MTN-in keçmiş şefinin videoşantajı davam edəcəyi təqdirdə hakimiyyətin onun və dəstəsilə daha sərt davaranacağı bildirilir
Bir neçə gündür ki, ölkə gündəmində əsas müzakirə mövzusu keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əlində ölkənin tanınmış şəxsləri və məmurlar barədə 2800 ədəd intim videonun olmasıdır. Dünən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Eldar Mahmudovun əlində olan kasetlərin bir qismi “Qarabulaq”da çəkilib.
Yəni, həmin videoları adam oğurluğu, qətllər və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum edilən DIN-nin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov çəkdirib. Hələ o zaman, yəni, Hacı Məmmədov həbs ediləndə belə məlumatlar yayılmışdı ki, MTN-in əlinə məmurlar haqqında ciddi kompramatlar keçib. Bunlar onların Hacı Məmmədova məxsus, Qusarda yerləşən “Qarabulaq” istirahət mərkəzində çəkilmiş intim videoları olub. Eldar Mahmudov və dəstəsi bu videolardan zamanında yararlanıb. Həmçinin “videokartateka”ya yeni çəkilişlər əlavə edib.
Redaksiyamıza daxil olan digər məlumatda isə bildirilir ki, videolar barədə məlumat dövriyyəyə buraxılandan sonra hakimiyyət daxilində ciddi narahatlıq yaradılıb. Hakimiyyət bunu Eldar Mahmudovun hədəsi kimi qəbul edir. Lakin bu hədənin qarşısında geri çəkilməyi də düşünmür. Məlumatda deyilir ki, bu şantaj davam edəcəyi təqdirdə Eldar Mahmudov və dəstəsi daha bir ağır ittihamla üzləşə bilər. Bu, vətənə xəyanətdir. Hələ ki, Eldar Mahmudov və dəstəsinə qarşı belə bir ittiham irəli sürülməyib. Amma artıq hakimiyyətin zirvəsində bu barədə düşünürlər. Bu ittihamla Eldar Mahmudov və dəstəsinin ən əsas fiqurları ömürlük azadlıqdan məhrum edilə bilər. Amma bir daha qeyd edirik ki, bu ittiham video şantajının davam edəcəyi təqdirdə irəli sürülə bilər. Əks təqdirdə istintaq indiki ittihamlarla kifayətlənəcək.



