Rauf Həbibov qubalıları torpağı satmaqda ittiham etdiyinə görə, 3 il azadlıqdan məhrum edilə bilər
Müzəffər Baxışov: «Müəyyən bir qrup icra başçısını onları vətənə xəyanətdə ittiham etdiyinə görə, məhkəməyə verə bilər»
Qubanın icra başçısı Rauf Həbibovun qubalıları təhqir etməsi rayonda əhalinin ayağa qalxması ilə nəticələndi. Qubalılar heysiyyatlarına toxunulduğuna görə icra başçısına qarşı sərt reaksiya verdilər. Icra başçısı Rauf Həbibov iclasların birində qubalılar barədə bunları deyib: “Qubanı qubalılar satıblar, biləsəniz. Qubanı qubalılar 30-40 manat bazarlığa satıblar. Qubalılar tərəfindən, nankor qubalılar tərəfindən satılıb. Baxın, görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz torpağını satıb, həm öz ailəsini satıb. Gedib ağzına gələni danışır, nə var ki, onun evinə 30-40 manatlıq bazarlıq gətirəcəklər”.
Bəs icra başçısının söylədiklərində hər hansı cinayət məsuliyyəti varmı?

Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, R.Həbibov çıxışı zamanı konkret ad, ünvan adı çəksəydi, o zaman icra başçısını yalan məlumat yaymaq, adlarını çəkdiyi şəxslərin şərəf və ləyaqətini təhqir etmək maddəsi ilə məsuliyyətə cəlb etmək olardı. Icra başçısının qubalıların torpaq satmaqla bağlı ittihamının xüsusi ağır cinayətlər kateqoriyasına aid edildiyini deyən M.Baxışov vurğuladı ki, belə hallarda Cinayət Məcəlləsinin 147.2 maddəsi ilə onu məsuliyyətə cəlb etmək olardı. Amma yaranmış situasiyada da, ad çəkilmədiyi halda da icra başçısına qarşı hüquqi müstəvidə mübarizə aparmaq olar: “Bunun üçün qubalılar icra başçısının söylədiklərinin onların şərəf və ləyaqətlərini alçatdığını düşünürlərsə, müəyyən bir qrup xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2 maddəsini əsas tutaraq məhkəməyə müraciət edə bilər. Bu maddə ilə icra başçısı günahkar bilinərsə, onu üç ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Yadınızdadırsa, bir müddət əvvəl belə bir presedentlə üzləşmişdik. 147.2-ci maddəni əsas götürərək xocalılar xüsusi ittiham qaydasında Eynulla Fətullayevə qarşı məhkəməyə müraciət etmişdi. Icra başçısı da qubalıları ağır cinayətdə vətənə xəyanətdə, torpağı satmaqda ittiham edib”.
Hikmət


