Təzəxan Mirələmlinin ələm və nəşə dolu yolu…
Onun fotosu ötən il müxalifətin keçirdiyi “2 aprel” mitinqinə qarşı hakimiyyətin aqressiyasını göstərən ən parlaq nümunədir. “2 aprel”in ertəsi gün onun fotosu bizlərin əlinə düşəndə xeyli tərəddüd etməli olmuşduq: az qala, gözü çıxmaq həddinə qədər şişmiş, əzilmiş, göyərmiş fotonu yaymaq “Ərəb baharı”nın təsirilə küçələrə axışan insanları qorxudacaqmı, yoxsa bu foto rejimə qarşı antipatiyanı, səfərbərliyi daha da gücləndirəcəkdi?
Həmin fotolar yayıldı. Insanları bilmirəm, ancaq vəhşicəsinə döyülməsi, bir həftədən çox xəstəxanada yatması Təzəxan Mirələmlinin özünü doğru bildiyi yoldan sapdırmadı. Onun gözünü kor etmək istədilər, ancaq bu göz öz sahibi kimi minlərlə mübariz insan üçün hələ də işıq saçmaqdadır.
Onun adını indi qəzet oxuyanların, ictimai-siyasi proseslərlə maraqlananların mütləq əksəriyyəti tanıyır. Bir ildir ki, bu insan Azərbaycan hakimiyyətilə gərgin ölüm-dirim savaşı aparır.
Demək olar ki, hər ay müxtəlif bəhanələrlə saxlanılaraq polisə aparılan, bir ilin içində bir neçə dəfə inzibati qaydada həbs olunan Təzəxan Mirələmli çiynində ən ağır yük daşayan azərbaycanlılardandır. “2 aprel” məhbusları arasında əslində, onun oğlu Vasif də var. Məktəbli Vasif atasının siyasi mövqeyinə görə tənələrə tuş gəldi və yaramaz siyasi intriqaların qurbanına çevrildi. Hazırda Təzəxanın oğlu da, atası da həbsdədir. Onların hər ikisi məhz Təzəxana görə həbsxana həyatı yaşayır.
Hələ bunlar hamısı deyil… Onu işlədiyi məktəbdən də qanunsuz olaraq çıxarıblar, dərs deməkdən məhrum ediblər. Baş verənlər bununla da bitmir. Bir ildir ki, Təzəxan bəyin ikinci oğlu da tədris prosesindən uzaqlaşdırılıb, məktəb üzü görmür.
Bir insan bu qədər müşkülə necə tab gətirə bilir axı? Mən bunu onun özündən soruşdum. “Əlbəttə, asan deyil” deyir, Təzəxan bəy. Bununla belə, tez də əlavə edir ki, baş verən ailə faciəsini qınına çəkilərək qarşılamaq, təslim olmaq kimi xüsusiyyətlər onun həyat kitabında yoxdur: “Hər şey mənim deputatlığa namizəd olduğum günlərdən başladı. Kərəm Həsənovun qardaşı (Malik Həsənov) da namizəd idi. Mən imza vərəqələri götürəndə artıq təkliflər gəldi. Elə təkliflər idi ki, onun qarşısında dayanmaq asan sayılmaz. 80 min manat verirdilər, tərəddüdsüz ”yox” dedim. Sonra hədələr başladı. Və “2 aprel” hadisələri məndən qisas almaq üçün onlara fürsət verdi…”
Geniş ictimaiyyət onu yeni tanısa da, Təzəxan Mirələmli bir gündə yetişməyib, onun mübarizə dolu keçmişi var. Veteran cəbhəçilərdəndir. Tələbəliyi xalq hərəkatının qızğın dövrlərinə düşüb. Ilk gündən AXC sıralarına yazılıb və bütün kütləvi aksiyaların iştirakçısı olub. BDU-da oxuyan gənc Təzəxan 1992-ci ildə könüllü dəstələrə qoşularaq Qarabağ döyüşlərində də iştirak edib.
Mübarizədən hələ nəsibini almasa da, Təzəxan Mirələmli özünü “yorğun demokrat” saymır: “Mübarizədə nəticə önəmlidir. Ancaq hər şeyi də nəticəyə görə hesablamaq olmaz. Bu gün mənim fəaliyyətim nələrisə əldə etməyə görə deyil, daha çox ədalətin yerbəyer olması üçündür. Mən düz bildiyim işləri görürəm. Bu, mənim təbii reaksiyamdır. Vicdanımın tələbidir”.
Təzəxan Mirələmli deyir ki, ailəsinin üzləşdiyi çətin günlərdə ona ən böyük dayaq elə inandığı ideyalar, tutduğu yol olub: “Çox ağır günlərimdə mən öz arxamda cəbhəçi dostlarımı gördüm. Onların maddi və mənəvi dəstəyi hesabına bu gün də ayaqdayam. Bu cür avtoritar rejimdə bütün mübarizə aparan adamların yaxınları ilə problemi olur. Bəzisi qorxur səninlə yaxınlaşmağa, bəzisi ”irəli gedə” bilmədiyinə görə sənə düşmən kimi baxır və s. Mənim də bu cür yaxınlarım çoxdur. Bunları təbii qarşılayıram”.
Oğlunun həbsindən sonra Təzəxan Mirələmli daha alçaq və sərt bir imtahana çəkilir. Hökumətə yaxın birisi ona “xeyirxah” bir təkliflə müraciət edir: “Dedilər ki, ”Lider” telekanalına çıxmalıyam və orada baş verənlərin hamısının Əli Kərimlinin məkrli niyyəti olduğunu deməliyəm. Bu təklif bir neçə dəfə gəldi. Bunu oğlum Vasifə də həbsxanada görüşərkən dedim. Bir cümlə ilə cavab verdi ki, ata, bu, kişiyə yaraşan hərəkət deyil, mənə görə heç kimə güzəştə getmə. Oğlum mənim yoluma, apardığım mübarizəyə bələd idi. Ancaq düzü, ondan bu qədər konkret mövqe gözləmirdim. Çox təsirli bir hadisə idi. Bu, məni xeyli gücləndirdi”.
Təzəxan Mirələmlidən mühacirətə getmək barədə düşünüb-düşünmədiyini soruşuram. Cavabı isə belə olur: “Heç vaxt belə bir fikrim olmayıb. Mən heç yerə gedən deyiləm. Düşünürəm ki, sona qədər bu rejimə dirəniş göstərən 20 adam qalacaqsa, onun biri mən olacağam. Bu, mənim şüurlu seçimimdir. Sonacan bu meydanda varam”.
Hazırda Təzəxan Mirələmlini bir məsələ narahat edir, amma bununla bağlı hələ də qüruruna sığışdırmadığından heç kimə kömək üçün ağız açmır: “Ikinci oğlum Vahid baş verənlərə görə bir il təhsildən kənarda qaldı. Məktəb rəhbərliyi açıq şəkildə bəyan elədi ki, onun orada təhsil almasına imkan verməyəcək. Çox istərdim ki, Vahidin normal və təhlükəsiz bir yerdə təhsilini davam etdirməsinə nail olum”.
Təzəxan Mirələmlini məhrumiyyətə düçar edənlər qulluq etdikləri ağalarından doyunca bəhrələnə biliblər. O deyir ki, işdən çıxarılmasını diqtə edən rayon təhsil şöbəsinin müdiri əvvəl icra başçısından fəxri fərman, sonra isə Ilham Əliyevdən “Tərəqqi” medalı alıb. “Yalançı təltiflər və adlar onsuz da tarixin zibil yeşiyinə tullanacaq”, – deyə əminliklə bildirir Təzəxan bəy və bizi də o günlərin uzaqda olmadığına inandırır.
Natiq


