Yaponların borcu və bizim borcumuz

saadet-cahangir-koseSəadət Cahangir

Keçən il beynəlxalq “McKinsey” şirkətinin hazırladığı borc siyahısına Yaponiyanın başçılıq etdiyini görəndə xeyli təəccüblənmişdim. Yaponiya ardınca da Irlandiya, Sinqapur, Portuqaliya… Ölkələri borcun milli gəlirə nisbəti əsasında sıralayan “McKinsey”in siyahısında (47 ölkə) Avropanın ən böyük iqtisadiyyatına malik olan Almaniya da 28-ci yerdə. Bunu görəndə ilk ürəyimdən keçən “biz hardayıq?” sualı olmuşdu. Harda olduğumuz indi-indi aydınlanır deyəsən…

Indi biz də artıq xaricdən alınan dövlət kreditlərinə görə rekord qırmağa başlayırıq. Biləsiniz ki, indi hər birimizin 765 dollar 50 sent borcu var. Manat məzənnəsi ilə ölkəmizin ümumi xarici dövlət borcu 11 milyard 486 milyon 600 min manatdır. Böyük dərddir. Borca görə Yaponiya və Almaniya kimi ölkələrin dərdini çəkməyə dəyməz ki. Onlar o kreditləri hansısa korrupsiya və ya mənimsəmə məqsədi ilə almayıblar axı. Alıblarsa, önəmli səbəbləri var və ondan ölkə böyük fayda götürəcək. Bizim halımız isə başqadır. Neft ölkəsi olaraq insanımız neft gəlirlərindən bir çöp də görmədi. Başdakı adamlar milləti uyuda-uyuda o gəlirləri havadaca “hopp” edib uddular. O gəlir deyilən şeydən yerinə nəsə gəlib çatmadı ki, baxıb görəsən ölkənin qazancından faydalanmaq necə olur. Axı dünyanın neçə neft ölkəsində illərin belə möhkəmlənmiş nümunəvi təcrübəsi var, bilirsiniz. Misal, Norveç və ərəb ölkələrinin təcrübəsi…

Ölkə başçısı “nefti unudun” demişdi çıxışlarının birində. Unutduq və elə duruma gəlib çıxdıq ki, ölkədə, az qala, hər kəs bir-birinə borcludur. Bu bəla fərdlərdən tutmuş müəssisələrə, təşkilatlara qədər bütün cəmiyyəti cənginə alıb. Bunun üstünə banklara olan borcları da əlavə etsək, faciənin miqyasını artıq özünüz düşünün. Hələ az deyilmiş kimi, xarici banklara olan borclar da bir yandan arta-arta gedir. Xülasə, ölkə batır, günümüzə ağı çəkib ağlayan yox. Bu yerdə deyərlər ki, “yaxşı, yumurtlamadın, yumurtlamadın, bəs falı neylədin?”.  Bəli, o neft milyardlarından bu millətə heç nə göstərmədiniz, göstərmədiniz, daha bu qədər xarici kredit borcu yığmaq nə idi? Kimin boynuna yükləyirsiniz bu borcları? O borclara bu qədər ehtiyac varsa, o şoulara, yarışlara, əyləncələrə xərclədiyiniz pullar nədir, bəs? Niyə bu biçarə xalqın haqqına girib, onun payına düşən gəlirləri həmin mənasız şoulara tökdünüz? Nədir sizin bu əyləncə marağınız, oyun həvəsiniz, bir bilsək.

Buna “isinmədim istisinə, kor oldum tüstüsünə” deyərlər. O qədər milyardların hardan gəlib, hara getdiyinə görə hesab verən yoxdur. Amma bank borcunu ödəyə bilməyən insanları ucdantutma həbs etməyə başlayıblar. Dünən oxuyuram ki, Göyçay məhkəməsi 4 uşaq atasına, ağır xəstəlikdən əziyyət çəkən 33 yaşlı Sədrəddin Vəliyevə 20 gün həbs cəzası kəsib.  Səbəb onun “Unibank”a 983,36 manat, “Bank of Baku”ya isə 4316 dollar məbləğində kredit borcu olmasıdır. Onun himayəsində 4 azyaşlı uşağı var, yoldaşı da işsizdir. Ailənin yeganə qazanc mənbəyi meyvə-tərəvəz təsərrüfatıdır. Əmin olun ki, bu hadisə ölkədəki, 2,5 milyon bank borcu olan şəxsdən hər birinin başına gələ bilər. Elə düşünməyin ki, yarıtmaz idarəçiliyi və talançılığı sayəsində ölkəni dalana dirəyən hökumət üzvləri bu duruma görə özlərini günahkar sayır. Xeyr, onlar nə özlərini günahkar sayır, nə də ölkəni saldıqları iqtisadi böhrana görə dövlətdən oğurladıqları milyardların üstünü pozmaq fikrindədilər. Onların niyyəti məlumdur. Yaranmış bütün bu acınacaqlı vəziyyətin yükünü xalqın boynuna yükləyəcəklər. Daha deyəcək bir şey yox, söz sizindir. Ya səsinizi çıxarıb “yetər” deyin, ya da boynunuz yük götürəcək yerə qədər davam edin, siz bilərsiniz.