Günəşin sponsoru

elnur-astanbeyliElnur As

elnurastanbeyli@gmail.com

Siz heç bu ölkədə kiminsə çıxıb yalanın yaxşı bir şey olduğu, yalan söyləməyin də gözəl bir iş olması barədə danışdığını eşitmisinizmi, ya da görmüsünüzmü? Yox? Ay sağ olun, heç mən də nə eşitmişəm, nə də görmüşəm.

Siz heç eşitmisinizmi, ya da görmüsünüzmü ki, bu ölkədə kimsə durub oğurluğun yaxşı əməl olmasından danışsın, desin ki, başqasının haqqını yemək, başqasının cibinə girmək, başqasının malına göz dikmək yaxşı işdir? Yox? Ay sağ olun, heç mən də nə eşitmişəm, nə də görmüşəm.

Bu ölkədə kimi dindirsən yaltaqlığın iyrənc, idbar bir əməl olduğundan danışacaq, haqqı nahaqqa verməməkdən basıb-bağlayacaq.

Açın atalar sözləri kitablarını, nə deyilir orda? Deyilir ki, “Doğruya zaval yoxdur, çəksələr min divana”. Deyilir ki, “doğru sözdən xəta gəlməz”. Deyilir ki, “doğru söz dəmiri dələr”. Deyilir ki, “düz sözə boynum qıldan nazikdir”. Deyilir ki, “yalanla dünyanı gəzmək olar, qayıtmaq olmaz”.

O zaman soruşmaq istəyir adam: yalanın, oğurluğun hər kəsin gözündə pis, nalayiq əməl olduğu, hər kəsin yalana, oğurluğa pis bir iş kimi baxdığı ölkədə yalan və talan necə bu qədər dərin kök ata bilir? Yalan necə ayaq da açır, yeriyir də? Talan necə adi həyat normasına çevrilir?! Necə axı, necə?

Nə ilə izah etməli bu təzadı? Nə ilə axı, nə ilə?!

Azərbaycan tarixinin heç bir dönəmində həqiqətsizlik və ədalətsizlik toplumun iliklərinə bu qədər işləməyib. Tarixinin heç bir dönəmində yalançılıq və yağmaçılıq Azərbaycanda özünü indiki kimi rahat və güclü hiss etməyib. Tarixinin heç bir dönəmində bu ölkədə həqiqətə bu qədər nifrət bəslənilməyib, doğrulara qarşı bu qədər dözümsüz davranılmayıb. Tarixinin heç bir dönəmində bu ölkə bir ağac kimi öz içindən bu qədər yeyilməyib – idarəetmə tərzinə çevrilən, bir növ leqallaşdırılan, legitimləşdirilən korrupsiyanın, əliəyriliyin sayəsində!

Və hər kəsin qəlbində doğruya sevgi, həqiqətə məhəbbət bəslədiyi, oğurluğu lənətlədiyi, halallığa giriftar olduğu bir toplumda bu ortam necə yetişdi?

Necə oldu ki, yalan üz qızartmamağa başladı?

Necə oldu ki, oğurluqla, əliəyriliklə var-dövlət, sərvət, lüks həyat sahibi olmaq fərasət əmsalına çevrildi?

Necə oldu ki, yalana qarşı dirəşmək, həqiqəti söyləmək, talana qarşı olmaq Don Kixotluq kimi qəbul edildi?!

Inanın, günümüzdəki Azərbaycanla bağlı ən önəmli, ən vacib suallar bunlardır. “Formula-1″ə nə qədər xərcləyiblər? AVRO-2016-ya sponsor olmaq adı ilə nə qədər neft pulunun başına daş salıblar? Avropa Oyunları kimi mənasız tədbir neçəyə başa gəlmişdi? Bu və bunun kimi sualları səsləndirmək, əlbəttə, lazımdır, ancaq ondan əvvəlki sualların cavabı olmayınca, o suallar hər birimizi düşündürmədikcə, narahat etmədikcə, cavabsız qaldıqca digərlərinin elə də böyük anlamı yoxdur.

Yalan və talanın pis əməl olduğuna inanan, bu əməllərin müdafiə ediləcək tərəfinin olmadığına qənaət gətirən bir toplum yalan və talana bu qədər asanlıqla əsir düşür, yalan və talan qarşısında bu qədər səssiz, təpkisiz qalırsa, ölkəni idarə edənlərin büdcə pullarını öz istədikləri kimi xərcləməsindən təbii heç nə yoxdur.

Yalanın, talanın leqallaşdığı, legitimləşdiyi, normaya çevrildiyi bir ortamda artıq hər cür absurdu  gözləməyə dəyər. Hətta bir gün çıxıb deyərlər ki, bundan sonra Günəşi də biz maliyyələşdirəcəyik. Ki, yerə daha çox işıq və istilik yaysın.

Bunun üçün lap belə “Azərigünəş” Qapalı Səhmdar Cəmiyyəti də yaradarlar, nə deyə bilərik ki?!