Adda 28 may, əməldə 15 iyun

 

turmeAmnistiya qərarında da hökumətin xisləti özünü göstərir. Xeyli müddətdi rəsmi təbliğat millət vəkili Mehriban Əliyevanın amnistiya təşəbbüsü üzərində gəzişmələr edir.

Hüquq müdafiəçiləri, millət vəkilləri, hökumətin tərəfində olan bitərəflər bu amnistiya təşəbbüsünü humanizmin fontan vurması, insan haqlarına hörmət kimi təqdim etməyə çalışdılar və amnistiya aktnın dövlətin imicinə müsbət təsir göstərdiyini vurğuladılar. Biz əvvəlki yazılarımızda bu məsələyə geniş şərh vermişik. Yazmışdıq ki, insanların azadlığa buraxılması, məhbuslara daha bir şansın verilməsi müsbət addımdır, sevindiricidir. Amma onu da qeyd etmişdik ki, bu addım hökumətin humanizmindən yox, siyasi xal qazanmaq istəyindən, xərcləri azaltmaq zərurətindən doğub. Əks halda amnistiyaya şərlənərək, qondarma ittihamlarla həbs olunanlar da düşərdi. Amma maddələr elə seçilib ki, günahsızlığı sübut olunan adamlara şamil edilməsin. Ona görə də heç bir humanizmdən söhbət gedə bilməz.

Amma amnistiya təşəbbüsünü arxasında gizlənən səbəblər bununla da bitmir. Bildiyiniz kimi Mehriban Əliyevanın   “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciəti 28 May- Respublika Günü münasibətilə nəzərdə tutulmuşdu. Yəni, rəsmi müraciət amnistiya qərarının məhz bu əlamətdar tarixlə bağlı olduğunu göstərirdi.

Amma müzakirələr getdi, hazırılqlar başladı və amnistiya qərarının icrasına 15 iyundan başlanıldı. Onu da bilirsiz ki, 15 iyun Heydər Əliyevin Bakıya qayıtdığı gündür və hakimiyyət bu günü “Qurtuluş günü” kimi bayram edir.

Biz amnistiya qərarının icrasına məhz bu gün start verilməsini təsadüfi saymırıq. Hökumət yenə də imkan tapıb, öz xislətini, mahiyyətini, cılız yanaşmasını nümayiş etdirib. Məqsədli şəkildə planlaşdırılıb ki, məhbusların azadlığa buraxılması məhz “Qurtuluş günü” nə təsadüf etsin.

Yəni, təşəbbüs “Respublika günü” ilə əlaqədar olduğuna görə, yaddaşlarda belə də qala bilərdi. Ona görə də belə bir xatirənin legitimləşməməsi üçün, amnistiyanı da şəxsi təbliğatın mövzusuna çeviriblər. Bu rejimin özlərinin yaratmadığı əlamətdar günlərə qarşı qısqanclığı, ögey münasibəti var. Hətta amnistiya məsələsində də öz niyyətlərini, xislətlərini gizlədə bilmirlər.

Amnistiya təşəbbüsü adda 28 mayla bağlı olsa da, əməldə 15 iyunla bağlandı. Indi  xeyli sayda “humanizm mələyi” dilə gəlib, belə bir hadisənin “Qurtuluş Günü”nə təsadüf etməsini ikiqat bayram, mötəbər hadisə kimi dəyərləndirməyə başlayacaq.

Samir