət Rauf Həbibov kimiləri niyə icra başçısı təyin edir?
Buyursun, Vahid müəllim bu sualların da cavabını versin.

Vahid Əhmədovun cavab verməli olduğu başqa suallar
•
•